Artıq ənənə halını almış Xocalı mərasimlərinə yenə start verilib. Tədbir elanlarının ardı-arası kəsilmir. Hər yerdə tədbirdi. Yenə xaricdə yaşayan azərbaycanlıları, türkləri bir araya toplayacaqlar. Və eyni olayı illərdir ki, həmin tədbirlərdə iştirak edənlərə danışacaqlar. Bir düşünməyəcəklər ki, bütün bunlardansa, Avropanın mərkəzində abırlı bir abidə qoyulsun. Heydər Əliyevə Serbiyada, Rumıniyada, Meksikada və daha haralarda heykəl ucaldana qədər Xocalı soyqırımı üçün o ölkələrdə abidə ucaltmaq olmazmı?
Avropa göz yaşlarına niyə inanmır?
Əgər, həqiqətən soyqırıma məruz qalan insanların halına acıyıb, torpaqlarımızın işğalını dünyaya çatdırmaq istəyirlərsə, öncə daxildə ədalətli olmalıdılar. Ancaq daxildə insanları əzib, xaricdə Heydər Əliyevə heykəl qoymaq yarışına girirsənsə, kimsə sənin soyqırımını tanımayacaq. Internet əsrində sərhədləri nə qədər qapasan da, ölkədə baş verənləri gizlədə bilməzsən. Və gizlədə bilmədiyin üçün də bu gün Hollandiyada yaşayan gənc bilir ki, Əkrəm Əylisli “Daş yuxular” əsərində azərbaycanlıları nə qədər təhqir edirsə, onu “Akop” adlandıran dövlət məmuru Cavid Qurbanov ondan daha artıq təhqir edir.
Məgər Azərbaycandakı səfirlər, konsullar, diplomatik nümayəndəliklərin işçiləri, xarici şirkətlərin əcnəbi əməkdaşları görmürlərmi ki, 2013-cü il yanvarın 20-də 1990-cı il olaylarının 23 illiyini qeyd edən, sovet faşizmindən danışanlar ondan bir gün öncə “Binə” yarmarkasının sadə ticarətçilərini dinc aksiya keçirmək istədiklərinə görə atəşə tutdururlar? Dünyanın ikili standartından danışan hakimiyyətin Ismayıllıda xalqı təhqir edən məmur balasını yox, ora yazı yazmağa gedən Tofiq Yaqublunu və siyasətçi Ilqar Məmmədovu günahsız həbsə atmağından Avropa, Amerika xəbərsizdirmi? Əgər bir qəzetin baş redaktorunu məhz qisas almaq üçün şərləyib həbsə atırsansa, Avropa görmürmü ki, sən özün öz vətəndaşına ikili standartla yanaşırsan? Sən ölkədə vətəndaşları özününkülərə və özgələrə bölürsənsə, dünya da səni özgə gözündə görəcək.
Sən hələ də sovetlər zamanı Kommunist partiyasında, indi YAP-da olanları vəzifəyə təyin edirsənsə, on illərlə dəyişiklik etmirsənsə, Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş şəxsi ailə münasibətlərinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə (Niderlanddakı səfir Mirhəmzə Əfəndiyev) səfir göndərirsənsə, Avropa sənin idarəetmə prinsiplərinə ironiya edəcək. Çünki artıq burda hamı bilir ki, Mirhəmzə Əfəndiyev ailə münasibətlərinə görə Avropaya istirahətə göndərilib. Məhz buna görə də o, Benilüks Azərbaycanlılar Konqresinin Den Haag (Haaqa) şəhərində təşkil etdiyi Qarabağ müzakirələrini yarımçıq tərk edərkən Qənirə Paşayevadan başqa kimsə ilə vidalaşmadı. Onun Qarabağla bağlı tədbiri yarımçıq tərk etməsindən sonra isə Gürcüstanın səfiri, Qazaxıstan və Türkiyə səfirliklərinin nümayəndələri tədbirdən getdilər. Qarabağ tədbirini yarımçıq tərk edən, tədbir boyunca Bakıdan gəlmiş deputatla dayanmadan pıçıldaşan bir səfirin otel və ya restoranda təşkil etdiyi Xocalı mərasimi nə dərəcədə effekt doğura bilər?
Çox faktlar sadalaya bilərəm. Reallıq isə odur ki, avropalılar çox həssas, hər şeyə diqqət edən insanlardır. Və bu insanlar, cəmiyyətlər görəndə ki, sən saxtakarlıqla məşğulsan, Xocalıdakı qırğından danışırsan, amma özün danışan səsləri kəsdiyinə görə dünyada mətbuat azadlığına görə 154-cü yerdəsən, sənə bir kimsə inanmaz. Xüsusən də dünyada media azadlığına görə 2-ci yerdə olan Niderland.
Ona görə də öncə özünüz ədalətli olun, sonra başqalarından ədalət tələb edin!

Xocalı üçün göz yaşları
•