Xalça üstündə neft pulları

“Qulaq gündə yeni bir söz eşitməsə kar olar”. Yaptokratiyanın sayəsində qulaqlarımızın sağlamlığını qoruyuruq. Srağagün xəbər gəldi ki, məhkəmənin qərarı ilə AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının evindən xalça müsadirə edirlər. Utanmasalar deyərlər ki, “qadağan olunmuş xalça saxladığına” və yaxud “xalçanın tərkibində narkotik maddə tapıldığına görə” Əbülfəz Qurbanlının əmlakı müsadirə olunub. Əslində isə Əbülfəz “əsgər ölümlərinə son” aksiyasında iştirak etdiyinə görə cərimələnmişdi.
Cərimənin ödənilməsi üçün yığılan pulu isə ağır şəraitdə yaşayan şəhid ailəsinə verdi. Əbülfəz Qurbanlı həbs olunması ilə də insanlara yardım etmək yolunu tutdu. Rejim isə “insanlara kömək etmək eşqi ilə yaşayanları həbs etmək lazımdı” ənənəsinə sadiq qaldı.
Bu xalça müsadirəsi həm də onu göstərdi ki, hakimiyyət etirazçı təbəqəni paltarına qədər soyundurmağı belə öz idarə formasına sığışdırır.
Eşitdiyimə görə, əntiq xalçaların yaxşı qiyməti olur. Müxalifətçilərin isə köhnə xalçadan başqa nəyi var axı? Hakimiyyət xalça monopoliyasını bizim sayəmizdə gerçəkləşdirəcək.
Bəlkə də Əbülfəzin evindən götürülən xalçanın başqa təyinatı da var. Hakimiyyət kabinetdə pul saymağın çemodan, atvyorka çətinliyini nəzərə alaraq, neft pullarını xalça üzərində saymaq istəyir.
Belə bir eşqə düşüblərsə, “Hamı türmədə qalsın, Yapçılar xalça alsın” kampaniyasına başlayaq.
Açığı deyim ki, mən bu rejimin yaxşı lent kəsdiyini bilirdim, xalça kəsib apardığından xəbərim yox idi.
Adam şərlədiklərindən xəbərdar idim. Adamın cəriməsini anasının xalçasından çıxarmaqlarından qəflətdə olmuşam. Bunların yağsız yemək sevdiyini bilirdim, köhnə xalça sevgilərini isə duymamışdım.
Mən hətta bunların turnikdə dartınmasını, ştanq qaldırmasını görmüşdüm, xalçanı çiyninlərinə qaldırıb apardıqlarına isə şahidlik etməmişdim.
Uşaq vaxtı “uçan xalça” haqda olan nağıllara, multfilmlərə, kinolara çox baxmışam. Böyüklüyüm isə elə bir vaxta təsadüf etdi ki, həbs olunan xalçaları da gördüm.
Görünür, bahalı təyyarələrdə uçandan sonra Əbülfəzin xalçasında uçmağın öz komfortu var. Amma ataların bir sözü də var axı – “Özgə atına minən tez düşər”.
20 ildi bu ölkənin sərvətlərini mənimsəyib özlərini göyün yeddinci qatında hiss eləyənlər müsadirə elədikləri köhnə xalçaların kasıb sahiblərinin quracaqları məhkəməyə də hazır olsunlar.
Ümumiyyətlə, Hakimiyyətin “qayğısı” nəticəsində Azərbaycan vətəndaşları məhkəməni “idarə olunan kukla” kimi təsəvvür edirlər. Bəlkə də kukla teatrlarına gedənlərin sayı bu səbəbə görə azalıb.
Insanlar, haqlı olduqları halda belə, məhkəməyə müraciət etməyi lüzumsuz sayırlar. Hələ məhkəməyə verəcəyin adam məmur, məmur qohumu oldusa, ümumiyyətlə, əziyyət çəkməyə dəyməz.
Cəmiyyət hər sahədə gedən prosesləri təcrübədən keçirib. Xalçanın da, mobil telefonun da müsadirə səbəbini bilir.
Hər kəs anlayır ki, “azad söz”, “azad seçki”, “demokratiya” istəmək, məhkəmə predmeti olan “ağır cinayət”dir.
Ölkədə azadlıq, firavanlıq, sosial ədalət olmasını istədiyimiz üçün bizə narkoman, ünsür, element, antimilli, ermənipərəst və s. adlar qoydular. Bizə bu adları verənlər, həm də Xalq artisti, Əməkdar artist, “Istiqlal”, “Şöhrət” ordeni verən kəslərdi.
Biz də bu rejimə korrupsioner, talançı, böhtançı deyirdik. Indi yeni bir ad da “doğuldu”. Xalça oğruları.
Duyduq, duymadıq deməyin. Gənc müxalifətçi dostlarım. Aksiyaya qatılmazdan əvvəl evinizdəki köhnə, lazımsız əşyaları görünən yerə qoyun. Siz həbs olunan kimi, özləri aparacaqlar. Beləliklə, siz də bir yükdən qurtarmış olacaqsınız.
Xalçanız mübarək, cənablar.