Əkrəm Əylislinin “Daş yuxuları”na hakimiyyət təmsilçilərinin şüvən qoparması yəqin bir çoxlarında “hakimiyyət təmsilçiləri Qarabağ problemində qətiyyət göstərdi” fikri oyatdı. Eyni hal Ramil Səfərovun uçaqdan enər-enməz Prezident tərəfindən əfv olunması zamanı baş verdi. Zənnimcə isə hər iki hal hakimiyyətin öz şəxsi maraqları üçün edilmişdi və atılmış addımların hər ikisi Qarabağ probleminin həlli istiqamətində əngəl olacaq. Qarabağ problemi ilə yaxından maraqlanan şəxs kimi qənaətim odur ki, son 20 ildə Azərbaycan hakimiyyətinin bu problemin həllində sistemli heç bir planı yoxdur və atılan addımlar impulsiv xarakter daşıyır. Əks halda bu barədə keçirilən tədbirlərin şahidi olardıq. Çoxsaylı Xocalı faciəsi və buna bənzər tədbirlərin keçirilməsi, yaxşı halda tədbiri təşkil edən hakimiyyət nümayəndələrinin reklamı, pis halda isə xalqın pulunun oğurlanmasına xidmət edir. Səhv etmirəmsə, bircə dəfə 2000-ci illərin əvvəllərində rəhmətlik H.Əliyev Parlamentdə Qarabağ probleminin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirtdi. O tədbir də deyilənlərə görə Azərbaycanın əleyhinə yönələn sülh sazişinə razı olmamasını Qərbə göstərmək məqsədi daşıyırdı.
Özümün bildiyim konkret Sumqayıt hadisələrinə münasibətdə hakimiyyət təmsilçilərinin Qarabağ probleminin həllində nə qədər səmimi olduqlarını sizlərlə bölüşmək istəyirəm. 1996-cı ildən başlayaraq, arxivimdə olan sənədlərin araşdırılmasının Sumqayıtda baş vermiş hadisələrinin olduğu kimi dünyaya çatdırılmasının çox vacib olduğunu bildirmişəm. 2010-cu ildə “ANS” telekanalında təxminən bir saatlıq verilişdə (http://www.youtube.com/watch?v=S2H-snyrXq8&;list=UURHcR9UTPtAQYpQOS0ehC2g&index=22) arxiv sənədlərini şərh verməklə nümayiş etdirdim. Bundan dərhal sonra, Prezident aparatı Sumqayıt hadisələrindəki həqiqətləri saxtalaşdırmış, hakim Mansur İbayevin imzası ilə 14 aprel tarixli “Xalq qəzeti”ndə “Aslan İsmayılov cinayətlərini ört-basdır etmək üçün şantajla məşğuldur” başlıqlı bir səhifəlik yazı təşkil etdi. Haqqımda olan böhtana cavab vermək istəsəm də “Azərbaycan” (bu qəzetin müxbiri məndən bir səhifəlik müsahibə götürdü. Sonradan qəzetin baş redaktoru B.Sadıqov dərcinə icazə vermədi. Mənim iradıma isə “problemi yuxarılarla həll et” dedi.) və “Xalq qəzetləri” mənə rədd cavabı verdilər. Ailə üzvlərimin köməyi ilə həmin ilin may ayının 26-da “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabın və www.sumgayit1988.comsaytının təqdimatını (http://www.youtube.com/watch?v=7FC078LpG7E) keçirdim. Sonradan kitabda olan məlumatlarla bağlı Prezidentə təkliflərimlə bərabər geniş məktub yazdım. Həmin məktub Prezidentin iştirakı ilə müzakirə olundu və bildiyimə görə bir sıra tapşırıqlar verildi. Hətta, Prezidentin icra aparatının rəhbərinin köməkçisi Anar müəllim mənə zəng edib Ramiz Mehdiyevin məndən kitab istədiyini də bildirdi. Bundan sonra, Baş prokuror Z.Qaralov Sumqayıt hadisələri ilə bağlı cinayət işinin icraatının təzələnməsi ilə bağlı qərar qəbul etdi və birinci müavini R.Usubovun başçılığı ilə geniş tərkibli istintaq qrupu yaratdı. Dərhal yaydığı bəyanatda Z.Qaralov kitabdan xəbəri olmamış kimi əhaliyə də “kimlərdə Sumqayıt hadisələri ilə bağlı kitab və yaxud digər materiallar varsa istintaqa təqdim etsin” xahişi ilə müraciət etdi. Sumqayıt hadisələrindən sonra ilk dəfə müstəqil dövlət qurulandan sonra Azərbaycan rəhbərlərindən İlham Əliyev (http://www.youtube.com/watch?v=vRw9REUW-58&;list=UURHcR9UTPtAQYpQOS0ehC2g&index=17) H.Əliyev adına mərkəzin açılışındakı çıxışında Sumqayıt hadisələrinin kimlər tərəfindən təşkil olunduğunu elan etdi. Az sonra məni XİN-nin idarə rəisi dəvət elədi və kitabın çapı və yayılması üçün mənimlə müqavilə bağlanması barədə ona tapşırıq verildiyini dedi. Cavabım çox qısa oldu. Təklifə görə təşəkkür etdim və bildirdim ki, heç bir təmənnasız müqavilə imzalayıb bütün hüquqları onlara verməyə hazıram, təki kitab yayılsın. Danışdığımız bir saat ərzində bildiyim o oldu ki, bu insanın Sumqayıt hadisələrindən və kitabda yazılanlardan xəbəri yoxdur, bir neçə dəfə təklif etsəm də ki, kitabı oxusun, sonda sözü o oldu ki, hörmətli tarixçimiz Cəmil Həsənli kitab barədə rəhbərliklə danışıb və işçisinə tapşırar ki, kitabı oxusun. Söhbət zamanı bir neçə dəfə vurğuladı ki, pullu müqavilədən imtina etməyim, çünki, çoxlu pul ayrılıb. Sonuncu dəfə ona izah edəndə ki, heç övladlarım məni başa düşməz ki, belə bir işdən mən maddi maraq güdürəm. Cavabı qısa oldu “A kişi dövlətin puludu ey”. Bununla bütün işlər bitdi. Bu mövzunu bəzi dostlarla bölüşəndə fikir yekdil oldu, orada da məqsəd “otkat” almaq imiş. Dəfələrlə E.Məmmədyarova, müavinlərinə müraciət etsəm də ki, tərəfimdən türk, rus, ingilis dillərində çap olunmuş kitabların yayılmasında yardımçı olsunlar, əvəzində heç bir cavab almadım. 2010-cu ilin oktyabr ayında işlərimlə bağlı Nyu-Yorkda olarkən oradakı dostlarımdan fərqli olaraq BMT-dəki səfirimiz A.Mehdiyevə kitabı təqdim etdikdə onun kitabdan xəbərsiz olduğunu gördüm. Hakimiyyətdəkilərin mənə olan yüngül desəm qısqanc münasibətlərini bildiyimdən dəfələrlə ən yuxarılara “adımı çıxardın, kimin adını istəsəniz qoyun, təki kitab yayılsın” demişəm. Təhsil Naziri M.Mərdanov kitabla tanış olduqdan sonra həvəslə ondan parçaları, gənc nəslin Sumqayıt hadisələrindən xəbərdar olması üçün, dərsliklərə saldıracağını demişdi. Onu kimi bir çox vəzifə sahibləri ilk günlər çox maraqla yanaşsalar da sonradan, sanki kimsə onların “qazını aldı”. R.İbrahimbəyov kitabı oxuduqdan sonra dərhal filmin ssenarisini yazdı və çəkilişin maliyyələşməsi üçün “yuxarılara” təqdim etdi. O cümlədən, özüm də həmin ssenarini Mədəniyyət və Turizm Naziri Ə.Qarayevə təqdim etdim. R.İbrahimbəyov həmin filmi dünyaya çıxaracağına əmin idi. Burada da hər şey dayandı. O cümlədən respublikanın baş prokuroru Zakir Qaralov tərəfindən bəh-bəhlə qardırılmış cinayət işindən də heç bir xəbər yoxdur. İndi kim məni inandıra bilər ki, hakimiyyət Qarabağ probleminin həllində maraqlıdır?! Tək www.sumgayit1988.comsaytında kitabla yarım milyona yaxın oxucu tanış olub. Kitabın özü azərbaycan, rus, türk dillərində 10 minə yaxın nüsxədə pulsuz oxuculara paylanıb. Heç kim bununla maraqlanmayıb. Hakimiyyətdəkiləri isə, zənnimcə Qarabağdan çox, neft pulları maraqlandırır!
P.S. “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabının Amazon.com-da satışda olan elektron versiyasının artıq kitab halında təqdimatı 2013-cü il fevralın 28-də saat 11-də “VİZA” hüquq firmasının ofisində, Nizami küçəsi 58 -də keçiriləcək. Kitabı azərbaycan, türk, rus, ingilis və ingilis dilinin amerikan versiyasında pulsuz əldə etmək istəyənlər də saat 11.00dan 13.00 qədər həmin ünvana müraciət edə bilərlər.