«Bu quruma qarşı ölkə başçısı səviyyəsində sanksiyalaşdırılmış siyasət aparılır»
Avropa Birliyinin Azərbaycanla bağlı bəyanat və tələbləri sərtləşdikcə hökumətdən də adekvat reaksiyalar gəlir. Son olaraq Xarici Işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qurumun ünvanına ittihamlar səsləndirib. E.Abdullayev Avropa Birliyinin Azərbaycanda insan haqlarına dair son bəyanatını təhqiqat işinin gedişinə müdaxilə kimi dəyərləndirib:
“Bu qəbulolunmazdır və təəccüb doğurur. Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz, çünki Azərbaycanda da istintaq prosesi bütün dünyada olduğu kimi müstəqildir. Kimə hansı ittihamların irəli sürülməsini təhqiqat orqanları özləri müəyyənləşdirir. Təəccüb doğuran isə odur ki, daim müstəqil məhkəmə proseslərinin keçirilməsinə tərəfdar olduğunu bəyan edənlər bu gün Azərbaycanda istintaq prosesinə təzyiq etməyə çalışırlar. Bu kimi bəyanatlar Avropa Birliyinin obyektivliyinə kölgə salır”.
Avropa Birliyinin Azərbaycanda insan hüquqlarının və demokratiyanın pozulması ilə bağlı son bəyanatı fevralın 14-də yayılıb. Qurum Ilqar Məmmədovla Tofiq Yaqublunun həbsini pisləyərək onların dərhal azadlığa buraxılmasını tələb edib: “Azərbaycan hakimiyyətini bu iki müxalifətçini dərhal azad etməyə, həmçinin onlara qarşı irəli sürülən ittihamları şəffaf və ədalətli araşdırmağa çağırır”. Qurum həmçinin hökuməti yanvarın 26-da Bakıda aksiya zamanı həbs olunan, eləcə də Ismayıllıda etiraz aksiyasının iştirakçılarına qarşı irəli sürülən ittihamları obyektiv araşdırmağa da səsləmişdi”.
Xatırladaq ki, bundan əvvəl prezident Ilham Əliyev də dolayı yolla Avropa Birliyini ittiham etmişdi. “Yalnız üzvü olduğumuz qurumlar qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik” deməklə AB-yə Azərbaycan hökumətinin bu qurumla bağlı mövqeyini çatdırmışdı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, əslində Azərbaycan hökuməti tək Avropa Birliyi ilə yox, bütün demokratik dünya ilə qarşıdurma yolunu tutub: “Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə edən bütün beynəlxalq təşkilatlar bu hökumət üçün arzuolunmazdır. Hakimiyyət bu tip qurumları qərəzli olmaqda, Azərbaycanın daxili işlərinə qarışmaqda, hətta bir az da uzağa gedib erməni lobbisinin maraqlarına uyğun fəaliyyət göstərməkdə ittiham edir. Müasir dünyada demokratiya, insan hüquq və azadlıqlarına hörmət heç bir ölkənin daxili işi deyil. Azərbaycan da bu dəyərləri təmin etməklə bağlı beynəlxalq qurumlar qarşısında öhdəlik götürüb. Öz növbəsində bu qurumların, eləcə də Avropa Birliyinin vəzifəsidir ki, əməkdaşlıq etdiyi ölkədə insan haqları və demokratiyanın vəziyyətinə öz münasibətini ifadə etsin. Lakin Azərbaycan hakimiyyəti hər tənqid olunanda ənənəvi ritorikanı işə salır. Avropa Birliyi ilə də bağlı belə tendensiya formalaşıb. Çünki bu qurum Azərbaycanda gedən demokratik proseslərə dəstək mövqeyini ifadə edir. Bu da hakimiyyəti narahat edir. Ona görə də bu quruma qarşı ölkə başçısı səviyyəsində sanksiyalaşdırılmış siyasət aparılır”.