guler-ehmedova3

Gülər Əhmədovanın obyektinə əl qoyuldu

guler-ehmedova3Media keçmiş deputatın kamera qonşusunu tapdı; onun təcridxanadan çıxarıldığı deyilir

Bir neçə gün əvvəl həbs olunan keçmiş deputat Gülər Əhmədovanın əmlakı siyahıya alınıb. Keçmiş deputata qarşı ittiham elan olunmuş CM-nin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsində həm də əmlakın müsadirəsi məsələsi var. Bu baxımdan istintaq altında olan şəxsin əmlakının üzərinə həbs qoyulması başadüşüləndir. Amma həbs altında olan əmlakın müsadirə olunub-olunmaması haqda son qərarı məhkəmə verir. Amma məlumat yayılıb ki, Gülər Əhmədovanın bir sıra əmlakları artıq əlindən alınıb.

“Musavat.com”un yaydığı xəbərə görə, Gülər Əhmədovanın metronun “Içərişəhər” stansiyasının yaxınlığında, Şeyx Şamil küçəsi, 2 ünvanında yerləşən və qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən “Beauty center” salonu artıq ələ keçirilib. Obyektin yeni sahibinin kimliyi isə bilinmir.

“AzNews.az” keçmiş deputatın Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanma şəraitilə bağlı maraqlı məlumat əldə edib. Xəbərdə bildirilir ki, Gülər Əhmədova hazırda Ulduzə adlı qadınla eyni kamerada saxlanılır. Həmin xanımın da dələduzluq ittihamı ilə həbs olunduğu bildirilir.
Yeri gəlmişkən, Gülər Əhmədovanın vəkili Eldar Qədimi mətbuata açıqlamasında təcridxanada müvəkkilinin səhhətində problemlər yarandığı və nəticədə vəziyyətinin pisləşdiyini bildirib. Vəkilin sözlərinə görə, həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyub.

Maraqlıdır, bu xəstəlik nə dərəcədə təhlükəlidir və hansı hallarda baş verir? Ümumiyyətlə, belə xəstəlikdən əziyyət çəkən insanın həbsdə saxlanılması onun həyatı üçün təhlükə yaradırmı? Bu sualla həkim Rasif Bağırova müraciət etdik.
Mütəxəssis deyir ki, belə diaqnoz qoyulan şəxslərin həyatına təhlükə yaranması üçün uzun illər lazımdır: “Bu xəstəliyə əksər hallarda Gülər Əhmədova kimi nisbətən canlı adamlarda yox, daha çox arıq adamlarda rast gəlinir”.
Ekspert əlavə etdi ki, təhlükəli xəstəlik kimi, ağciyərdə maye yığılmasını misal göstərmək olar ki, həmin adamları da təcili şəkildə xəstəxanaya yerləşdirirlər, vərəm mənşəli olduğu üçün onları cəmiyyətdən təcrid edirlər.

Fevralın 17-nə keçən gecə isə xəbər yayılıb ki, sabiq deputat Bakı İstintaq Təcridxanasından çıxarılıb. “Musavat.com”un yaydığı məlumata görə, onu saxlandığı kameradan çıxarıb Penitensiar Xidmətin Böyükşordakı xəstəxanasına köçürüblər. Lakin bunu mediadan və ictimaiyyətdən gizli saxlayırlar. Gülər Əhmədovanın vəkili Eldar Qədimi onda bu barədə məlumatın olmadığını deyib. “Az öncə Gülər xanımın həyat yoldaşı ilə də əlaqə saxladım. Belə bir məsələ olsaydı mənə deyərdi”.

Ölkənin hüquq müdafiəçilərindən biri isə sayta deyib ki, əgər onu saxlandığı kameradan səhhətinə görə çıxarıblarsa, Böyükşordakı xəstəxanaya köçürmə etməyə gərək yoxdur: “Bakı İstintaq Təcridxanasının özünün Avropa standartlarında “sançast”ı var, Penitensiar xidmətin qeyd olunan xəstəxanası onun yanında çox geri qalır. Buna görə də, ehtimalən G. Əhmədovanı həmin tibbi hissəyə köçürüblər ”.

Informasiya şöbəsi