Hakimiyyətin təsəlli çətiri

yaxud, pis yozulan yuxu

Arabir çəki atmaq, daha doğrusu ət tökmək üçün rejim kanallarına baxmaqda fayda var. Bu kanalların ikinci faydalı tərəfi isə, insan psixologiyasının elmə məlum olmayan sirlərini öyrətməsidi. Məsələn, insan qızarmadan necə yalan danışa bilər, tərəddüd keçirmədən necə böhtan atmaq olar, maddiyyat qarşılığında necə ürəkdən yaltaqlanmaq mümkündü və s.
Ancaq son bir neçə həftədə bu kanallara baxmaqla bir şeyə əmin oldum. Hakimiyyətin nə qədər çarəsiz, nə qədər acınacaqlı durumda olduğunu gördüm. Bildiyiniz kimi, AzTV-lərdə Əylisli gecələri davam edir. Bunun səbəbi romanın taleyüklü olmasıdımı? Qətiyyən.
Əslində hakimiyyət Əkrəm Əylisliyə ürəyində hər gün təşəkkür edir. “Daş yuxular”dan hakimiyyət çətir kimi istifadə etməyə başladı. Və bu çətiri əldən buraxmaq istəmir. Çünki arxasında gizlənə biləcəyi yeni çətiri tapacağına əmin deyil.
Son bir il hakimiyyətin yaddaşında həzm edə bilmədiyi təam kimi qaldı. Amma rejim bir şeyi anlamır ki, “Daş yuxular” Elşadın videolarını təkzib etmir, əsgər ölümlərinin səbəbi deyil, Ismayıllı aksiyasına təkan verməyib. Yəni bu arqument deyil, zərbəyə qarşı əks zərbə effekti verməyəcək.
Çətir insanı yağışdan qoruya bilər, qaya parçasından isə əsla. Hələ bu çətirin deşikləri varsa, ümumiyyətlə, etibarsızdı…
Rejim bu romanı gündəmə çevirməklə, həm də bir şeyi sübut etmiş oldu ki, o öz bostanına daş atılanda “qarpızların” qeydinə qalır. Özü isə xalqın bostanını daşla suvarır. Bu xalqı 20 ildi yuxuya verib, taleyini daşa çevirəndən sonra millət sevdalısı kimi görünmək mümkün deyil axı.
Mübariz Qurbanlı, Əli Əhmədov, Zahid Oruc əsgər ölümlərinə etiraz edən gənclərə cəza veriləndə niyə Ictimai kanalda məhkəmə qurmurdular?
Erməniyə tərif yazanı tənqid etdiyinizi başa düşdük, erməni qarşısına çıxacaq əsgərimizin ölümünə etiraz etməyimizi niyə tənqid edirsiniz?
Nitsşe yazırdı ki, “bizim geyə biləcəyimiz ən yaxşı maska öz üzümüzdü”. Bütün ömrünü öz üzünə həsrət qalaraq yaşamaqdan böyük faciə yoxdur. Həqiqətləri təhrif etməyə o qədər vaxt sərf etmisiniz ki, həyatınız yalanın qucağında böyüyüb.
Əli Kərimlinin kitabı
Ancaq telekanallara yenə də təşəkkür etmək məcburiyyətindəyəm. Bütün işlərin arasında Əli Kərimliyə yenə də yer ayırıblar. Elə bilməyin ki, prezidentin son çıxışına verdiyi tutarlı cavabı yayımlayıblar, yox, sadəcə olaraq Əli Kərimlinin 20 ildir yazdığı “kitabın” növbəti səhifəsini vərəqləyirlər. O kitabda isə nə ermənilərə tərif, nə də rejimə mədhiyyə var.
Istədiyin şeyi tapmayanda insanda əsəb yaranır, əsəbi başda isə ağıl olmaz. Zərbələrdən qorunmaq üçün rəqibin əlcəyin geyinmək həmişə uğurlu olmur.
Cənablar, corabın başı çoxdan sökülməyə başlayıb, cırıq corabla isə ayaqları mikrobdan qorumaq mümkün deyil. Kəsilib atılmaq ehimalı yüksəkdi.
Aksiyalar nəyi dəyişdi?
Bəzi ağzıgöyçəklər bizim istənilən aksiyamıza ağız büzməyi, “bu nəyi dəyişəcək ki” ənənəvi “arqumentini” təkrarlamağı özünün bəraətinə çevirib. Birincisi, aksiyalar hansısa müxalifətçinin gecə yatıb yuxuda gördükləri əsasında yaranmayıb. Konstitusiyada “sərbəst toplaşma azadlığı” haqqında maddə var. Biz də bu maddəyə əməl edirik. Ikincisi, bu aksiyalarla biz ictimai fikri formalaşdırırıq, insanlara göstəririk ki, ölkədə etirazçı təbəqə ölməyib, qoy haqsızlığa qarşı döyüşmək istəyənlər, onun kimi düşünənlərin çox olduğunu əyani şəkildə görsün.
Üçüncüsü, bu aksiyalar baş verməsəydi, möhtərəmin son çıxışının həzzini yaşamayacaqdınız.
Unutmayaq, avtoritar rejimin idarəçiliyində yaşayırsansa, bütün neqativ halları ictimailəşdirmək sənin vətəndaşlıq borcuna çevrilir.

İlham Hüseyn