Hakimiyyət hesab edir ki, bununla vətəndaşlarda məmurlar haqqında formalaşan rəyi dəyişə biləcək
Azərbaycan hakimiyyəti ölkədəki gərginliyin azalması üçün imitasiya xarakterli tədbirləri davam etdirir. Ilham Əliyevin son müşavirəsindən sonra start götürən bu tədbirlərin sırasında dövlət qurumlarında çalışanlara işə bahalı maşınlarla gəlmək qadağası da var.
“Azadlıq”a daxil olan məlumatlara görə, Ilham Əliyevin son müşavirəsindən bir neçə gün sonra bütün nazirlik və komitələrə tapşırıq verilib ki, bir müddət bahalı avtomobillərdən imtina edilməlidir.
Əsaslandırma təxminən belədir: Dövlət qurumlarının qarşısı bahalı avtomobillərin sərgisini xatırladır ki, bu da vətəndaşlarda məmurlara qarşı nifrəti bir qədər də artırır. Onsuz da məmurlar haqqında cəmiyyətdə mənfi rəy mövcuddur. Vətəndaşlar düşünür ki, məmurlar onların talanması hesabına dəbdəbəli həyat tərzi sürür. Dövlət qurumlarının qarşısında bahalı avtomobillərin düzülməsi isə onların belə düşünməsi üçün əsas yaradır.
Lakin hökumət düşünmür ki, bahalı maşınları dövlət qurumlarının qarşısından yığışdırılması vətəndaşlarda məmurlar haqqında formalaşan rəyi dəyişməyəcək. Bu rəyi dəyişdirmək üçün hakimiyyəti idarəetmə üsulunu dəyişdirməli, ciddi siyasi və iqtisadi islahatlar aparılmalıdır.


