Vəfa Quluzadə: «Etiraf edək ki, Rusiya ilə müharibədəyik və Ermənistan burda yalnız marionetkadır»
Müdafiə naziri Səfər Əbiyev türkiyəli həmkarı Ismət Yılmazla təkbətək görüşüb. Daha sonra geniş tərkibdə davam etdirilib. Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıb. Bundan sonra Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.
Səfər Əbiyev türkiyəli həmkarının dəvətilə Ankarada olduğu bir vaxtda Azərbaycanda cəbhə bölgəsində də vəziyyət gərginləşib. Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması durumun kritikliyindən xəbər verir.
“Azadlıq”ın ötən sayında durumu şərh edən ekspert Elxan Şahinoğlu belə bir məqamda Əbiyevin Türkiyə səfərini anlamağın çətin olmadığını, qardaş ölkə ilə hərbi-strateji əlaqələri daha yüksək səviyyəyə çatdırmağın vacibliyini bildirib.
Rusiya Ictimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi ekspert Vladimir Yevseyev isə APA-ya açıqlamasında bildirib ki, müharibə Dağlıq Qarabağdan ətrafa sıçrasa, Rusiya mütləq müharibəyə qoşulmalıdır. Hərbi ekspert belə bir vəziyyətdə Türkiyənin də Azərbaycan tərəfdən müharibəyə qoşulmasını istisna etməyib. V.Yevseyev bildirib ki, müharibə başlasa, Rusiya Ermənistan tərəfdən iştirak edə bilməz. Ekspert bunu ölkəsinin Qarabağda müharibə zamanı Ermənistanı müdafiə etmək öhdəliyinin olmamasıyla izah edib. O, Rusiyanın müharibəyə qoşulmasının Azərbaycan tərəfdən də Türkiyənin müharibəyə qoşulmasıyla nəticələnəcəyini vurğulayıb.
Bu tipli açıqlamalar bölgədə böyük müharibə təhlükəsindən xəbər vermir ki? Politoloq Vəfa Quluzadə bu mövzunu şərh edərkən ilk növbədə onu vurğulayır ki, belə gərgin regionda, müharibə şəraitində Azərbaycan müttəfiqsiz yaşaya bilməz. Rusiya Ermənistanla müttəfiqlik müqaviləsi imzalayırsa, Azərbaycan da Türkiyə ilə eyni addımı ata bilər.
Politoloq deyir ki, Yevseyevin açıqlamasında bir çox qaranlıq məqamlar var: “Rusiya Ermənistanla müttəfiqlik müqaviləsi imzalayıb və müharibə başlasa, Rusiya avtomatik Ermənistanın tərəfində çıxış edəcək. Bu mənada, Yevseyev Rusiyanın Ermənistan tərəfdən müharibə etməyəcəyini yalan deyir. Rusiyaya provakasiya lazımdır ki, Azərbaycan birinci atəş açmaqla atəşkəsi pozduğu, müharibəni başladığı barədə bütün dünyada suçlansın. Bundan sonra Azərbaycanı dağıtmaq Rusiya üçün asan olar. Bunu heç vaxt nəzərdən qaçırmaq olmaz”.
Politoloqun sözlərinə görə, Rusiya atəşkəs xəttini illərlə qaynar saxlayaraq, bir gün onu pozub günahı Azərbaycanın boynuna yıxmaqla ölkəni işğal etmək niyyəti güdüb. Bunun da səbəbi Rusiyanın Azərbaycanda öz hökmranlığını bərpa etmək istəyidir. Bununla belə, V.Quluzadə hesab edir ki, Rusiya Azərbaycan və Mərkəzi Asiya ölkələrində rus imperiyasının hökmranlığını bərpa edə bilməyəcək: “Rusiyaya Mərkəzi Asiya, Ermənistan, Gürcüstan iqtisadi və ticari partnyor kimi lazımdır. Rusiya bu məsələni həll etməsə, onu bir gün Amerika edəcək. Rusiya Qarabağ məsələsini həll, Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edə, region xalqlarının simpatiyasını qazana bilər. Bundan sonra isə ona iqtisadi, ticari əməkdaşlıq lazımdır. Bu mənada hazırda hansı strategiyanın üstün gələcəyi maraqlıdır: Cənubi Qafqazı sülh regionuna çevirmək və onunla hərtərəfli iqtisadi əməkdaşlıq etməklə qazanmaq, yoxsa müharibəyə başlamaqla vəziyyəti yenidən gərginləşdirmək?”
Politoloq onu da yada salır ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrlə əməkdaşlıq müqaviləsi var. Bu mənada Rusiyaya müharibə ziyandan başqa heç nə gətirməyəcək: “Əslində, Ermənistana da müharibə lazım deyil. Azərbaycan torpaqlarının 20 faizinin işğalı ona heç bir xeyir gətirmədi, həmin ərazilərdən istifadə edə bilmədi. Rusiya imperiyasının sərhədlərini genişləndirmək siyasəti də Sovet Ittifaqıyla bərabər artıq ölüb. Bu baxımdan mən müharibə variantına inanmıram. Amma yenə də yaddan çıxarmamalıyıq ki, müharibə vəziyyətindəyik və sülh də imzalanmayıb. Açıq etiraf edək ki, Rusiya ilə müharibədəyik və Ermənistan burda yalnız marionetkadır”.
Nigar