Bir nəfər də cəbhəçi qalmasın

Artıq 19 ildir ki, atəşkəs rejimində yaşayırıq. Şəhid olan əsgərlərimizin sayına baxsaq, atəşin bir gün də kəsilmədiyini görərik. Ancaq məqsədim atəşkəsi müzakirə etmək deyil. Sadəcə atəşkəsin niyə tətbiq olunduğunu indi-indi anlamağa başlamışam. Bu hakimiyyət üçün 2 cəbhə var. Bir ermənilərlə döyüş cəbhəsi, bir də daxildəki müxalif cəbhə. Iki cəbhədə eyni anda döyüşmək çətin olduğundan, cəbhələrin birində atəşkəsə ehtiyac var idi. Hakimiyyət də ermənilərlə atəşkəs rejiminə keçməyi üstün tutdu.
Son günlər cəbhəçi dostlarımız – gənc fəallar Türkel Əlisoy, Rahib Hacıyev, Orxan Carçı, Əbülfəz Qurbanlı və başqaları məhkəmələrin, polis idarələrinin fəxri qonağına çevriliblər. Sanki hakimiyyət “bir nəfər də cəbhəçi qalmasın” şüarı ilə fəaliyyətə başlayıb. Hakimiyyət müxalif fəalların nəinki varlığına, hətta onların üzərində gəzdiyi xalçaya, istifadə etdiyi kompüterə, yemək yediyi boşqaba da nifrət eləyir. Rejimin bizlərə olan nifrəti yalnız ona görə deyil ki, biz onların korrupsioner mahiyyətini ifşa edirik, istefasını tələb edirik, həm də ona görədir ki, hakimiyyət heç bir maddi qarşılıq, vəzifə təklifləri ilə insanları satın ala bilmir. “Hər kəsin bir qiyməti var” təfəkkürü ilə yaşayan yapokratlar, bu “ideyanın” iflasa uğradığı üçün bu qədər əsəbidilər.
Bu hakimiyyət Əli Kərimlinin əli ilə Elçibəyi zəhərləyən… cəbhəçilərin əli ilə qəbir daşlarını dağıdan… təfəkkürün daşıyıcısıdı. Sabah Azərbaycan televiziyaları Zaqataladakı zəlzələnin, Sabirabaddakı Kür daşqınlarının, bu il qışın sərt keçməməsinin, qar yağmamasının günahkarı kimi Əli Kərimlini ittiham etsələr, təəccüblənməyin.
Hakimiyyət artıq şər-böhtan istehsal edən “zavod” kimi fəaliyyət göstərir.
Bu “orijinal ideya” müəlliflərini dünyaya tanıtmaq lazımdı. Bu adamaların “ixtirası”, “Amerikanın kəşfində Tusinin böyük rolu olub” deyənlərin ixtirasından kiçik deyil.
Cəbhəçi gənclərə qarşı son hücumlar onu göstərdi ki, hakimiyyətin bütün resursları vicdan, ləyaqət anlayışları qarşısında əriyib yox olur. Sıravi, mübariz bir gəncin sahib olduğu dəyərlərin qarşısında, bu rejim çox kasıb görünür.
Müşavirənin “bəhrəsi”
Ölkə başçısının son müşavirədəki çıxışından sonra bəzi adamlar nəticənin bəhrəsini gözləyirdi. Hətta bəziləri icra başçılarının vəzifəsindən azad olunmasını islahatın başlanğıcı kimi görürdü. Əslində isə bu, “çürük meyvə”lərin dərilməsi idi.
“Azadlıq” qəzetinə gələn rəsmi sənəd isə müşavirənin “bəhrə” verdiyini sübuta yetirdi. Bayram münasibətilə sahibkarlara göndərilən rəsmi müraciət “islahatın” başlanğıcı oldu. Dünənə qədər sahibkarlara hədə ilə “haqq” qoyan məmurlar artıq rəsmi şəkildə müraciət etməyə başlayıblar.
Ümid edək ki, növbəti bayramlarda elektron müraciətə başlanılacaq. “Durma ver” kampaniyası mədəni formada inkişaf edir.
Varlı Ermənistan
“Azadlıq” qəzetini məhkəməyə verənlər, 62000 manatlıq uduş elədilər. Qəzet isə bu məbləği ödəmək gücündə deyil. Bütün məhkəmələrin qəzetin çöküşünə hesablandığını, qəzetə dəstək gərək olduğunu ifadə etmək üçün mətbuat komfransı keçirildi. Hakimiyyətə yaxın olan qəzetlər isə bunu “Azadlıq”ın Ermənistandan maliyyəsi kəsilib” kimi ifadə elədilər. Ümumiyyətlə, dünyada erməni faktorundan bu hakimiyyət qədər istifadə edən ikinci bir şəxs və ölkə yoxdur.
Həmişəki kimi arqumentləri bumeranq effekti verən hakimiyyət yenə də öz dediyini təkzib etdi. Illərdir “Ermənistan acından ölür”, “Erməni xalqı acından ölkəni tərk edir” tipli xəbərlər yaymağınız nədir, ermənilər AXCP-ni, “Azadlıq”ı maliyyələşdirir deməyiniz nə?
Biryolluq qərar verin: ermənilər varlıdı, yoxsa kasıb?
Fantaziyanız tükənibsə, ideya verə bilərik.