«Onda ictimaiyyətə maraqlı olan kifayət qədər məlumat var»
“Hazırda Bakı Istintaq Təcridxanasında olan sabiq deputat Gülər Əhmədovanın səhhətində elə ciddi problem yoxdur, amma o çox ciddi nəzarətdədir”. Bu barədə lent.az-a məlumat verən mənbənin dediyinə görə, ilk gündən təcridxananın sabiq deputatın saxlanıldığı hissəsində gücləndirilmiş rejim yaradılıb və hər şey ciddi nəzarət altındadır:
“Təcridaxanaya gətirildiyi gün Gülər Əhmədovanın səhhətində və psixoloji durumunda yüngül narahatçılıq yaransa da, təcridaxana heyətinin ilkin yardımı ilə bu aradan qaldırılıb. Sonradan yenə də səhhəti ilə bağlı şikayətlər etsə də, ona yenə də təcridxananın Tibbi Sanitar bölməsində baxılıb və ciddi bir şey aşkarlanmadığı üçün kamerasına qaytarılıb”.
Mənbə onu da bildirir ki, sabiq deputatın saxlanıldığı boks xüsusilə ciddi nəzarət altındadır. Hətta onun olduğu hissəyə təcridaxana əməkdaşları da məhdud sayda buraxılır: “Eyni zamanda onun yaxınları ilə görüşməsi, təcridxananın digər əməkdaşlarının o saxlanıldığı boksa yaxınlaşması da məhdudlaşdırılıb, əsas etibarilə qadağan edilib. Onun Əvəz Zeynallı ilə yaxın kamerada saxlanılması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki digər yerlərdə olduğu kimi bu təcridxanada da kişilər ilə qadınlar ayrı-ayrı bokslarda saxlanılır. Gülər Əhmədovanın saxlanılığı kamerada isə onunla bir yerdə bizim də ilk dəfə gördüyümüz yeni gətirilmiş qadın saxlanılır və onun da digər nəzarətçilər ilə təması qadağandır”.ÿ
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, Gülər Əhmədova gündəmdə olduğundan onunla bağlı çıxan xəbərlərin səhihliyinə birmənalı yanaşmaq olmur: “Bu xəbərlər doğru ola da bilər, olmaya da. Ola bilsin ki, kimsə bir xəbər eşidir, özü də ona əlavələr edib mətbuata ötürür. Təcridxana qapalı yerdir və orada məhbusun istədiyi şəkildə sərbəst olması mümkün deyil. Amma Gülər Əhmədovanı təcridxanada həqiqətən də xüsusi nəzarətdə saxlayırlarsa, bunun bir neçə səbəbi ola bilər. Məlum məsələdir ki, Gülər Əhmədova məlumatlı adamdır və onda ictimaiyyət üçün maraqlı olan kifayət qədər məlumat var. Xüsusi nəzarətin bir səbəbi də bu ola bilər. Amma Gülər Əhmədovanın bundan sonra nə deməsindən, nə ifadə verməsindən asılı olmayaraq cəmiyyət artıq məlum videolar sayəsində çox şeydən xəbərdardır”.
Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apelyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.
Gültəkin