Ankaradayam. Türk dünyasının vəliyi-nemətində. Əbədi və dəyişməz paytaxtında. Burada insanlarla yaxşı anlaşa bilmirəm. Düzdü, Şah Ismayılla Sultan Səlimin davasını çəkmirik, amma yenə də dil tapmaq asan olmur. Eyni dildə danışsaq da…
Ankara o qədər müqəddəsdir ki… Qüds kimi…
Elə başı da o cür dərdlidir.
O gün, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə bir masa qoyub imza atan gənclərə basqın ediblər Ankarada – Yüksəl sokakda. Içim sızladı. Ona görə yox ki, o məhz Azərbaycanla bağlı bir məsələ idi. Ona görə yox ki, insanlıq dramına etiraz edənlərə hücum edib, onları döyüblər. Ona görə ki, bunlar Ankarada olub. Böyük Mustafa Kamalın alınmaz qalasında. Solun da, sağın da güvənc yerində. Məhəmməd Əmin Rəsulzadənin məzar yurdunda…
Buradakı millətçi, ülkücü dostlar əsəbiləşirlər, cavab vermək üçün araşdırma aparmaq istəyirlər. Guya ki, həmin qrup tapılsa, nəsə olacaq.
Bu yazıları “facebook”dan oxuduqca insanın içi yenidən qaralır. Budurmu, bizim düşüncəmizin son mənzili? Budurmu millətimizə verdiyimiz xeyir, göstərdiyimiz yol?
Bu olay, bir çayın dağdan axmağa başladığında dərəyə gəlib çıxacağını bildiyimiz qədər təbiidir. Bir insanın doğulmağının onun ölümünün müjdəsi olduğu qədər…
Bu olay həm də doğru yaşamadıqlarımızın, səhv etdiklərimizin nəticəsidir.
Bu gün Ankarada biriləri bizimlə üz-üzə gəlirsə, burada bir savaş varsa, günah, qarşı tərəfdə olduğu qədər də bizdədir. Buranı döyüş meydanına bizim səhvlərimiz çevirib, demək. Bunu düşünmədən, buna çözüm tapmadan atılan hər addım bizi daha çox itirməyə, daha çox səhv etməyə sövq edəcək.
“Orxon Yenisey”də “Altaydan Tibetə küçük sülədim” – ordu yeritdim deyən xaqanın nəvələri indi sadəcə, bu tarixlə öyünərək məhəllələrinin əldən getdiyini hiss eləmirlər. Bəzən düşünürəm ki, bizim möhtəşəm tariximizdən bizə qarşı bihuşdarı kimi istifadə edirlər. Tarix nəinki gələcəyi qurmağımıza, hətta yüz addım qarşıda olanları görməyimizə də mane olur. Türk insanı hələ də bir-birinə sağçı-solçu olduğuna görə nifrət edir. Bu necə solçuluqdur ki, erməninin soyqırıma məruz qaldığını qəbul edir, amma Xocalıdakı qətliamı anmağa faşizm kimi baxır? Bu necə sağçılıqdır ki, yalnız sağçı olan türkləri sevir? Bu nə düşüncədir, bu nə beyin xarabalığıdır? Məgər Türk tarixinin Sultan Qaliyev, Nəriman Nərimanov kimi milli düşüncəli sosialistləri olmayıb? Məgər Rəsulzadə və Mustafa Kamal bütün türk dünya görüşünə qucaq açmamışdılar? Biz bu qədərmi özümüzü itirdik?
Bəzi dostlar deyirlər ki, belə addımları atanlar kürd kimliyinə girmiş ermənilərdir. Olsun, tutaq ki, elədir. Bəs biz necə bir toplum qurmuşuq ki, aqressiya bu qədər tərəfdar toplayıb özünə? Məgər, bu kor düşüncənin qurbanı olan təmiz gənclik yoxdurmu?
Mütləq var. Günah bizdədir. Bir dünya görüşü, bir millətçilik öz dövlətinin içində kiminsə əleyhinə qarşı cəbhə ideologiyası yaradırsa, bunun sonu belə qanlı savaşdır. Insanları bu cür, yazıq günə qoymaq düz deyil. Ankara Cümhuriyyətin ilk sevgisi, cümhuriyyət şəhidlərimizin əbədi sevgilisidir. Bu yerdə Sezən Aksunun mahnılarından bir ağrılı cümlə keçir insanın içindən: “Seni kimler aldı, kimler öpüyor…”

Seni kimler aldı, kimler öpüyor…
•