«Bu, Rusiyanın gələcəyə hesablanmış geniş miqyaslı təxribatıdır»
Kremlin nəzarətində olan ləzgi təşkilatı – Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin əleyhinə açıq kampaniya aparır.
Bugünlərdə özünün rəsmi saytında Şeyxə qarşı kəskin yazı ilə çıxış edən təşkilat onun Azərbaycan hakimiyyətinin siyasi aləti olduğunu bildirib və Şimali Qafqazdakı fəaliyyətinə son qoyulmasına çağırış edib. “Siyasi alət Paşazadə” adlı yazıda deyilir ki, Azərbaycan rəhbərliyi öz maraqlarını həyata keçirmək üçün geniş çeşiddə alət və vasitələrdən istifadə edir ki, bunlardan biri də A.Paşazadədir: “Paşazadə özü dini post tutsa da, Azərbaycanın klan bürokratik sisteminin tərkib hissəsidir. O, Azərbaycanın dövlət sisteminin dini müstəvidə davamıdır. Və Paşazadə bu rolda Bakının siyasətin işləmədiyi sahələrdə işinə yarayan nadir və əvəzolunmaz alətidir. Bura Bakının Dağıstanda, Qafqazın digər respublikalarında, hətta bütün Rusiyada təsirinin artırılması da daxildir”.
Məqalədə Azərbaycanda azlıqda olan sünnilərin son illərdə sıxışdırıldığı da iddia edilir: “Sünnilər onu özlərinə dini lider hesab etmirlər. Paşazadə özünü siyasi işlərdə reallaşdırır və bu, Bakıya sərf edir. Bakı onun vasitəsilə Şimali Qafqaz müsəlmanlarının Ermənistanla münaqişədə dəstəyini qazanmağa çalışır. Paşazadənin Şimali Qafqazda imkanları genişdir, o, müntəzəm olaraq Şimali Qafqaz respublikalarında müxtəlif tədbirlərdə iştirak edir, Şimali Qafqazın müftilərinə tez-tez bahalı hədiyyələr verir, onların Bakıya səfərlərini təşkil edir”. Yazıda iddia olunur ki, əslində Paşazadənin statusu qondarmadır və o, özünü bütün Qafqazın şeyxi hesab edə bilməz: “Dudayevin köməyi ilə o, Qafqaz xalqlarının Ali Dini Şurasının rəhbəri seçilib, daha sonra həmin vəzifəyə ömürlük yapışıb”. Ləzgi təşkilatı bildirir ki, Rusiya hakimiyyəti Paşazadənin fəlakətli nəticələrə səbəb olan oyunlarına diqqət yetirməlidir. Şimali Qafqaz xalqları isə onun Dağıstana, Rusiyaya, Qafqaza təsirlərinin qarşısını almalıdır(“Yeni Müsavat”).
Təşkilatın Şeyxə qarşı açıq hücumlarını şərh edən politoloq Vəfa Quluzadə əvvəlcə bildirib ki, istənilən ölkədə rəsmi din hakimiyyətin dayağı olur: “Mən Misirdə işləyəndə müsəlman icması və onun rəhbərliyi əvvəl bir adamı, ondan sonra da başqasını dəstəkləyirdi. Rusiyanın özündə pravoslav xristian kilsəsi Putini dəstəkləyir və demək olar ki, onun rəhbərliyi altında hərəkət edir. Bunu deməklə, həmin ləzgi təşkilatı Amerika kəşf etməyib”.
V.Quluzadənin fikrincə, bu məqalələr Rusiyanın təxribatından başqa bir şey deyil: “Azərbaycanda sünni-şiə problemi yaratmaq istəyirlər. Məqsəd odur ki, qarşıdurma yaransın və stabilliyə zərbə dəysin. Bu, genişmiqyaslı və 10-15 il sonraya hesablanmış təxribatdır. 70 illik ateizmdən sonra Azərbaycanda din sürətlə inkişaf etsə də, cəmiyyət dini yox, dünyəvi cəmiyyətdir. Şimali Qafqaz isə Azərbaycandan daha çox dini cəmiyyətdir. Şimali Qafqaz Rusiya tərəfindən dəhşətli təzyiqlərə məruz qalıb, daim savaş içində olub. Ona görə əhali Islam dinini çox ciddi şəkildə inkişaf etdirib və ona arxalanıb. Rusiya iqtidarı da dinin nə qədər güclü silah olduğunu gözəl başa düşür. Ona görə bu ləzgi təşkilatı Rusiyanın maraqlarına xidmət edir. Görünür, Rusiya Azərbaycanda stabilliyi pozmaq istəyir. Allahşükür Paşazadənin bütün Qafqazın Şeyxi olmasına gəlincə, bir şeyi bilməliyik ki, Azərbaycan müstəqil dövlətdir. Yəni Sovet dönəmində o, bu statusa sahib ola bilərdi. Çünki bütün Qafqaz Rusiyaya tabe idi. Amma indi Azərbaycan müstəqil dövlətdir. Rusiya isə demək olar ki, Qafqazın sahibidir. Bu şəraitdə də bütün Qafqazın Şeyxi olmaq olduqca çətindir. Rusiya Şimali Qafqazın bizim Şeyxə tabe olmamasını istəsə, onlar tabe olmayacaqlar. Bu barədə ciddi düşünmək lazımdır”.
Gültəkin