Azər Ayxan
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli son köşəsində “Yeni Müsavat” qəzeti, onun baş redaktoru, həmçinin bəzi əməkdaşları haqqında xeyli qərəzli, təhrif olunmuş fikirlər yazıb. Həmkarım mənim barəmdə də təhqiramiz və həqiqətdən uzaq cümlələr işlədib.
Rövşən bəy hər zaman obyektivliyinə, soyuqqanlılığına və istənilən məsələyə ədalətli yanaşmasına görə seçilib. Zatən onu insanlara sevdirən həm də bu xüsusiyyətləridir.
Ilk baxışdan adama elə gəlir ki, o, bu köşəni qardaşı Xaliq Bahadırın bir yazısının musavat.com saytında dərc olunmasından narazı qalaraq qələmə alıb. Amma köşəni oxuduqca bunun heç də belə olmadığı aydınlaşır. Çünki bəy öz yazısında çox uzaqlara gedib çıxıb… Bizi az qala, Vətənə xəyanətdə suçlayıb. Bu məsələyə az sonra qayıdacağıq.
***
R.Hacıbəylinin X.Bahadırın musavat.com-da yazısının dərc olunmasından təəccüblənməsi şəxsən mənim özümü çox təəccübləndirdi. Etiraf edim ki, həyatının böyük bir hissəsini qəzetçiliyə həsr etmiş bir adamın xəbərçiliyə bu cür yanaşması məndə həm də dərin təəssüf hissi yaratdı.
***
“Yeni Müsavat” qəzeti ən sərt şəkildə tənqid etdiyi iqtidar nümayəndələrinin, YAP-çı deputatların, eləcə də münasibətlərinin gərgin olduğu müxalifət lider və təmsilçilərinin müsahibələrini, açıqlamalarını, hətta müəllif yazılarını da dərc edir. Məsələn, vaxtaşırı tənqid etdiyimiz deputat Siyavuş Novruzovun bizə və digər KIV-lərə verdiyi müsahibələri tez-tez tirajlayırıq. Bizimlə küsü saxlayan müxalifətçi funksionerlərdən müsahibələr, rəylər alırıq. Rövşən bəyin məntiqi ilə yanaşsaq, biz qəzet olaraq YAP-çı deputatları, yüksək vəzifəli məmurları tənqid edirik deyə onların heç bir mövqeyini “Yeni Müsavat”da dərc etməməliyik… Bu, peşəkar yanaşma deyil axı. Bizi hər addımda istənilən bəhanə ilə təhqir edən Xaliq Bahadırın da yaxşı yazısına rast gələndə onu məmnuniyyətlə dərc edirik.
Indi isə gələk Rövşən bəyin köşəsinin yuxarıda anonsunu etdiyim digər hissələrinə. Bəy iddia edir ki, mənim “Azadlıq”da Ş.Çobanoğluya yazdığım cavab məqaləsinin gerçək müəllifi Rauf Arifoğludur. Mən də eyni məntiqlə iddia edə bilərəm ki, Rövşənin o yazısını qardaşı, “Azadlıq”ın baş redaktor əvəzi Rahim Hacıyev yazıb. Ənnağı Hacıbəylinin məqalələri isə Xaliq Bahadırın qələminin məhsuludur və s. Amma mən bunca haqsızlığa və absurda getmərəm. 22 ildir qəzetçilikdəyəm. Mənim qələmimə bu ölkədə ən yaxşı bələd olanlardan da biri sizlərsiniz axı, Rövşən bəy…
R.Hacıbəyli “Yeni Müsavat”ı və onun rəhbərliyini xalqı çaşdırmaqda, müxalifəti parçalamaqda, gizli yollarla iqtidara işləməkdə ittiham edir. Bunu bir başqası yazsaydı, adam əlini yelləyib keçərdi. Amma Rövşən bəyi ciddi adam saydığımdan onun bu ağır ittihamlarını böyük təəssüflə qarşıladım.
“Yeni Müsavat” qəzeti iqtidara işləyirsə, bəs niyə iqtidara qarşı savaşan “Azadlıq” qəzetindən daha çox məhkəmə hökmləri ilə üzləşib? Ilham Əliyevin bir neçə generalı, 3 naziri, onların ailə şirkətləri, övladları “Yeni Müsavat”ı məhkəməyə verib çökdürmək üçün növbəyə durub, hətta deyərdim, yarışa giriblər. Üzərimizdə 2 mln. 950 min manatlıq məhkəmə iski var. 55600 manat cərimə isə artıq icraata yönəldilib.
Rövşən bəy, KIVDF-dən “Azadlıq”la eyni məbləğdə maliyyə dəstəyi alırıq. Bunu bilirsənmi? Reklam bazarına sizin kimi biz də buraxılmırıq – yəqin, bundan da məlumatlısan. Iqtidarın qəzetlərə yaratdığı yayım problemindən ən çox maddi ziyan çəkən qəzetin də “Yeni Müsavat” olduğu haqda bilgin olmamış deyil, hər halda.
Müxalifətə hər türlü dəstək veririk. IP-nin, gənclərin, başqa müxalif qurumların təşkil etdiyi hansı mitinqi, tədbiri “Azadlıq”dan az və keyfiyyətsiz işıqlandırırıq?! Bütün bunlar ortada ola-ola bizi iqtidara işləməkdə suçlayan o köşəni yazmağa necə əlin gəlir, anlamıram. Elşad Abdullayevin yaydığı son videoya da toxunmusan məqaləndə. Ki, guya biz oradan Ramil Usubovun adını çıxarmışıq. Bu da yalan. Saytımıza elə ciddi baxırsansa, “Yeni Müsavat” adlı qəzetə də bax, müqayisə elə. Orada gedib axı, bu dediklərin, niyə bunu görməzdən gəlirsən? Saytda da gedib – ən azı 3-4 dəfə.
O videonu ölkə mediasında ilk musavat.com saytı yaydı. Bunu gerçəkdənmi bilmirsən?
***
Xalqı çaşdırmaqla bağlı dediklərin də yanlışdır. Azərbaycan xalqı o qədər müdrikdir ki, onu aldatmaq, tovlamaq sadəcə mümkün deyil. Biz xalqa yalan danışsaydıq, onu çaşdırmağa çalışsaydıq, “Yeni Müsavat” tirajına və satış faizinə görə ölkədə birinci qəzet olmazdı. Bizim elektron versiyamız da azərbaycandilli qəzetlər, saytlar arasında birincidir. Sevindirici haldır ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin elektron versiyaları MDB məkanındakı 2000-ə yaxın KIV arasında ilk 20-likdədir. Bizim öz aramızda günlük 15-17 min IP fərqi var. Lakin biz heç zaman qürrələnmirik ki, “Azadlıq” qəzetini bu qədər üstələyirik. Biz bunları, nəticələrimizi toplasaq, yaxşı deyilmi? “Ictimai Palataya yaxın iki qəzetin böyük uğuru” desək, daha məntiqli olmazmı? (müqayisə üçün bax: http://top.mail.ru/Rating/MassMedia-Newspapers/Today/Visitors/1.html17 )
***
Biz indiki vaxtda həmkarlarımızla dava istəmirik. Amma sənin o köşən sanki iki qəzetin arasında qovğa salmaq üçün yazılıb. Baxmayaraq ki, buna heç inanmaq istəmirəm. Çünki bu, kiməsə fayda gətirməyəcək. Əksər vaxt haqqımızda yazılanlara da soyuqqanlı yanaşırıq. Bundan sonra da belə olacaq…
Bu yazını da “Azadlıq”a sizinlə savaşmaq niyyətində olmadığımız üçün göndərirəm. Barəmizdə yazılan haqsız sözlərə o yazının dərc olunduğu qəzetdə cavab haqqının tanınmasına inanaraq.