“Azərbaycan «Eurovision»da 12-ci yeri tutacaq»

Azərbaycanlı ekstrasens bu nəticəni proqnozlaşdırdı

 

Azərbaycan “Eurovision”da 12-ci yeri tutacaq. Bunu “Azadlıq”a açıqlamasında ekstrasens Fəxrəddin Babayev bildirib. Fəxrəddin Babayev deyir ki, o, istənilən ekstrasenslə bu məsələdə bəhsə girməyə hazırdır:
– Mən 12-ci yeri proqnozlaşdırıram. Mənə dəxli yoxdur, kim orada çıxış edəcək, o qrupu kimlər hazırlayır və ya nə qədər para ayrılır. 12-ci yer, vəssalam. Qoy, bu məsələdə məndən daha dürüst proqnoz vermək iddiasında olanlar “Azadlıq” qəzetinə müraciət etsinlər və öz fərqli fikirlərini əsaslandırsınlar.
– Axı, burada əsaslandırılası nə var ki? Ekstrasensual proqnoz ekstrasensual hissiyyata əsaslanan bilgi deyil?
– Onu bu sistemlə bağlı bilgisi məhdud olanlar deyir. Ekstrasenslik qabiliyyəti bu və ya digər səviyyədə bütün insanlarda var. Bu qabiliyyət kimlərdəsə xüsusi olaraq artıq olur və həmin adamlar baş verə biləcək hadisələri daha dəqiq proqnozlaşdıra bilirlər. Amma adına astrologiya deyilən çox dərin və ciddi bir elm də var. Astrologiyanı dərindən mənimsəyə bilən ekstrasenslər, demək olar ki, səhv etmirlər. Bütün bunlara güvənərək də sizə deyirəm ki, builki yarışda Azərbaycan 12-ci yeri tutacaq.
– Bəlkə başqaları, məsələn, daha çox populyar olan Zirəddin fərqli nəticəni proqnozlaşdırdı?
– Zirəddinin nə deyəcəyi mənim işim deyil, onun işidir. Eləcə də başqalarının. Istəyirsiniz, soruşun, qəzetdə verin, arxivləşsin, yarışdan sonra təkrar verərsiniz. Görək, kim daha dəqiq proqnoz verib. Ümumiyyətlə isə, mən sms-lə işləyən ekstrasensləri qəbul etmirəm.

 

İnformasiya şöbəsi