Sabiq rektor qardaşının işi ilə bağlı ABŞ-ın rəsmi Bakıya təzyiq etməsinə çalışır
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevlə bağlı işin açılmasında israrlarını davam etdirir. Elşad Abdullayev Mahir Abdullayevin Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil dəstə tərəfindən oğurlandığını bildirir. Sabiq rektor deyir ki, bu dəstə Azərbaycanın yüksək rütbəli məmurları tərəfindən himayə olunur. Elşad Abdullayev bu sırada xüsusi olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkir.
Sabiq rektorun sözlərinə görə, Mahir Abdullayevlə bağlı cinayətin bu günə qədər açılmaması da Ramiz Mehdiyevin “xidmətidir”.
“Azadlıq”a daxil olan məlumata görə, Elşad Abdullayev bu məsələni Avropa və Haaqa məhkəmələrinə daşımaqla qardaşının oğurlanması ilə bağlı müstəqil şəkildə araşdırma apardığı videoçəkilişlərin əsas hissələrini də yaxın vaxtlarda yaymağı planlaşdırır.
Bundan başqa Elşad Abdullayev qardaşının oğrulanması ilə bağlı cinayətin açılması üçün ABŞ prezidenti Barak Obamadan kömək istəyib. Sabiq rektor bununla bağlı Ağ Evin veb-səhifəsində aşağıdakı məzmunda petisiya yerləşdirib: “Mahir Abdullayevin oğurlanması ilə əlaqəli olan şəxslərin dərhal cəzalandırılmasını istəyirik. Obama administirasiyasını ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı MTN-in əməkdaşı Mahir Abdullayevin oğurlanmasında iştirak edən şəxslərin tapılması və cəzalandırılması üçün Azərbaycan hökumətinə təzyiq etməyə çağırırıq”.
Elşad Abdullayev bunula bağlı “Azadlıq”a göndərdiyi müraciətdə Azərbaycan cəmiyyətini ona dəstək olmağa çağırıb: “Hörmətli həmvətənlərim! Xahiş edirəm ABŞ Prezidenti Barak Obamaya imza toplama müracətimizə qoşulasınız. 10 ildir ki, qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat – “ölüm eskadronu” tərəfindən oğurlanıb. Mütəşəkkil cinayətkar təşkilata Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev havadarlaq etdiyi üçün nə cinayəti edənlər, nə də, cinayəti sifariş edənlər cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycanda tam cəzasızlıq şəraitidir, ölkə huquqi böhran vəziyyətindədir, insan hüquqları total şəkildə pozulur, Azərbaycan hökuməti problemi həll etmək əvəzinə zərərçəkmişi təhdid etməklə məşğuldur”.