Hüseyn Abdullayevin evi yerlə yeksan olunub

Sabiq deputatın İlham Əliyevə məktubunda bəhs etdiyi evi kimlər və niyə söküb?

Keçmiş deputat Hüseyn Abdullayev “Yeni Müsavat” qəzeti vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edib.
Müraciətdə iki mülkünün əlindən alınmasından şikayətlənən Abdullayev yazır ki, Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında – Yusif Səfərov küçəsi, 30 ünvanında, eləcə də Alatava küçəsi, 2 ünvanında yerləşən, valideynlərinə məxsus torpaq sahələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələri imzalanıb və ilkin razılaşma əldə olunub. Bu müqavilələr bağlandıqdan və alqı-satqı prosesinə start verildikdən sonra prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov onunla  telefonla əlaqə saxlayıb: “Bildirdi ki, prezident Ilham Əliyev amerikanlarla müqavilə bağlamağından bərk qəzəblənib və deyir ki, Hüseyn Abdullayev özündə hansı cəsarəti tapıb ki, mənim icazəm olmadan amerikanlarla müqavilə bağlayır. Biz Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsi ilə razı deyilik. Orada park tikiləcək”.
Ötən gün keçmiş deputatın məktubunda qeyd etdiyi ünvanlardan birinə – Yusif Səfərov küçəsi 30-a getdik. Heydər Əliyev Mərkəzinin aşağı hissəsində yerləşən bu ünvanın söküntüsü 2009-cu ildə başlanıb. Burada yaşayan 100-ə yaxın ailəyə isə bazar qiymətlərindən qat-qat aşağı kompensasiya verilib. Sakinlər etiraz əlaməti olaraq, bir neçə dəfə aksiya keçiriblər, hətta yolu da bağlayıblar. Ancaq bütün etirazlara baxmayaraq, hökumət sakinlərin şərtlərilə razılaşmayıb və “kupçası” olanlara kvadratı 1000-1200 manatdan pul ödənilib.
Hüseyn Abdullayevin valideynləri də daxil olmaqla, 100 ailənin məskunlaşdığı sözügedən ərazi yerlə yeksan edilib. Ərazi hasara alınsa da, hələlik heç nə tikilməyib. Yayılan başqa bir məlumata görə, söküntü işləri yolun genişlənməsilə əlaqədar aparılır.

Ramin