“Rayon İcra Hakimiyyəti onu «Heydər parkı»na bağban kimi işə götürüb”
Saatlı rayonunda 81 qəbir daşını aşırıb dağıdan şəxslərdən biri haqda maraqlı məlumat almışıq. Rayondakı mənbələrdən “azadliq.info”ya daxil olan məlumatda deyilir ki, qəbir daşlarını dağıdanlardan Nəsimi Əliyevin atası Arif Əliyev Rayon İcra Hakimiyyətinin önündəki bağın bağbanıdır və 2003-cü ildən YAP-ın üzvüdür.
Xatırladaq ki, fevralın 23-dən 24-nə keçən gecə rayonun Musalı kənd qəbiristanlığında başdaşıları dağıdılıb, sonradan bunu edənlərin kənd sakinləri, 1987-ci il təvəllüdlü işsiz Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu olduğu müəyyən edilib və onlar şübhəli şəxs qismində saxlanılıblar. Onlar hadisəni sərxoş halda törətdiklərini etiraf ediblər. Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq aparılır.
Lakin dünən hökumətyönlü “Trend” agentliyi bunu AXCP-nin üzərinə ataraq məlumat yayıb ki, guya hadisəni törədənlər AXCP rəhbərliyi tərəfindən “rayonda sabitliyi pozmaq, rayon sakinləri arasında süni narazılıq yaratmaq məqsədilə” bu işə cəlb edilib. Agentlik hadisəni törədənlərdən Nəsimi Əliyevin atası Arif Əliyevin “rayonda daim vəzifəli şəxsləri şantaj etməklə mənfəət əldə etməyə çalışan” adam kimi tanındığını da əlavə edib. Agentliyin bu xəbəri telekanallarda da yayılıb. Bundan başqa, N.Əliyevin atası A.Əliyevin əvvəllər AXCP üzvü olduğu vurğulanıb.
AXCP Saatlı şöbəsi isə qəbir daşlarını dağıdanların bu partiyaya aidiyyatının olmadığını bildirib. Şöbənin sədri Şamil Hacıbəyli “Azadlıq” radiosuna açıqlamasında da həmin məlumatları təkzib edib: «Arif Əliyev heç vaxt AXCP-nin üzvü olmayıb. O, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Həmin vaxt partiya üzvlərimiz onun ağır, acınacaqlı şəraitdə yaşayan ailəsinə qayğı, köməklik göstərib.
Qəbiristanlıqda baş verən hadisə bizi də hiddətləndirir. Amma bundan siyasi rəqiblərə qarayaxma kompaniyası kimi istifadə etmək heç bir əxlaqa sığmır”
Şöbə sədri də A.Əliyevin əslində YAP üzvü olduğunu və Rayon İcra Hakimiyyətinin onu «Heydər parkı»na bağban kimi işə götürdüyünü qeyd edib.
Ş.Hacıbəyli belə məlumatların yayılmasını AXCP-nin Saatlıda martın 3-də keçirəcəyi tədbiri pozmağa hazırlıq kimi qiymətləndirib.


