Fizuli Ələkbərovun işçisi həbs edildi

Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Imran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, fevralın 20-də TSEK-in sədri I.Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb edib, M.Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi verib.
Cinayətkar fəaliyyətini davam etdirən I.Məmmədov eyni məqsədlə ona müraciət etmiş M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi alıb.
Baxış zamanı Imran Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat  kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb.
Törətdiyi cinayət əməlinə görə I.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. M.Hüseynov isə həmin məcəllənin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
“Azadlıq”a daxil olan məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi şöbəsilə bağlı da araşdırmalara başlanılacaq. Oranın rəhbəri Əliağa Quliyevdən  müvafiq qurumlara, o cümlədən Korrupsiyaya qarşı Mübarizə Idarəsinə çoxsaylı şikayətlər edilib. Hətta rayon rəhbərliyi də artıq Əliağa Quliyevdən şikayətlərdən cana doyub.
Ümumiyyətlə isə hökumətin korrupsiya şousu çərçivəsində ən çox həbs edilənlərin əhəmiyyətli hissəsi Füzuli Ələkbərovun işçiləridir.