“Mən hələ namizəd olmağa tələsmirəm”
«Əvvəlcə demokratik seçki şəraitinin təmin olunması və böyük birlik naminə daha böyük çalışmalar olmalıdır»
AXCP sədri Əli Kərimli fevralın 20-də “Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonağı olub. Jurnalist Xədicə İsmayılın aparıcılığı ilə keçən canlı söhbətdə AXCP lideri müxalifətin və təmsil etdiyi partiyanın seçki hazırlıqları, özünün prezidentliyə namizədlik məsələsi, İlham Əliyevin məlum 12 fevral müşavirəsində dedikləri və başqa aktual mövzularda sualları cavablandırıb.
Əli Kərimli seçki planları barədə danışarkən bildirib ki, rəhbərlik etdiyi partiya seçkiyə hazırlıqlarını davam etdirməklə yanaşı demokratik düşərgənin bir araya gəlməsi istiqamətində də çabalar göstərir. Əli Kərimli bildirib ki, Azərbaycanda normal seçki mühiti olmadığından demokratik seçkidən söhbət gedə bilməz. Seçkilə bağlı mövcud qanunvericilik, hakimiyyətin mürtəce siyasəti seçkinin demokratik olacağına təminat vermir:
“Ona görə də biz hesab edirik ki, bütün səylər seçki mühitinin dəyişdirilməsinə, demokratik seçki şəraitinin yaradılmasına yönəlməlidir. Bunun da yolunu kütləvi aksiyalar vasitəsilə təzyiqlərin artırılmasında və bundan istifadə edərək beynəlxalq təzyiqləri artırmaqda, dəyişiklik istəyən demokratik cəbhənin bir araya gəlib böyük bir güc yaratmasında görürük. Yalnız belə bir böyük birlik xalqa o mesajı verə bilər ki, aktivləşmək və seçki mübarizəsinə qoşulmaq lazımdır”.
Əli Kərimli bildirib ki, normal seçki mühiti olmadığından o hələ prezidentliyə namizədliyini irəli sürməyə tələsmir: “Mən o fikirdə deyiləm ki, burada normal seçki mexanizmi var və bu ölkədə seçkinin taleyi adi prosedur qaydalarla müəyyənləşir. Namizədliyini irəli sürəcəksən, seçkiyə gedəcəksən və seçki komissiyaları da sənin qələbəni təmin edəcək. Bu düstur bizdə işləmir. Ona görə də mən namizəd olmağa tələsmirəm. Çünki hesab edirəm ki, əvvəlcə həmin o demokratik seçki şəraitinin təmin olunması və böyük birlik naminə daha böyük çalışmalar olmalıdır. Hamı öz namizədliyində israr edəndə həmin o böyük birliyə nail olmaq istiqamətində də problemlər yaranır, eyni zamanda da o böyük birlik yaranmadığı üçün demokratik seçki mühitinin formalaşmasında da problemlər yaranır. Ona görə də mən hal-hazırda öz namizədliyim üzərində dayanıb gündəmi buna cəlb etmək istəmirəm, bunu yanlış sayıram. Demokratik seçki mühiti yaransın, o zaman situasiyaya baxacağıq. Əgər doğrudan da ölkədəki əhəmiyyətli ictimai-siyasi qüvvələr məqsədəuyğun hesab edəcəklər ki, mən namizəd olum, Azərbaycanın xilası üçün bu daha doğru yoldur, o zaman mən namizəd olacam. Lakin yenə də həmin o böyük birlikdə belə qənaət formalaşacaq ki, Azərbaycanın xilası, demokratiyanın qələbəsi üçün mən yenə də güzəştə getməliyəm, mən ona da tabe olacam”.
AXCP sədri Ilham Əliyevin son müşavirəsindən danışarkən bildirib ki, bu hakimiyyətin xalqdan qorxduğunun göstəricisidir. Hakimiyyət artıq anlayıb ki, xalqla hesablaşmaq lazımdır.
Əli Kərimli Əkrəm Əylislinin yazdığı “Daş yuxular” romanı ilə bağlı da fikirlərini açıqlayıb. AXCP sədri bildirib ki, Əkrəm Əylisli tarixi həqiqətləri təhrif edib. Lakin yazdığı bədii əsərə görə ona qarşı kampaniya aparılması yolverilməzdir. AXCP sədri Əkrəm Əylislidən xalq yazçısı adının alınması ilə bağlı maraqlı fikir işlədib. O, bildirib ki, prezident olacağı təqdirdə ümumiyyətlə bu cür titulları ləğv edəcək.