Məmurlar deputatları sayır, saymır?

Bəziləri sorğularının cavablandırılmamasından narazıdır

Dövlət başçısı sonuncu müşavirədəki çıxışında məmurların, icra başçılarının təvazökar olmamasından, vətəndaşlarla davranış qaydalarının qeyri-qənaətbəxş olmasından, əhalinin müraciətlərinə baxılmamasından danışmışdı. Bəzi depuatlar da bununla bağlı öz iradlarını bildirmişdilər.
Milli Məclisin üzvü Fəzail Ibrahimli bəzi məmurların deputat sorğularına cavab verməməsindən şikayətlənib. Deputat “millət vəkilinin telefonuna cavab vermirsə, sadə vətəndaşın müraciətinə necə cavab verəcək?” deyə iradını bildirib. Başqa bir millət vəkili Yaqub Mahmudov isə icra başçılarının etimadı doğrultmadığını deyib. Deputat qeyd edib ki, “bəzi icra başçıları özlərini kral kimi aparır. Bu saymazlığın qarşısı alınmalıdır”.
Gerçək mənzərə yaratmaq üçün başqa deputatlarla da əlaqə saxladıq, ümumiyyətlə, sorğulara nazirlər, başqa məmurlar cavab verirmi?
Yevda Abramov deyir ki, bütün sorğularına cavab verilir: “Ancaq bu cavablar həmişə müsbət olmur. Buna baxmayaraq, bəzi problemlərlə bağlı müraciətim həllini tapıb. Bəlkə də başqa millətdən olduğum üçün mənə hörmət eləyirlər, hər halda sorğularıma cavab verirlər”.
Gülçöhrə Məmmədova da sorğularına cavab verildiyini, lakin həmişə müsbət həll olunmadığını vurğuladı. “Elə müraciətlərimiz olur ki, cavab verilir, lakin problemin həlli istiqamətində müsbət addım atılmır”.
Nizami Cəfərov da həmkarları kimi sorğulara cavab verilməsindən razıdır. Millət vəkili deyir ki, əsas problem məmurların vətəndaşları qəbul etmə məsələsində nöqsanların olmasıdır. “Bəzi məmurlar, məmur intizamını öyrənə bilmir”.
İqbal Ağazadə də bütün sorğularına cavab aldığını deyir: “Müsbəti də olur, mənfisi də”.
Zahid Oruc bildirdi ki, sorğulara cavab alır: “Ancaq məni qane etməyən məqamlar da olur. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyin çıxışlarımda tənqid etmişəm, onların fəaliyyətində nöqsanların olduğunu bildirmişəm. Baş nazirin qəbulunda 8 dəfə olmuşam, hər dəfə məni qəbul edib, problemin müsbət həllinə nail olmuşam”.
İlyas İsmayılov da sorğularına cavab verildiyini, bəzən müsbət həll olunduğunu, bəzən də müxtəlif səbəblərə görə müsbət həllini tapmadığını vurğuladı.
Bəxtiyar Sadıqov da sorğularına cavab verildiyini bildirdi. “Ağdam rayonundan millət vəkili seçildiyim üçün əsasən məcburi köçkünlər müraciət edir. Mən də daha çox ”Qaçqınkom”a sorğular göndərirəm və sorğularıma cavab verilir. Başqa qurumlarda isə bizi qane etməyən məqamlarla rastlaşırıq”.
Sabir Rüstəmxanlı da sorğularına cavab aldığını bildirdi. “Ancaq Nigar Yaqublu ilə bağlı müraciətimizə hələ ki, heç bir cavab verilməyib”.