Prezident İlham Əliyevin hökumətin toplantısında bəzi məmurlara və onların «qudurmuş» övladlarına barmaq silkələməsindən heç bir həftə keçməmiş, fevralın 19-dan 20-nə keçən gecə Bakıda, Həsən Əliyev prospektində yerləşən “Tonqal” restotanında müdhiş hadisə baş verib.
“Bizim Yol” qəzeti adını gizli saxladığı mənbəyə istinadla yazır ki, hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan bir generalın yaxın qohumları restoranda yeyib-içəndən sonra dava- dalaş salıblar. Mübahisə yumruq davasına, dava isə silahlı atışmaya qədər böyüyüb. Restoranın yaxınlığındakı binalarda yaşayan sakinlər hadisə yerinə polis çağırıblar. Amma hadisə yerinə gələn polis əməkdaşları, əməliyyatçılar atışan şəxslərin kimliyini bildikdən sonra olaya müdaxilə etməkdən çəkiniblər. Beləliklə generalın qardaş uşaqları və dostları «razborka»nı bitirəndən sonra heç nə olmayıbmış kimi ərazidən uzaqlaşıblar.
Mənbə qəzetə onu da deyib ki, hadisə zamanı bir neçə nəfər ağır xəsarət alıb.
Qəzet yazır ki, Daxili İşlər Nazirliyi isə hadisəni nə təsdiq, nə də təkzib edir. Hadisə yerinə yaxın ərazidə yaşayan sakinlər də baş verənlər barədə danışmaq istəməyib. Vətəndaşlar həmin şəxslərin cəzalandırılmasının mümkün olmadığını bildiriblər.