Təqaüdlərdə qəpik-quruş artım nədir?

«Statistika Komitəsi inflyasiya dərəcəsini saxtalaşdıraraq təqaüd artımının qarşısını alır»

Son günlər “Azadlıq”a müraciət edən nisbətən yaşlı vətəndaşların bir çoxu təqaüdlərdəki qəpik artımlarıyla maraqlanırlar. Insanları düşündürən sual budur ki, niyə artım heç manat da yox, qəpik-quruşla ifadə olundu?
Iqtisadçı ekspert Qubad Ibadoğlu durumu təhlil edərək deyir ki, əslində, heç bir artımdan söhbət gedə bilməz: “Qanunvericiliyə görə, hər il təqaüdlərin sığorta hissəsinə illik inflyasiyanın orta faiz dərəcəsinə uyğun artım tətbiq edilir. Bunun da nəticəsində təqaüdlər iki hissəyə bölünür: baza və sığorta hissəsi. Baza hissəsində təqaüdlər dövlət tərəfindən müəyyənləşdirilmiş səviyyədə verilir. Söhbət 93 manat 50 qəpikdən gedir. Sığorta hissəsində isə vətəndaşın işlədiyi və ödədiyi sığorta haqlarına görə təqaüd məbləği formalaşır. Bu təqaüd məbləğinin formalaşması həm də indiki metodika ilə əmək stajına görə də müəyyənləşdirilir. Yəni, əmək təqaüdlərinin sığorta hissəsinin artımı daha çox inflyasiyanın faiz dərəcəsindən asılıdır. Məsələn, 2011-ci ildə 7.9 faiz illik inflyasiya var idi. O zaman sığorta hissəsinin artımı daha çox hiss olunurdu. Rəsmi məlumatlara görə, bu il cəmi 1.1 faizlik iflyasiya qeydə alınıb. 1.1 fazilik inflyasiyada sığorta hissəsinin artımına ən yaxşı halda, bir manat səviyyəsində təsir göstərə biləcək. Çox güman ki, 50, 60, 70 qəpik, bəzən də daha az qəpiklə ifadə oluna bilər. Əgər artımdan söhbət gedirsə, yalnız bundan danışa bilərik. Çünki başqa artım mənbəyi yoxdur”.
Ötən ilin sonunda Azərbaycanda orta aylıq əmək təqaüdü 152, yaşa görə təqaüdlərin orta məbləği isə 168 manat olub. Iqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, bu, bir təqaüdçünün yaşayışının minimum dəyərini belə, çətinliklə ödəyəcək səviyyədədir.
Qubad Ibadoğlu onu da qeyd edir ki, Dövlət Statistika Komitəsi inflyasiya dərəcəsini saxtalaşdırıb. Araşdırmalar göstərir ki, ötən il Azərbaycanda inflyasiya 9.92 faiz olub: “Bizim hesabladığımız inflyasiyanı götürsəydilər, o halda təqaüdlərin sığorta hissəsindəki artım gözə çarpardı.
Qeyd edək ki, ölkədə təqaüdçülərin sayı 1 milyon 200 mini ötüb. Həmçinin 2 milyon 200 mindən də çox sığortaçı var. Ekspertin sözlərinə görə, təqaüd sığorta sistemi o zaman daha effektiv işləyir ki, bir təqaüdçüyə minimum 3 sığortaçı düşsün. Azərbaycanda isə bir təqaüdçüyə 2 sığortaçı belə, çətinliklə düşür: “Ona görə də təqaüdlərin artımı daha çox hökumətin büdcədən ayırdığı vəsaitlər hesabına mümkündür. Təəssüf ki, təqaüdün baza hissəsinin artımı ilə bağlı prezident fərmanı olmalıdır. Prezident fərmanı da hələ verilməyib. Ona görə də ciddi artımdan danışmağa dəymir”.

Bəyim