mn

Əsgərlərin ət təminatında şübhəli alış-veriş

mnTenderlə tənzimlənməli olan alqı-satqı niyə vəzifəli məmurların yaxınlarına verilir?

İlham Əliyevin sahibkarlara dəstək çağırışı niyə məmurların yadına düşmür?

“Hərbi hissələri ətlə təmin etmək üçün hər il formal da olsa, tender keçirilirdi. Bu il isə tender keçirilməyib və əsgərlərin ət istehlakını təmin etmək üç subyektə – ölkə rəhbərliyinin nəzarətində olan “Azərsun Holdinq”ə, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Rasim adlı yaxın qohumuna və ölkənin hərbi prokuroru Xanlar Vəliyevin Daşqın adlı yaxınına həvalə olunub”.
Redaksiyamıza daxil olan bu məlumata görə, hər üç subyektə aylıq bir neçə tonluq ət norması qoyulub və müqaviləyə görə, onlar əti sifarişçiyə – yəni dövlətə 5 manat 80 qəpikdən verməlidirlər. Maraqlısı odur ki, bunlardan yalnız “Azərsun Holdinq”in bu normanı yerinə yetirməyə gücü çatır. Yerdə qalanlar ət istehsalı ilə məşğul olmadıqları üçün yerli fermer müəssislərinə uz tutmaq məcburiyyətində qalıblar. Lakin onların bir kiloqram ət üçün təklif etdikləri məbləğ sahibkarları sözün əsl mənasında şoka salıb. Vasitəçi şirkətlər fermerlərə bir kiloqram ət üçün 3, ən yaxşı halda isə 3,5 manat ödəyə biləcəklərini deyiblər. Təbii ki, qarşı tərəf də məbləğin qeyri-real və bazar qiymətlərindən olduqca aşağı olduğunu deyərək təklifdən imtina edib.
Hazırda Azərbaycanda bu sahə ilə əsasən Xaçmaz, Beyləqan, Ağcabədi, Cəlilabad, Mingəçevir fermerləri məşğul olur. Onlar da bu təsərrüfatları dövlətdən yüzminlərlə kredit almaq hesabına qurublar. Bu halda da onların məhsullarını bu qədər ucuz qiymətə satmaları zərərə işləməkdən başqa bir şey deyil. Bütün bunlardan sonra haqlı olaraq sual yaranır – 3 və ya 3,5 manata necə və haradan normal ət almaq olar?
Üstəlik cəmi bir neçə gün əvvəl prezident Ilham Əliyev müşavirə keçirərək sahibkarları incitməməyi, onlara dəstək olmağı tapşırmamışdımı? Budurmu sahibkarlara dövlət və məmur qayğısı? Axı niyə, dövlət əsgərlərimizin ət istehlakını təmin etmək üçün axtarışa çıxır və nəticədə işi yenə özünə yaxın olan şirkət və şəxslərə həvalə edir? Olmazmı ki, tenderləri elə yerli sahibkarlar udsun, onların da yüzminlik kreditlər hesabına ərsəyə gətirdikləri iş nəticəsiz qalmasın. Əgər müqavilələr birbaşa həmin sahibkarlarla bağlansa, bu zaman onlar da əti vasitəçinin təklif etdiyi 3 manata yox, dövlət təklif etdiyi və bundan təxminən iki dəfə baha olan qiymətə satarlar. Bu halda həm sifarişçi mənşəyi bəlli olan ətlə təmin olunar, həm ət üçün xaricdəki şübhəli mənbələrə üz tutmağa ehtiyac qalmaz, həm də yerli sahibkar qazanmış olar.

Iqtisadçı Rövşən Ağayev deyir ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, yalnız müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün olan hərbi texnika və sursatların, maşın avadanlıqlarının alınması qapalı tenderlə həyata keçirilə bilər: “Qapalı tenderin şərtləri fərqli olur. Qanunda birmənalı şəkildə göstərilir ki, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün geyim, ərzaq, tibbi avadanlıq və dərman məmulatları üçün açıq tender keçirilməlidir. Yəni  prosesin qapalı keçirilməsi tam istisna olunur. Qanuna görə, müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi məbləğdən yuxarı satınalmalar mütləq açıq tenderlə keçirilməlidir. Azərbaycan qanunvericiliyinə görə, dəyəri 50 min manatdan çox olan, dövlət vəsaiti hesabına həyata keçirilən iş və xidmət alışı üçün tender açıq olmalıdır. Eyni qayda Müdafiə Nazirliyinin ərzaq təminatına da aiddir. Qanuna görə, açıq tenderin keçirilməsi ilə bağlı 30 gün ərzində dövlət miqyaslı qəzetlərdə, rəsmi saytlarda mütləq tender elanı yerləşdirilməlidir. Tender elanında hətta alınması nəzərdə tutulan məhsul və xidmətlərin həcmi haqda da tam məlumat olmalıdır. Yəni qanun bu məsələdə açıqlığı tələb edir. Bəs, Azərbaycan reallığında vəziyyət necədir? Söhbət, təkcə müdafiə sahəsindən getmir. Guya səhiyyə, təhsil sistemində vəziyyət fərqlidir və tenderlər açıq keçirilir? Bu sahələrdə də formal keçirilir, şirkətlərin seçimi də tam formal olur. Proses və şirkətlərin kimliyi qapalı qalır. Qanuna görə, tender elanını vermiş mətbuat orqanında tenderi udan şirkət haqda da məlumat verilməlidir. Məsələn, ət istehlakı üçün tenderlər harada gedib? Yaxud gedibsə, nəticəsi necə olub? Faktiki olaraq qanundakı heç bir prosedura əməl olunmur. Adətən, özlərinə yaxın şirkətləri və şəxsləri seçirlər. Yenə mülki sistemdə qanuna əməl olunsaydı, fikirləşərdik ki, bu,  hərbidir, bir az qapalı sistemdir. Amma bizdə heç bir sahədə əməl olunmur”.
R.Ağayevin fikrincə, problemi kökündən həll etməyin yolu var: “Hökumət bu problemin həlli üçün fermerlərlə birbaşa satınalma həyata keçirməlidir. Rusiyada iki il bundan əvvəl qanunda dəyişiklik edildi ki, hökumətin hərbi və sosial sektordakı ehtiyaclarını ödəmək üçün regionlarda satınalmalarda fermerlərin iştirakına şərait yaradılsın. Niyə kənd təsərrüfatı ilə məşğul olmayan hansısa bir şirkət vasitəçi qismində çıxış etməli və dövlətin hərbi sistemini ətlə təmin etməlidir? Hökumət normal hökumət olsa, tenderlərin regionlarda da keçirilməsinə şərait yaratmalı və proses açıq, qanunun tələblərinə uyğun olmalıdır. Dövlət vasitəçi şirkətlər təcrübəsinə son qoymalıdır. Sadəcə olaraq hökumətin, ayrı-ayrı oliqarxların bunda marağı yoxdur”.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bəzi xarici ölkələrdə ucuz qiymətə ət var və ola bilsin ki, vasitəçi şirkətlər də ət alışı üçün həmin ölkələrə üz tuturlar. Amma E.Hüseynov bu məqsədlə mənşəyi bəlli olmayan ətlərə də üstünlük verildiyini istisna etmir: “Söhbət, tonlarla ətdən gedəndə bunu ehtimal etməmək mümkün deyil”.