Elə bir yerdəyik ki, hakimiyyət piramidasına başdan-ayağa ədalətsizlər oturub. Belə ölkədə hansı hadisəni gözlənilməz sayırsınız? Bunu hər kəsdən yaxşı həmin rejimlə illərdən bəri dör-dör döyüşən Natiq Ədilov kimi qələm sahibləri bilər. Dünən onun qardaşını və dayısı oğlunu həbs ediblər. “Murada dəfələrlə demişdim ki, mənə görə sənin başına min bir oyun gətirə bilərlər, çünki son vaxtlar aramsız təhdidlər almaqdayam, sadəcə ictimai xofu gücləndirməmək üçün onları xəbər eləməyə qıymırdım… Lap günü sabah Muradın iki körpə qızını da götürün həbsə atın. Alınmayacaq… Zülmlə mübarizədə güzəşt yoxdur. Şümürlər, Yezidlər güclü ola bilər, ancaq ədalətsiz olduqlarına görə həmişə qarşımızda zəlil olaraq qalacaqlar”. Bunları FB səhifəsində Natiq yazıb…
Bəli, zülmlə mübarizdə güzəşt ola bilməz. Zalım nə qədər güclü, rejim nə qədər qəddar olsa da, haqsızlığa susmaq insanlığa xəyanətdir. Zorakı olmaq güclü olmaq demək deyil. Güc insanın ruhunun böyüklüyü, gözəlliyi və ölməzliyidir. Bunu da Natiq kimi ideallarının yolçusu olanlar yaxşı bilər. 1989-cu ildə Çinin Tinanmen meydanında uzun tank alayının qarşısını kəsən əliyalın gənci xatırlayın. Məgər onu zirehli tankların qarşısına çıxaran fiziki gücü idi?..
Dünyada bizimlə bənzər tale yaşayan çoxlu insanlar var. Repressiv rejimlərin hədəf aldığı bu idealist insanlara təzyiq metodlarına ailə qisasçılığı da daxildir. Məlum, bizimkilər belə qara nümunələri tez götürürlər. Çində uyğur türklərinin haqları uğrunda mübarizə aparan 11 uşaq anası Rəbiyə Kadirin taleyi uzun bir hekayətdir… Əri və özü ölkədən didərgin salınan Rəbiyə xanımın indi 2 oğlu həbsdə, 3 övladı ev dustaqlığındadır: “Vergidən yayınma ittihamı ilə ortancıl oğluma 9 il, ondan kiçiyinə dövlət çevrilişi ittihamı ilə 7 il həbs cəzası verildi. Digər 3 övladım da hələ evdə göz dustaqlığında saxlanır”.
2005-ci ildə Putin rejimi qalmaqallı bir qətlə imza atdı. Putinin qatı tənqidçisi olan, özü söylədiyi kimi “ona nifrət edən” cəsur jurnalist Anna Politovskayanı Moskvada evinin qarşısında güllələdilər – həm də Putinin doğum günündə… Annanı susdurmaq üçün övladlarına dəfələrlə sui-qəsd cəhdləri edilmişdi. Sonda onları qorumaq üçün Anna ayrılıb tənha yaşamağa qərar vermişdi. Bununla, geri çəkilməyəcəyini və ölümdən belə qorxmadığını bəyan etmişdi.
Elə həmin il Türkmənistanda “Azad Avropa” radiosunun müxbiri Ogulsapar Muradova da bənzər tale ilə üzləşmişdi. Jurnalistlik fəaliyyətinə görə övladlarının başına açmadıqları oyun qalmamışdı. Bunun da çıxış yolu olmadığını görən rejim onu həbs etdirmiş və xanım jurnalist az sonra başından aldığı zərbələr üzündən həbsxanada ölmüşdü.
Bunlardan daha təsirlisi isə Efiopiyalı jurnalist Serkalem Fassilinin başına gələnlərdir. Onu da hökumət əri ilə birlikdə jurnalistlik fəaliyyətinə görə həbsə atmışdı. Həbs zamanı hamilə olan Fassili oğlunu həbsxanada dünyaya gətirmişdi. Amma nə o, nə də jurnalist əri qələminə dönük çıxmamış, bu qədər təzyiqdən sonra da yollarına davam etmişdilər…
Indi bizdə vəziyyət bunların heç birindən yaxşı deyil. Son illərin statistikası hər şeyi açıqca göz önünə qoyur. Elə bir yerdəyik ki, hücumdan, təzyiqdən, həbsdən sığortalanmaq üçün haqsızlığa və təhqirə susmaq, əzilənin faciəsinə göz yummaq, çarəsizin harayına qulaq tıxamaq tələb olunur. Indi Azərbaycanda sakit yaşamaq üçün tələb olunan şey yalnız budur. Bu Natiq kimilərin, bizim yolumuz deyil. Bir də siz belə aşağılanmağa yaşamaqmı deyirsiniz?..

“Haqqa aşiq olan kişi…”
•