Vəfa Quluzadə: «Azərbaycan Qərblə əlaqələrini möhkəmləndirmək barədə düşünməli idi»
Rusiyanın “Ria-Novosti” dövlət agentliyinin saytında yerləşdirilən “Qarabağ ötən 25 ildə tanınmamış respublika olmağa öyrəşib” yazısı Azərbaycanda sərt təpki ilə üzləşib. Xatırladaq ki, adıçəkilən məqalədə müəllif Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 il əvvəl özünün “müstəqilliyini” elan etməsindən və bu il yubiley keçirəcəyindən söz açır.
Həmçinin Xankəndi qondarma “DQR”in inzibati mərkəzi olan Stepanakert, Xocalı aeroportu isə “Stepanakert aeroportu” kimi təqdim edilib. Azərbaycanın rəsmi mətbuatı bu yazıya cavab verib və Rusiyanı kontr-tədbirlərlə hədələyib.
Bundan əlavə, “Ria-Novosti”dəki məqaləyə görə rəsmi Bakı Rusiyaya nota da verib. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiyanın səfiri Vladimir Doroxini qəbul edərək Azərbaycanın məqalə ilə bağlı etiraz notasını ona təqdim edib. Nazir müavini səfirə Xocalı soyqırımının ildönümü ərəfəsində Rusiyanın dövlət informasiya agentliyində belə bir məqalə dərc edilməsini Azərbaycanın narazılıq və narahatlıqla qarşılandığını bildirib. O həmçinin məqalədə reallığın əks olunmadığı, separatçılıq və ekstremizmə çağırışların səsləndiyi və ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu da Rusiya səfirinin diqqətinə çatdırıb.
Bu vaxta qədər Rusiya mətbuatında dərc edilən bu tip yazılara, yaxud bu ölkə rəsmilərinin səsləndirdiyi mövqeyə ən yaxşı halda YAP funksionerləri səviyyəsində cavab verilirdi. Səfirə nota təqdim edilməsi isə ilk dəfədir. Bu da ilk növbədə iki ölkə arasında münasibətlərdəki gərginliyin bir qədər də artdığını göstərir. Buna qədər münasibətlərin korlanmasına səbəb kimi Azərbaycanın Avrasiya Ittifaqına, Gömrük Ittifaqına üzv olmaqdan imtina etməsi, Rusiya avtomobillərinin idxalını dayandırması, Qəbələ RLS ilə bağlı razılığın əldə edilməməsi göstərilirdi. Putin təkrar prezident seçiləndən sonra Əliyevlə görüş keçirməməsi də bu gərginliyin əlamətlərindəndir. Vəziyyətin indiki həddə çatması üçün bu səbəblər yetərlidir, yoxsa Azərbaycanın Rusiyaya nota verməsinə daha ciddi məsələlər səbəb ola bilərdi?
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycan dərk edir ki, Rusiya nəinki Ermənistanı dəstəkləyir, bütün məsələlərdə Azərbaycana ədalətsiz yanaşır, üstəlik, ölkəmizi müxtəlif ittifaqlara dəvət etməklə yenə də müstəqilliyini əlindən almaq istəyir. Artıq hiss olunur ki, Rusiya Azərbaycan iqtidarına da düşmənçilik münasibəti bəsləyir. Ona görə də bu reaksiyalar təbiidir.
Ekspert Azərbaycanla Rusiyanın əlaqələrinin hələ uzun müddət gərgin olacağını deyir: “Azərbaycan bunu əvvəldən düşünməli idi. O vaxt ki, Rusiyanın qarşısında təzim edirdi, müxtəlif jestlər edilirdi, burada rus mərkəzləri açılırdı. Azərbaycan bu ölkəyə xoş münasibətini nümayiş etdirirdi. Ancaq Azərbaycan bütün vaxtda Qərblə əlaqələrini möhkəmləndirmək barəsində düşünməli idi. Amerika, NATO, Avropa, Türkiyə ilə əlaqələrimizi gücləndirməliydik. Hələ də gec deyil, gücləndirməyik. Bu səpkidə iş aparmalıyıq. Çünki Rusiyadan heç nə gözləmək düzgün deyil. Mən vaxtilə bu barədə çox bəyanatlar vermişəm. Hətta Azərbaycan diasporu da Rusiya tərəfindən istifadə olunurdu. Bir gün Rusiya onlara da girişəcək”.
Fizzə


