eabdullayev-enyeni

Elşad Abdullayev bu dəfə Əliyevin mühafizəçisi ilə söhbətini yaydı

eabdullayev-enyeniSabiq rektorun son videosunda Arif Paşayev, Vaqif Axundov və Məleykə Abbaszadənin də adı hallanır

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin “arxivindəki” videolardan biri də dünən yayıldı. Amma bu dəfə videonu keçmiş rektor özü yox, oğurlanmış qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaydı.

“Mahir Abdullayev barədə ölkə rəhbərliyinə yalan məlumat verilib”

Sözügedən komitə dünən Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun ofisində təsis edildi. Komitəyə bir sıra hüquqşünaslarla yanaşı, Mahir Abdullayevin bacı-qardaşları və digər doğmaları da daxildir. Komitənin sədri Mahir Abdullayevin bacısı oğlu Azad Mürsəliyevdir. O bildirdi ki, dayısı ilə bağlı “itkin düşüb”, “yoxa çıxıb” kimi ifadələrin işlənməsi doğru deyil, çünki Mahir Abdullayev sözün həqiqə mənasında oğurlanıb: “Mahir Abdullayev tamah məqsədilə oğurlanıb, Elşad Abdullayevin nail olduqlarını əlindən almaq üçün. Özü də güc strukturlarında olan bəzi şərəfsiz insanların əli ilə”.

Mahir Abdullayev haqda ölkə rəhbərliyinə yanlış məlumatlar çatdırıldığını deyən komitə sədrinin sözlərinə görə, dayısını dövlət çevrilişinə cəhd edən, müxalifətə yardım edən biri kimi təqdim ediblər.
Azad Mürsəliyev deyir ki, Mahir Abdullayevin sağ olduğuna əmindilər: “Onun ölümü haqda bircə faiz məlumatımız olsaydı, yasımızı verərdik. Istintaq orqanlarından məlumat gözləyirik. Amma heç bir məlumat vermirlər. Verilən məlumatlar adətən şablon xarakterli olur. Təbii ki, bu da zərərçəkmişin ailəsini qane etmir. Bu işlə məsuliyyətlə məşğul olanlardan biri Elşad Abdullayevdir. Artıq Elşadın verdiyi məlumatlara, videolara da qısqanclıq var. Bu səbəbdən Mahirin qardaşları – Eldəniz və Ismayıl Abdullayevlər, habelə bacıları Quba və Elmira xanımlar, bir sözlə, ailə olaraq qərar verdik ki, komitə yaradaraq, narazılığımızı ifadə edək. Bu komitənin yaradılmasında bir sıra məqsədlər var”.
Komitənin fəaliyyət planına toxunan Azad Mürsəliyev dedi ki, bundan sonra M.Abdullayevlə bağlı ölkə ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edəcəklər, media ilə sıx işləyəcəklər.

“Diskləri tapmaq üçün bacımın evinə giriblər”

Digər dayısı Elşad Abdullayevin qardaşının geri qaytarılması üçün müxtəlif adamlara pul verməsilə bağlı suala Azad Mürsəliyev belə cavab verib: “Həmin danışıqlar aparılan zaman mən Elşad Abdullayevin yanında olsaydım, bir çox məsələlər belə olmazdı. Amma bu məqsədlə Elşad Abdullayevin yanına gələnlərin bir oxşar cəhəti olub. Görünür ki, onların hamısı bir nöqtədən idarə olunub. Obyekt bir, getdiyi son nöqtə bir, məşhur adlar eyni… Elşad Abdullayev bunların qarşısında aciz idi. Adi bir sözə də inana bilərdi”.

Videoların ictimailəşməsindən sonra ailəyə qarşı təzyiqlərdən danışan Azad Mürsəliyev bacısının evinin oğurlandığını, cinayətkarların məqsədinin isə pul-zinət əşyaları deyil, diskləri axtarmaq olduğunu bildirib: “Baş verənlərin videogörüntüsünü polisə təqdim etmişik. Polis deyir ki, həmin diskə virus düşüb. Mənim ölkədən buraxılmamağım, qohumlarımın işdən çıxarılması, istintaqla bağlı hərəkətsizlik də bizə qarşı təzyiqlərin tərkib hissəsidir”.

“Elşad Abdullayev kompromat toplayıb”

Tədbirdə müşahidəçi kimi iştirak edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə Elşad Abdullayevi Robin Quda bənzədib. Onun fikrincə, sabiq rektor öz ətrafında baş verənləri zamanında dərk edərək, kompramat yığmağa başlayıb: “O, böyük bir əməliyyatı həyata keçirib. Təbii ki, buna görə onun özünə də təhlükə var idi. Imkan tapan kimi bu materialları götürərək ölkəni tərk edib. Bu da onun seçdiyi mübarizə formasıdır”.
Tədbirin sonunda Elşad Abdullayevin kabinetində çəkilən daha bir video nümayiş etdirildi. Videoda özünü Prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səftər Kələntərovla Elşad Abdullayev arasındakı söhbət öz əksini tapıb. Lakin texniki problemlər üzündən tədbir iştirakçıları tərəflər arasında nədən söhbət getdiyini eşidə bilmirdilər. Bu səbəbdən Komitə üzvləri bildirdilər ki, 56 dəqiqəlik videoçəkiliş internetə yerləşdiriləcək. Lakin yenə də texniki problemlərə görə videonu gün ərzində internetə yerləşdirmək mümkün olmayıb. Yalnız gecə saatlarında videonun təxminən 40 dəqiqəsi 3 hissədən ibarət olmaqla müxtəlif istifadəçi adları ilə Youtube portalında yayılıb. Bununla belə, Komitə sözügedən videonu “Azadlıq”a təqdim edib və çalışacağıq ki, videonu tam halında yayaq.

Videodakı söhbətlərdən belə aydınlaşır ki, bu kadrlar Mahir Abdullayevin oğurlanmasından 10 ay sonraya, yəni, 2004-cü ilin avqustuna təsadüf edir. Həmin görüntülərdə Səftər Kələntərov Elşad Abdullayevdən qardaşının işilə əlaqədar Sankt-Peterburqa gedib-gəlmək üçün 3 min dollar pul istəyir. Deyir ki, Sahib və Natiq bu işlə əlaqədar gedib oradan “zapiska” gətirməlidir. Onu gətirəndən sonra burada bacı-qardaşı Mahirlə telefonla danışa biləcək. Mahir Abdullayevin harada saxlanılmasına gəlincə, Səftər Kələntərov onun Çeçenistanda olduğunu bildirir.
Sabiq rektor isə deyir ki, həmin Sahib və Natiq ondan bu məqsədlə 20 min dollar pul alıb. Adları çəkilən şəxslərin bu hərəkətlərindən əsəbiləşdiyini deyən Elşad Abdullayev onlardan bunun qisasını çox ağır şəkildə alacağını bildirir: “Onlar məni aldada bilməz. Gətirsinlər qardaşımı versinlər, onların ayaqlarının altından öpüm. Onlar bilmir ki, mənə qarşı olan münasibəti bağışlamayacam? Mənim də bağışlamamağım baha başa gəlir. Bütün nəslini itirər o adam. Onlar elə bilirlər ki, onları tanımıram. Amma onların kimliyini açmaq üçün mənə yarım saat vaxt lazımdır. KQB-də, prokurorluqda, MVD-də elə bir adam yoxdur ki, onun diplomunda imzam olmasın”.
Elşad Abdullayev daha sonra əlavə edir: “Səftər, deyirsən ki, 3 günə gedib-gələcəklər. Mən də 3 gün yox, bir həftə vaxt verəcəm. 3 min dolları da verəcəm. Əgər vaxtında gəlməsələr, səndən o 3 minin əvəzinə 30 min alacam”.
Səftər Kələntərov da razılaşır.
Söhbətdən o da məlum olur ki, Səftər Kələntərov Elşad Abdullayevə qardaşının görüntüləri olan video-kaset və fotolar gətirməyi vəd edib. Ona görə də Elşad Abdullayev ondan həmin görüntüləri tələb edir: “Dediyin videonu, şəkilləri gətir, 3 min yox e, lap 5 min verim. Heç o 20 minin üstündən də xətt çəkərəm”.
Söhbət əsnasında Elşad Abdullayev deyir ki, BDU-da Axundovun elmi rəhbəri olub. Çox güman ki, söhbət Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovdan gedir: “Hüquq fakültəsini qiyabi qurtarıb. Rəhmətlik Məmmədxan müəllim ona köməklik etdi. KQB-nin naziri də mənim tələbə yoldaşım olub. O gün mənə zəng edib deyir ki, məni niyə təbrik etmirsən?
Lazım olsa Arif Paşayevlə də görüşə bilərəm (onun köməkçisinin vizit kartını göstərir)”.
Daha sonra Elşad Abdullayevin kabinetinə bir ağsaqqal daxil olur. Rektor ona “Isgəndər müəllim” deyə müraciət edir və onu deputat kimi təqdim edir. Bu arada söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə barədə olur.
Sözügedən ağsaqqal bacısı oğlunu ABU-ya qəbul etdirmək üçün xahişə gəlibmiş. Elşad Abdullayev ondan həmin abituriyentin sənədlərini istəyir: “Sənədlərini yığ gətir, Məleykə xanıma yazaq, görək nə olur. Orada da vəziyyət yaxşı deyil e. 650 bal yığanlar var e, onlarla bağlı qırğın-davadır”.
Söhbət əsnasında Elşad Abdullayev bildirir ki, Məleykə Abbaszadənin vəziyyəti yaxşı deyil, məsələ prezident səviyyəsində müzakirəyə çıxarılıb.
Sabiq rektor danışıqlarda onu da qeyd edir ki, qaynı da MTN-in polkovnikidir.

İnformasiya şöbəsi