AzTV-nin “ifşa”sına AXCP sədrindən sərt cavab: “Hünərləri varsa, çıxışımı tam versinlər”
Hakimiyyət AXCP sədri Əli Kərimlini gözdən salmaq üçün növbəti, amma bu dəfə də uğursuz təbliğata başlayıb. Azərbaycan Dövlət Televiziyasında 1993-cü ilin yayında lentə alınmış bir çəkilişi o vaxtkı hakimiyyət və xüsusən də həmin vaxt dövlət katibi vəzifəsini daşıyan Əli Kərimliyə qarşı “ifşa materialı” kimi dövr etdirirlər.
Çəkiliş o zaman prezident Əbülfəz Elçibəyin iştirakı ilə keçirilən müşavirədəndir. Nümayiş etdirilən kadrlarda əvvəlcə Əbülfəz Elçibəy, daha sonra Əli Kərimli çıxış edərək vəzifəli şəxslərin, bəzi dövlət orqanlarının korrupsiya əməllərinə yol verməsindən sərt tonda danışır, bununla bağlı ciddi ölçü götürülməli olduğunu deyirlər.
AzTV həmin kadrları təkrar-təkrar verməklə aydındır ki, o vaxtkı hakimiyyətin korrupsiyaya bulaşdığı və bunun etiraf olunduğu fikrini aşılamağa çalışır.
Lakin AzTV-nin hazırladığı həmin süjetin sosial şəbəkələrdəki müzakirəsi göstərir ki, ölkənin ən azı ictimai-siyasi cəhətdən fəal hissəsi bunu o zamankı hakimiyyətin və şəxsən Əli Kərimlinin aktivinə yazırlar. Müzakirələrdə ana xətt dövlət rəhbərlərinin korrupsiya və başqa neqativ hallara qarşı məhz elə çıxış etməli olduğu vurğulanır, indi ölkə başçısı İlham Əliyevin yanında keçirilən “hər şey yaxşıdır”müşavirələri həmin müşavirə ilə mənfi mənada müqayisə edilir.
Hakimiyyətin bu anti-təbliğat cəhdinə AXCP sədri Əli Kərimli də münasibətini bildirib. Özünün Facebook səhifəsində buna cavab verən Əli Kərimli yazır:
Çıxışıma baxanda məmnunluq hissi keçirdim
AzTV öz aləmində AXC hakimiyyətini, o cümlədən məni ifşa edir. Dövlət katibi təyin olunandan 1 ay sonra prezident Elçibəyin yanında keçirilmiş müşavirədə prezidentin və mənim korrupsiya ilə bağlı çıxışlarımızı təkrar-təkrar göstərirlər. Həmin çıxışlarda prezident və mən ölkədə korrupsiya olduğunu etiraf edirik, onunla mübarizə zərurətindən danışırıq. Etiraf edim ki, 20 il öncə edilmiş çıxışıma baxanda məmnunluq hissi keçirdim. Hünərləri varsa, təxminən 40 dəqiqəlik çıxışımı tam olaraq versinlər. Onda hamı xatırlayar ki, korrupsiya ilə mübarizə necə aparılırdı.
Yaşı çatanlar bilir ki, AXC hakimiyyətə gələndə vəzifəli şəxslərin hamısını birdən dəyişmədi. Sabitliyin təmini məqsədilə köhnə hakimiyyətin təmsilçiləri ilə qeyri-rəsmi koalisiya yaradılmışdı. AXC hakimiyyətində bütün ölkə boyu yalnız bir necə yüz cəbhəçi məsul vəzifəyə təyin olunmuşdu. Dövlət aparatında çalışanların 95%-i Kommunist Partiyasının nomenklaturası idi. Korrupsiya ilə də daha çox (əlbəttə, bəzi cəbhəçilər də var idi onların arasında) məhz həmin köhnə – Sovet dövründə formalaşmış kadrlar məşğul idi. Onların əksəriyyəti Heydər Əliyevə simpatiya ilə yanaşırdılar və əl altından onun hakimiyyətə gəlişinə kömək edirdilər. Həmin korrupsionerlərlə ciddi məşğul olmaq planım var idi. Qısa müddətdə neft satışından əldə edilən və xalqdan gizlədilən pulların tapılıb geri qaytarılması, şərab satışındakı, quşçuluq sənayesindəki yeyintiləri, xidməti avtomobillərin özəlləşdirilməsindəki qanunsuzluqları, hərbidə yol verilmiş korrupsiya hallarını araşdırmaq üçün ayrı-ayrılıqda xüsusi səlahiyyətli komissiyalar yaratdıq. Xeyli işlər görmüşdük. Bir neçə aya bütün korrupsionerlər məhkəmə qarşısında dayanacaqdı.
Haqqında danışılan müşavirədən düz 1 ay sonra, 4 iyunda həmin köhnə nomenklatura xarici qüvvələrin dəstəyi ilə Elçibəy hakimiyyətinə qarşı qiyam qaldırdı. Bütün korrupsionerlər, yoxlama, istintaq altında olanlar dərhal Surət Hüseynov və Heydər Əliyevin tərəfini tutdular. Əbülfəz Elçibəy devrildi. Korrupsionerlərə qarşı başlanmış araşdırmalar durduruldu. Bir azdan həmin korrupsionerlər oldular rəsmi YAP-çı, vəzifələri daha da böyüdüldü. Xaricdə qalan neft pulları da daha Azərbaycana qaytarılmadı. Sadəcə bir hesabdan başqa hesaba köçürüldü. Bununla da Azərbaycanda korrupsiya ilə mübarizə dayandırıldı. Korrupsiya dövlət siyasətinə çevrildi.