ABŞ səfiri müxalifətlə görüşdü

Fevralın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalif siyasi partiya təmsilçiləri və vətəndaş hərəkatı nümayəndələri ilə görüşüb. Görüşdə AXCP, Müsavat, ADP, Ümid, Milli İstiqlal, Liberal partiyaları, ReAL və EL Hərəkatlarının rəsmiləri iştirak edib.
Görüşdə iştirak edən AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna bildirib ki, ABŞ səfiri ilə hər ay belə silsilə görüşləri olur: «İctimai-siyasi vəziyyəti, ölkənin problemlərini, Avroatlantik məkana inteqrasiyanı geniş şəkildə müzakirə edirik. Amma görüş mətbuatın iştirakı olmadan keçir. Ona görə də bütövlükdə müzakirələrin detalları barədə geniş açıqlamaya ehtiyac duymuram».
Əli Kərimli deyib ki, hər halda əsas müxalifət partiyaları ilə vaxtaşırı ölkənin problemlərinin, onun inkişafına mane olan halların açıq müzakirə olunması faydalıdır: “Ölkənin gündəmində nə var, hamısını danışırıq. Repressiyalar, son vaxtlar olan siyasi həbslər, sərbəst toplaşma azadlığı ilə bağlı məsələlər, Seçki Məcəlləsinin vəziyyəti, seçki islahatları müzakirə olunur. Seçkilərə 8 aydan da az vaxt qalır. Belə vəziyyətdə ölkədəki durum, artan sosial gərginlik, ondan çıxış yolları, islahatların zəruriliyi, hərtərəfli fikir mübadiləsi olur».