“Azadlıq”a qarşı basqılara sərt beynəlxalq təpki

“Azərbaycanın ən populyar qəzeti hazırda bağlanmaq təhlükəsi ilə üz-üzədir”

“Human Rights Watch” təşkilatı “Azadlıq” qəzetinə qarşı hakimiyyətin təzyiqlərini kəskin şəkildə pisləyir. Bu barədə təşkilatın Avropa və Asiya üzrə director müavini Reyçel Denber bildirib.
Denber “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində deyib ki, hakimiyyət yüksək məbləğli cərimələrlə qəzeti boğmaq istəyir. Buna görə də beynəlxalq aləmin bu məsələ ilə bağlı çox sərt mövqedən çıxış etməsi vacibdir.
Denber qeyd edib ki, hazırda qəzetə qarşı iddia qaldıran şəxslər Avropa Məhkəməsi standartlarına görə ictimai tənqidə dözümlü olmalıdırlar. Dövlət məmurları diffamasiya işləri ilə bağlı məhkəmə iddiası qaldırmamalıdırlar. Üstəlik, diffamasiyaya görə, cərimələr bu qədər yüksək olmamalı, ifadə azadlığını boğmamalı və dəyən zərərə adekvat olmalıdır. “Azadlıq”a qarşı isə dövlət məmurlarından biri qəzeti tamamilə məhv edə biləcək məbləğdə cərimə iddiası qaldırıb.
“Azərbaycanın ən populyar qəzeti hazırda bağlanmaq təhlükəsi ilə üz-üzədir. Müstəqil jurnalistlər isə tənqidi materiallarına görə təqib və hədələrə məruz qalır. Belə bir vəziyyət Avropa Şurasının üzvü olan bir ölkə üçün yolverilməzdir”, – deyə Denber vurğulayıb.

“Human Rights Watch” təmsilçisi deyib ki, Azərbaycan hakimiyyətinin fəal beynəlxalq dəstək axtardığı və “Eurovision”, Qlobal İnternet Forumu kimi böyük beynəlxalq tədbirlər keçirdiyi vaxtda mətbuata bu cür basqılar etməsi təəccüb doğurur.
“Bu cür hücumlar ölkənin beynəlxalq imicini məhv edir. Ona görə də beynəlxalq qurumlar Azərbaycan hakimiyyətinə mətbuata hücumların yolverilməzliyi ilə bağlı sərt çağırışlar etməlidirlər”, deyə o əlavə edib.

“Sərhədsiz reportyorlar” təşkilatı da “Azadlıq”ın bağlanma təhlükəsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, hakimiyyət ölkənin aparıcı müxalif nəşrini həddindən artıq böyük məhkəmə cərimələri ilə bankrot etmək üçün məhkəmə sistemindən istifadə edir.
“Qəzetə bu qeyri-proporsional cəza açıq-aşkar siyasi motiv olduğunu göstərir və “Azadlıq” qəzetinin məhvinə yönəlib.
Bununla da hakimiyyət Azərbaycanın qoşulduğu və Avropa İnsan Hüquqları Məhkəməsinin sadiq olduğu beynəlxalq müqavilələri açıq-aşkar pozur”, deyə sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, medianın tamamilə nəzarət altında olduğu bir ölkədə “Azadlıq”ın aradan qalxmasının çox ciddi nəticələri olacaq. Buna görə, beynəlxalq ictimaiyyət açıq-aşkar mətbuat azadlığının bu şəkildə pozulmasının yolverilməz olduğunu bəyan etməlidir, xüsusən, prezident seçkiləri ərəfəsində.
Sənəddə xatırladılır ki, fevralın 19-da məhkəmə qəzeti Binə ticarət mərkəzinin sahibinin iddiası ilə 32 min manat və Bakı Metropoliteninin direktorunun iddiası ilə 30 min manat məbləğində cərimə edib.
Bütün bunlarla yanaşı, qəzet “Qasid” dövlət mətbuat yayımı firmasından 35 min manatlıq borcunu ala bilmir.