Zaqatalada, Şəkidə və Şirvanda əhali etiraza qalxdı
Azərbaycanın rayonları barıt çəlləyinə bənzəyir. Problemlər o qədər çoxdur ki, insanlar dövlət qurumlarına üz tutmaqdan, şikayətlər ünvanlamaqdan beziblər. Odur ki, ayağa qalxıb etiraz edirlər. Artıq bütün əyalətlərdə Quba, Ismayıllı olaylarının təkrarlanacağı barədə məlumatlar dolaşır. Ötən gün isə üç rayonun sakinləri ayağa qalxaraq öz haqq səslərini qaldırdılar…
Zəlzələdən zərər çəkənlər məmur etinasızlığına görə yolu bağladı
Zaqatala rayonunun Lahıc kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar Bakı-Balakən yolunu bağlayıblar. Bu haqda “Azadlıq” radiosuna Lahıc kənd sakini Mövlud Ibrahim məlumat verib.
Kənd sakinləri zəlzələdən zərər çəksələr də, onlara lazımi miqdarda kompensasiya verilmədiyindən, ev tikilmədiyindən şikayət ediblər.
Icra hakimiyyətinin və fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gəlib. Bundan sonra yol açılıb. Fövqəladə hallar komissiyasının nümayəndələri yenidən zəlzələdən zərər çəkmiş evlərin siyahıya alınmasına başlayıb.
Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov deyib ki, kənd sakinləri evlərinə təkrar baxış tələb ediblər. Tələbləri təmin edilib. Hazırda həmin kənddə komissiya işləyir.
Icra başçısının müavini bildirib ki, Zaqatalada 4020 ev qəzalı rəyi alıb. 3000-ə yaxın ev artıq tikilib.
Rayon sakinlərinin “Azadlıq” qəzetinə verdikləri məlumata görə, onlar hökumətin dəstəyindən məhrumdurlar: “Bütün qışı qəzalı evlərimizdə keçirdik. Hökumət 2-3 min manat kompensasiya verir, deyir ki, gedin təmir edin. Bu pulla isə evinin tavanını belə dəyişmək olmur. Bizim tələbimiz odur ki, ayrılan pulla vətəndaşlara normal evlər tikilsin. Kimin adamı, vəzifədə işləyən qonum-qonşusu varsa, onun üçün mənzil tikirlər. Ancaq kasıblar hər şeydən kənarda qalıblar”.
Rayon sakinləri deyirlər ki, Zaqatalada elə mənzil sahibləri var ki, onlar üçün iki ev tikilib: “Elə adamlar var ki, tövlələri belə qeydiyyatdan keçirib ev tikdiriblər. Biz də buna görə etiraz edirik. Tələbimiz odur ki, hər kəsə eyni gözlə baxsınlar”.
Şəkililər bərbad yola görə icra hakimiyyətinin qarşısına toplaşdılar
Ikinci etiraz aksiyasını Şəki rayonunun Aşağı Daşağıl kəndinin sakinləri keçirdilər. Onlar Şəki Icra Hakimiyyətinin binasının qarşısına toplaşaraq kəndin su və yol problemlərinin həllini tələb ediblər. Sakinlərlə görüşən icra aparatının nümayəndəsi problemlərin tezliklə həll olunacağını bildirib.
Kənd əhli deyir ki, Aşağı Daşağılın yolu keçilməz vəziyyətdədir. Kəndin yuxarı hissəsində vurulan artezian quyuları bulaqların qurumasına səbəb olub. Bunun nəticəsində əhali susuz qalıb.
Sakinlər deyirlər ki, Ilham Əliyevin sərəncamı ilə Aşağı Küngüt və Aydın Bulaq kəndlərinə gedən yollara asfalt çəkilməsinə başlanılıb. Ancaq Aydın Bulaqla sözügedən kənd arasındakı 3 kilometr yolu təmir etmək istəmirlər.
“Əvvəlcə kəndin yolu plana salınıb. Ölkə başçısı yolların təmiri üçün 2 milyon manat vəsaitin ayrılmasına sərəncam verib. Bu pulla 3 kilometrlik yola da asfalt çəkmək də mümkündür. Ancaq ayrılan vəsaiti basıb yeyiblər. Icra hakimiyyətinin işçisi dedi ki, problemləriniz həll olunacaq. Biz isə onlara inanmırıq. Əgər problemləri həll edən olsaydılar, indiyə qədər edərdilər. Dəfələrlə onlara müraciət etmişik ki, yolu asfaltlayın. Yağış yağanda küçələr palçıq olur. Bu vaxt yola çıxmaq mümkün deyil”.
Kənd sakinləri deyirlər ki, tezliklə problemləri həll olunmasa növbəti dəfə icra hakimiyyətinə üz tutacaqlar.
Şirvanda fəhlələr tətil etdilər
Üçüncü etiraz aksiyası xəbəri Şirvan şəhərindən gəldi. Belə ki, Qarasu Əməliyyat Şirkətinin (QƏŞ) 200-ə yaxın işçisi şirkət rəhbərliyinə etiraz olaraq bir neçə saatlıq tətil keçirib. Aksiyaçılardan birinin “Azadlıq”a verdiyi məlumata görə, şirkətin rəhbərliyi onların tələblərini yerinə yetirməsə daha böyük tətillərə başlayacaqlar.
“Biz bu şirkətdə kanadalıların dövründən işləyirik. O zaman iş rejimi başqa idi. Işçilərə əmək haqqından əlavə inflyasiyaya görə bonuslar və başqa mükafatlar verilirdi. Artıq 4 ilə yaxındır ki, şirkəti ruslar işlədir. Onlar gələndən sonra işçilərin əmək haqqını kəsiblər. Kanadalılar bizə mükafat verirdilər, ruslar isə əksinə, mükafat vermək bir kənara qalsın, öz əmək haqqımızı da kəsirlər. Ona görə də bu gün (dünən – red.) xəbərdarlıq üçün səhər saat 7-dən 12-yə qədər işdən imtina etdik. Şirkətin rəhbərliyini tələb etdik. Onlar əvvəlcə gəlmək istəmirdilər, sonradan gəldilər. Işçilər öz sosial problemləri ilə bağlı etirazlarını bildirdilər. Onlar da bir həftəlik vaxt istədilər. Işçilər də dedilər ki, tələblərimiz yerinə yetirilməsə, bir həftədən sonra kütləvi şəkildə tətilə başlayacağıq. Şirkətin bütün sahələrində iş dayandırılacaq”,- deyə işçilər bildiriblər.
Ramin DEKO