Yalanla dövlət qurulduğunu görən olmayıb, ancaq çox dövləti yalan dağıdıb. Bu görsəniş bir çox gəlişmiş ölkələrə görk olub, buna görə hakimiyətdə olan kimsənin yalanı, yalançılığı ortaya çıxınca beləsi hakimiyətdən uzaqlaşdırılır. Uzaqlaşdırılır – dövlətin sağlamlığı, uğurlu gələcəyi üçün. Son illərdə Avropada ortaya neçə belə fakt çıxıb. Yalançısan – getməlisən! Bu, bir daha vurğulamaq gərəkir: gəlişmiş ölkələrdə yazılmamış qanundur. Bizdə, bizim dünyada ANALOQU olmayan ölkəmizdə necədir? Gördüyünüz, bildiyiniz kimi: ata Əliyev yalanla gəldi, yalanla hakimiyət sürdü, yalanla getdi. Oğul Əliyev yalanla gəlib, yalanla hakimiyətdə qalır.
Prezidentliyə yiyələnəndən indiyədək, Qarabağ problemindən tutmuş, ölkəni başdan-başa bürüyən irili-xırdalı çoxsaylı problemlərədək, onun söylədiyi yalanları bir yerə yığan olsa yekə bir yalan dağı yaranar. Adam elə bil prezidentliyə yalan danışmaq, xalqa yalan yedirtmək üçün yiyələnib. Onun son yalanlarından, özü də ən populyar yalanlarından biri budur: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”. Elədirsə, Dubayda, Londonda, Mayamidə, Çexiyada… milyardlarla dollar dəyərində mülkləri kimlər üçün almısan? Bəlkə, “Azərbaycan vətəndaşları” üçün? Bəs 1993-2010-cu illər arasında təkcə ofşor zonalara ötürülən 48 milyard dollar oğurluq nədən örtrüdür? Bəlkə, o da “Azərbaycan vətəndaşları” üçündür? Bəs hər gün neftdən, qazdan, balıq-kürüdən, qızıl-gümüşdən oğurlanan milyonlar kimin üçündür?
Elşad Abdullayevin bir-birindən effektli videofaktları bütün dünyanı şoka salıb, “Azərbaycan prezidentinin” vecinə deyil: başqaları şok içində baxır, o, hind filmlərinə baxan kimi: əyləncə filmi! Ancaq o videolarda əyləncəlik nəsə yoxdur. O videolar 20 illik Əliyevlər hakimiyətinin bütünlüklə kriminallaşdırdığı dövlət strukturlarının QORXUNC faktlarıdır. Korrupsiya dövlətinin, mafiya dövlətinin, bu dövlətin başında duranların tipik davranış normalarının, xarakter özəlliklərinin damğalanmış görsənişləridir o videolar. O videoların hamısı dövlətə, ən başlıcası, dövlətin çox önəmli strukturlarından birinə (MTN!) bağlı “Azərbaycan vətəndaşının” oğurlanması faktına bağlıdır. Oğurlanmış MTN əməkdaşı (mayor!) alver obyektinə çevrilib, dövlət hakimiyət orqanlarına bağlı adamlar onu qaytarmaq, daha doğrusu, qardaşından pul qoparmaq üçün min bir oyundan çıxırlar…
E.Abdullayev, özünün dediyinə görə, əlindəki videoların 400-dən beş-altısını ortaya çıxarıb. Yetməzmi? Yetər! Elə bu beş-altı videofakta görə bütün hökumətə cinayət işi açmaq olar. Kimlərsə Elşadın daha çox video yaymasını istəyir. Bir daha soruşulur: bunlar yetərli deyilmi? Bunlar yetərli sayılmırsa, bunların ardınca gələn 400-ü, 500-ü, 1000-i də yetərsiz olacaq. Bir hakimiyətin yıxılması, kriminal rejim olaraq yaxalanması üçün indiyədək ortaya çıxan beş-altı videofakt da yetərlidir. Prezident adlanan kimsə ortaya çıxarılan o beş-altı videomaterialla bağlı siyasi dəyərləndirmədə bulunmalı idi. Bunun yerinə biz nə görürük? Yalan, xalqı aldatmaq, getdikcə genişlənən, daha sərt xarakter alan repressiya görsənişləri. “Istintaq gedir, araşdırma aparılır” kimi yalançı çıxışlar belə yerdə keçərli deyil.
2003-dən bu yana professor-rektor E.Abdullayevin üz tutmadığı, açmadığı dövlət qapısı qalmayıb. Bu “Azərbaycan vətəndaşı” qardaşının oğurlanması ilə bağlı təkcə prezidentə 230 məktub yazıb. Yazıb, ancaq, göründüyü kimi, düzgün ünvana göndərməyib… “Dövlət siyasətinin mərkəzində”… OĞURLUQ duran ünvana göndərib. “Axan hər qan bizim vicdanımıza yazılır, adamların döyülməsinə qərar verən hökumətdə qalmaq istəmirəm”, – deyə Bolqarıstanın baş baxanı postundan ayrıldı. Görəvini itirdi, xalqın sevgisini qazandı!

Yalan prezidenti
•