Rəşad Sadıqov ən böyük səhvindən danışıb

“Kayserispor”dan ayrılmağım karyeramda ən böyük səhvimdir»

«Verdikləri pulu alıb, sonra «Qarabağ»a buraxdılar»

Türkiyənin “Əskişəhərspor” klubundakı karyerası uğurlu alınmadığından yenidən “Qarabağ”a qayıdan Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Ağdam klubu ilə altı aylıq müqavilə imzalayıb. Bununla belə, Rəşad yenidən legioner həyatı yaşamaq arzusundadır. Bunu o, dünən keçirilən mətbuat konfransında dilə gətirib: “Qarabağ”la 6 aylıq müqavilə bağladım. Çünki yenidən legioner həyatı yaşamaq istəyirəm. Türkiyədən yenidən təklif alsam, gedəcəyəm. Həmçinin Rusiya klublarının da təklifini dəyərləndirəcəyəm”.
Rəşad deyir ki, ötən yay “Əskişəhərspor”un təklifini dəyərləndirib bu klubu seçdiyi vaxtda ona Rusiya klubundan da təklif gəlmişdi: “Yayda mən ”Əskişəhərspor”a getdim. Bu səbəbdən “Alaniya”nın təklifindən imtina etdim. Amma indi olsaydı, Rusiya klubunu seçərdim”.
Sadıqovun sözlərinə görə, “Əskişəhərspor”dan “Qarabağ”a keçidi gözlənilməz olub. Futbolçu Türkiyə klubunda ehtiyatda saxlanılmasının səbəblərinə də aydınlıq gətirib: “Ehtiyatda qalmağım Türkiyəyə vurduğum qolla əlaqəli deyil. Ondan əvvəl – Rza Çalımbayın vaxtında da ehtiyatda idim. Türkiyəyə qol vurduqdan sonra əksinə, əsas heyətdə yer almağa başladım. Amma sonradan yenidən ehtiyatda qalmağımın səbəbini bilmirəm. Zədədən sonra əsas heyətdəki yerimi itirdim. Mənə təklif göndərən 2 kluba ”yox” cavabı verib, “Əskişəhərspor”da oynayacağımı dedim. Təlim-məşq toplanışındakı bir çox oyunda əsas heyətdə yer aldım. Sonra isə baş məşqçi Bülənt Uyğun Nadareviçə şans verdi. “Qalatasaray”la oyundan sonra mənə şans verəcəyinə inam yaranmışdı. Amma Bülənt Uyğunla söhbətdə başa düşdüm ki, o, yenə də Nadareviçə şans verəcək. Bülənt Uyğunla söhbətimdə hiss etdim ki, mən onun gələcək planlarında yoxam. Mənə isə oynamaq lazımdır. Ona “Qarabağ”a keçmək istədiyimi bildirdim. O isə heç nə demədi. “Qarabağ” rəhbərliyi də onunla danışıqlar aparmışdı. Transferimin gecikməsi isə klub prezidentinin məni buraxmaq istəməməsilə bağlı idi. Ancaq ona da başa saldım ki, mən baş məşqçinin planlarında yoxam”.
Rəşad Sadıqov “Qarabağ”a qayıdışında “Əskişəhərspor”la yaranan maliyyə probleminə də toxunub: “Əskişəhərspor”un mənə borcu olduğu halda, onlara müəyyən məbləğ ödədim, sonra “Qarabağ”a keçidim baş tutdu”.
Yığmanın kapitanı əvvəlki formada olmadığını da etiraf edib: “Macarıstan millisilə oyunda özümü tanıya bilmirdim. Mən Bülənt Uyğuna oynamaq istədiyimi dedim. O da karyerama zərər olmasını istəmədiyini deyərək, ”Qarabağ”a keçidimə razılıq verdi. Bülənt Uyğundan komandadan getməyimə belə asanlıqla razılaşmasını gözləmirdim. Son dəqiqəyə qədər gəlmək istəmirdim. Bilsəydim ki, 7-8 tur əsas heyətdə yer alacağam, gəlməzdim. Gəlişimin mənim üçün mənfi cəhətləri daha çoxdur. Amma Uyğunun mövqeyindən sonra qalmaq istəmədim. Sentyabrdan qalan pulumu bir həftə əvvəl vermişdilər. Verdikləri pulu alıb, sonra “Qarabağ”a buraxdılar.
Bununla belə, “Qarabağ”a keçidimdə müsbət tərəflərin də çox olduğunu düşünürəm. Özüm həmişə xarici çempionatlarda çıxış etməyin tərəfdarı olmuşam. Oradan dostca ayrılmışam. “Kayserispor”dan ayrılmağım futbolçu karyeramda ən böyük səhvim idi. “Kayserispor”dan ailə məsələsinə görə ayrıldım. Səhv addım idi. Amma “Əskişəhərspor”da ailə problemləri yox idi. Bülənt çox güclü məşqçidir. Özü də Azərbaycanda işləmək istəyir. Işlədiyim məşqçilər arasında ən güclüsüdür. Onun Azərbaycanda işləməsini istərdim. Ora gedəndə yer boş idi. Zədələnəndən sonra gənc oyunçu Aydın Toscalı mövqeyimdə yer aldı. Altı ay sonra milli komandaya dəvət aldı. “Əskişəhərspor”da da Diyeqo gələndən sonra parladı”.