İcra başçılarının çıxarılması davam edəcək

Hakimiyyət bölgələrdə narazılığı yatırtmaq üçün yerli kadrları önə çəkmək istəyir

Rayonlarda icra başçıların əvəzlənməsi prosesi davam edəcək. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib. Mənbənin sözlərinə görə, iqtidar ölkədəki gərginlikdən ciddi narahatdır. Bu baxımdan da xüsusilə daha çox narazılıq olan rayonlarda icra başçılarını dəyişmək planı var. Mənbə əlavə edib ki, plana görə icra başçıları yerli kadrların arasından seçiləcək.
“Iqtidar ideoloqları düşünür ki, yerli kadrlar rayonu daha yaxşı idarə edə bilər, hansısa narazılıqlar baş qaldıranda əhali ilə dil tapmağı bacarar. Digər tərəfdən adətən başqa bir rayona başqa bölgədən icra başçısı təyin ediləndə, yeni rəhbəri əvvəlki komandanı özü ilə gətirdiyi şəxslərlə əvəzləyir və rayonda yenidən əmlak bölüşdürülməsi başlayır. Narazılıqlar əsasən də bu zaman yaranır. Amma yerli kadrların icra başçısı təyin olunacağı zamanı belə halların qismən az və səs-küysüz olacağı güman edilir”, deyə mənbə vurğulayıb.