Diktaturaların anlamadığı yeni sosiologiya dərsi
Hakimiyyət bütün ölkə boyu müxalifətə hücum edir. Bunu həm də qəsdən çox aşkar şəkildə həyata keçirir. Telekanallarda cəbhəçilərin guya, qəbir daşlarını uçurduqları barədə məlumatlar verirlər. Təbii ki, qərəzli və vicdansız telekanallar da bunu birtərəfli qaydada işıqlandırırlar.
Əslində, bu məsələlərdə müxalifətin özünü müdafiə etməyinə ehtiyac yoxdur. Hakimiyyət dirilərə elə divan tutmayıb ki, ölülər yada düşsün. Xalq onsuz da bilir ki, bütün bu olanların başında Əliyevlərin iqtidar maraqları durur. Məsələnin bu tərəfi o qədər aydındır ki, başqa arqument və ya fakta ehtiyac yoxdur. Tək sual budur ki, seçki ilində hakimiyyət bu cəsarəti hardan alıb?
Kürü üzlü AŞ PA
Avropa Şurası Parlament Assambleyasının ötən sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hazırladığı qətnamə layihəsi qəbul olunmadı. Hakimiyyət bu sənədin qəbul olunmaması üçün əlindən gələni eləmişdi. Kürü, pul, yalvarışlar… işə yaramışdı.
Dünyada Əliyevlər hakimiyyətinin davam etməsini istəyənlər də təbii ki var. Onların marağı sadəcə, əfəl və aciz hakimiyyətdən faydalanıb daha çox varlanmaqdır. Hakimiyyət bu sınaqda həm özünün bağışlanmaq imkanlarını yoxladı, həm də loru dillə desək, Qərb dairələrini yenidən dişinə vurdu. Istədiyi nəticə alınandan sonra isə daha da irəli getməyin mümkünlüyünü anladı. Irəli getmək isə Ismayıllı məhbuslarından tutmuş, AXCP və “Azadlıq” qəzetinə basqılara qədər son olaylardır.
Hakimiyyətin ölkədəki hadisələrin sosiologiyasından xəbərsiz olması onun əvvəlki illərdəki kimi, xalqın AŞ PA-da verilən qərarlardan təsirlənəcəyini düşünməsidir. Ötən bir il ərzində Azərbaycan ictimai rəyində AŞ PA dedikdə insanların gözündə rüşvət və Mövlud Çavuşoğlu kimilər canlanır. Buna görə də indi xalq etiraz edərkən onun hərəkətinə hansısa səfirliyin və ya beynəlxalq qurumun reaksiyasını düşünmür, gözləmir. Onlar hakimiyyətin güddüyü tarazlıqların əksinə, özləri öz taleləri barədə qərar verirlər.
Hakimiyyət AŞ PA-da qəbul edilən qərarın nəticələrini doğru qiymətləndirə bilmədi. Məsələn, dərhal siyasi məhbusları azadlığa buraxmaqla reputasiyasını düzəltməyə cəhd edərək, onu bir daha əfv etməyin işə yarayacağını ortaya qoymalı idi. Amma hakimiyyətin tutduğu bu cür repressiya yolu həm xalqın qəzəbini artırır, həm də artıq kürübaz deputatların sonuncu arqumenti olan “bir şans verək, bəlkə ağıllandı”nı yerlə bir edir.
Misir klassik eranın son qalası idi…
ABŞ və Israil Misirin keçmiş hökumətini dəstəkləyirdi. Hətta etirazların ilk günlərində də bu dəstək bəyanatları səslənirdi. Amma bir neçə gün sonra Mübarək Misirə nəzarət edə bilmədi və bunun nəticəsində Ağ ev mövqeyini dəyişməyə məcbur oldu. Bütün səviyyələrdə onlar açıq-aşkar Misir xalqını dəstəklədiklərini dedilər. Dünya öz gözləri ilə gördü ki, dünyanın super gücü, ən uzun ömürlü diktaturanı (Mübarəkin xalqı əzib yox etdiyi düşünülürdü) dəstəkləyəndə də, xalqın ayağa qalxması hər şeyə son qoya bilər.
Xalqlar öz azadlıqlarını qazanacaq, öz sistemlərini quracaqlar. Insanların yaşamaq haqqı üzərində qurulan səltənətlərin kərpic-kərpic deyil, kökündən uçduğu bir dövrdəyik. Bu artıq virtual inqilablar erasıdır və böyük mənada xalqlar üçün çox ciddi imkanlar yaradır. Hakimiyyətlər isə özlərinin ya mahiyyətcə dəyişmələrinə razı olmalıdır, ya da onların başqası ilə əvəzlənməsi şübhəsizdir.
Suriya kimi təskinlik…
Ilham Əliyevin məsləhətçiləri həm də ona görə onu belə aqressiyaya səvq edirlər ki, Suriyada mübarizənin uzanmasını dünyanın artıq demokratikləşməni dəstəkləməməsi kimi təqdim edə bilirlər. Amma hakimiyyət unudur ki, Yaxın Şərqdə demokratikləşmə həm də qapalı sistemlərin xaç atası olan Çinlə mübarizə kontekstində gediləsi alternativsiz olan bir yoldur. Bir sözlə, hakimiyyət ağıllı tərpənib, Suriyanı örnək almamalıdır. Çünki orada elə də xoş olaylar yaşanmır…