Professor Cəmil Həsənlinin “Azadlıq” qəzetinə verdiyi müsahibədə işlətdiyi bir fikir bəlkə də mövcud irtica rejiminin mahiyyətini ən dəqiq şəkildə ifadə eləyir: “Ən böyük ermənipərəstlik ərazisi işğal olunan bir ölkənin məmurlarının korrupsiyaya qurşanmasıdır. Beynəlxalq təcrübədə belə şeylər düşmənin xeyrinə işləmək, düşmənə yardım etmək kimi dəyərləndirilir”.
Bu fikirdən sonra hakimiyyətin atdığı istənilən addımı, apardığı istənilən kampaniyanı düzgün qiymətləndirmək imkanı əldə edirik.
Xarici siyasət (Qarabağ məsələsi başda olmaqla), daxili siyasət, iqtisadiyyat, mədəniyyət, hakimiyyət məsələsi, seçkilər, illah da təhsil! Təhsil bəndindən nə əvvəl, nə sonra bir şey yazmadan da keçmək olardı. Təkcə “ermənipərəst təhsil” kəlməsi yetir ki, rejim haqda başqa söz demədən aydın təsəvvürün olsun. Lakin bu bəndlər ümumidir. Hər bənd özlüyündə yüzlərlə qola ayrılır. Xüsusi araşdırma aparmaqla hər qola aid də yüzlərlə misal gətirib necə dəhşətli bir rejimdə yaşadığımızın dəqiq mənzərəsini yaratmaq olar.
Lakin bu bir köşənin işi deyil və hər dəfə yeri düşdükcə köşələrimizdə bu qollara aid bir hadisədən bəhs edirik. Bu “bir”ləri, yəni parçaları birləşdirməklə böyük bir rəsm əldə eləmək, tam mənzərəni almaq olar. Eynən pazl (puzzle) oyununda olduğu kimi.
Erməni demişkən, götürək elə Əkrəm Əylislinin “Daş yuxular” (əslində kampaniyaya səbəb olan “Bədheybət tıxaclar”) romanı ilə bağlı qaldırılmış şivən kampaniyasını. Kampaniyaya qiymət vermək üçün dərhal Cəmil bəydən gətirdiyim sitatı bu kampaniyanın başına əlavə etmək lazımdı: “Ən böyük ermənipərəstlik ərazisi işğal olunan bir ölkənin məmurlarının korrupsiyaya qurşanmasıdır”. Indi hansı daha ermənipərəst olur – “Daş yuxular”, yoxsa ona qarşı aparılan daş zəkalı iyrənc kampaniya? Ölkəyə hansı daha çox ziyan vura bilər – bir kitab, yoxsa bütöv bir dövlətin siyasəti? O siyasət ki, onun yek adı korrupsiyadı, mənəviyyatdan siyasətəcən korrupsiya. Korrupsiya isə birbaşa düşmənə işləməkdi” professor bunu tarixi faktlarla izah edir.
Hakimiyyətinki Qarabağı almaqdan Ramil Səfərovu ekstradisiya etmək və əfv edərək mükafatlandırmaq səviyyəsinəcən enmiş bir vətənpərvərlikdi. Üstəgəl “Daş yuxular” və onun müəllifini daşqalaq etmək. Nəticələrə baxaq. Iki-üç gün qabaq Ankarada Xocalı qətliamı ilə bağlı keçirilən aksiyaya erməni və kürdlər hücum etdi, aksiyaçılardan yeddi nəfəri yaralandı. Srağagün isə Fransada Xocalı plakatları ilə ermənilərin tədbiri keçirilən məkana ayaq basan iki Azərbaycan gəncini ölümcül döydülər. Hər iki halda ermənilərin vəhşiliyi göz qabağındadı. Lakin bu vəhşiliyi tam gücüylə dünyaya göstərib, “gördünüzmü, ermənilər bundan artıq deyil” demək çox çətindi. Çünki bu, aparılan yanlış, yalançı vətənpərvərlik üstə qurulmuş dövlət siyasətinin doğurduğu məntiqli nəticədi. Zira o siyasətdə humanist heç nə yoxdu. Bu vəhşiliyi dünyaya duyurmaq və hesab tələb etmək istəyən “vətənpərvərlərə” dərhal cavab verəcəklər: “Siz sülhpərvər bir yazıçının qulağını kəsənlər deyilsinizmi? Siz hansı cəsarətlə vəhşilikdən danışır, şikayət edirsiniz?”. Əslində isə, hər iki tərəfdən baş verən hərəkətin bir adı var – saxta vətənpərvərlərin yaratmış olduğu cahillik. Bir-birinin eyni olan, zərrəcə fərqi olmayan eybəcərləşdirilmiş cəmiyyət.
Hakimiyyətin lənətlədiyi “Daş yuxular” isə hər gün Azərbaycan haqda bir xoş söz doğurur. Ermənistanda “xain, satqın və azərbaycanpərəst” olmaqda günahlandırılan yazıçı Levon Cavaxyan “Azadlıq” radiosuna müsahibəsində deyir: “Mənim üçün iki Azərbaycan var: Ramil Səfərovun Azərbaycanı və Əkrəm Əylislinin Azərbaycanı. Əkrəm Əylislinin romanı Azərbaycanı ucaltdı, onun haqqında əlibaltalı cinayətkar obrazı yaradılmasına imkan vermədi. Mən Ə.Əylislinin Azərbaycanını çox sevirəm və ona inanıram”. Fəqət o biri Azərbaycan günbəgün uçuruma yaxınlaşır…

Ən böyük ermənipərəstlik
•
•