Müxalifət vahid mövqedən çıxış edə bilməsə…

Rəsul Quliyevin müdafiə komitəsinin toplantısında birlik istiqamətində təkliflər səsləndi

ACP liderinin hüquqlarının müdafiəsiylə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olundu
Dünən ACP lideri, “eks-spiker Rəsul Quliyevin hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın təşkilatçısı R.Quliyevin hüquqlarının müdafiə Komitəsi olub. Tədbiri giriş özü ilə açan komitənin sədri, VAMBP sədri, professor Hacıbaba Əzimov bildirdi ki, 17 ilə yaxındır R.Quliyev mühacir həyatı yaşamağa məcbur edilib.
H.Əzimov vurğuladı ki, müdafiə komitəsi R.Quliyevin hüquqlarının bərpası ilə bağlı tədbir iştirakçıları adından BMT-nin Insan Haqları Komitəsinə, Avropa Birliyinə, ATƏT-ə, Avropa Şurasına, Avropa Insan Hüquqları Ombudsmanına və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara müraciət etmək niyyətindədir: “Ölkədə yaranmış bu acınacaqlı durumda kim müxalifət mövqeyində durursa, demokratik düşərgə təmsilçilərindən kimin hüququ pozulursa, onun müdafiəsində dayanmalıdır. Əgər biz bu müdafiə işini qura bilməsək hakimiyyətin bu repressiya siyasəti artan xətlə davam edəcək. Bu baxımdan demokratik düşərgə bir olsa, hakimiyyət onunla hesablaşmağa məcbur olacaq”.
Daha sonra komitə üzvləri R.Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı çıxışlar etdilər.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, demokratik düşərgəni təmsil edən şəxslərin müdafiəsi Azərbaycanda normal cəmiyyətin qurulmasını istəyən hər bir şəxsin borcudur.
ALP sədri Əvəz Temirxan isə bildirdi ki, insanın yaşamaq hüququndan sonra ikinci vacib hüquq onun doğma ölkəsində yaşamağa imkan yaradılmasıdır. R.Quliyevin hər iki hüquqdan məhrum edildiyini deyən Ə.Temirxan vurğuladı ki, halbuki dövlət başçısı and içərkən “hər bir azərbaycanlının prezidenti olacağına” söz vermişdi.
Müdafiə Komitəsinin üzvü Ibrahim Ibrahimli vurğuladı ki, R.Quliyevin ölkəyə dönə bilməməsi siyasi məsələdir. R.Quliyevin baxışları ilə avtoritar hakimiyyətin baxışları üst-üstə düşmədiyinə görə ACP liderinin ölkədən mühacirət etdiyini deyən I.Ibrahimli vurğuladı ki, H.Əliyevlə R.Quliyevin neft strategiyaları bir-birindən köklü surətdə fərqlənirdi.
BAP sədri Elşad Musayev bildirdi ki, hazırda ölkədə elə şərait yaradılıb ki, tanınmış şəxslər mühacirət etməyə məcbur qalıblar.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə hesab edir ki, R.Quliyevin öz siyasi baxışları ilə H.Əliyevə qarşı durması, frəqli siyasət yürütməsi onu hakimiyyətin hədəfinə çevirib.
ADP sədrinin müavini Taliyət Əliyev isə çıxışında vurğuladı ki, R.Quliyevə qarşı irəli süülən ittihamların nə hüquqi, nə də siyasi əsası var: “Hazırda hakimiyyət oxşar problemləri AXCP sədri Əli Kərimliyə pasportu verməməklə, Müsavat başqanı Isa Qəmbəri əyalətlərə səfər etməyə buraxmamaqla digər müxalifət liderlərinə də yaradır. Bu bir daha sübut edir ki, müxalifət vahid mövqedən çıxış edə bilməsə, ölkədə köklü siyasi dəyişikliklərə nail olmaq mümkün olmayacaq”.
Müxalifətin birliyi ilə bağlı gedən müzakirələrə müdaxilə edən H.Əzimov vurğuladı ki, yaxın zamanlarda demokratik düşərgənin bir araya gəlməsini göstərən bir sıra mühüm addımların atılacağının anonsunu verdi.
ALDP sədri Fuad Əliyevin fikrincə, müdafiə komitəsi işini elə qurmalıdır ki, gələcək toplantılarda artıq R.Quliyevin namizəd olaraq seçkilərdə iştirakı ilə bağlı məsələlər müzakirəyə çıxarılsın.
Sabiq deputatlar Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova da çıxış edərək bildirdilər ki, R.Quliyevin ölkəyə dönüşü demokratiya uğrunda gedən mübarizəyə öz müsbət töhfəsin verə bilər.
ACP lideri Sülhəddin Əkbər son olaraq çıxış edərək R.Quliyevin müdafiəsi ilə bağlı qəbul olunan müraciətə Ziyalılar Forumundan Rüstəm Ibrahimbəyov və Eldar Namazovun da imza atdığını bildirdi. R.Quliyevin xaricdə də hüquqlarının müdafiəsi ilə bağlı ciddi iş apardığını deyən S.Əkbər vurğuladı ki, ACP liderinin Avropada siyasilərlə bir sıra mühüm görüşləri nəzərdə tutulub: “Azərbaycanda hazırda siyasi məhbus problemi aktualdır. Bunun səbəbi ölkədə kriminal hakimiyyətin olmasındadır. Bu situasiya ölkədə vəziyyət dəyişməyənə qədər davam edəcək. Situasiyanın dəyişməsi, ölkədə köklü, demokratik islahatların aparılması üçünsə demokratik qüvvələrin bir araya gəlməsi gərəkdir”.

Xəyal