Deputat naziri istefaya çağırdı

Zahid Oruc Füzuli Ələkbərovu ünvalı sosial yardımı öz şəxsi maraqları naminə istifadə etməkdə suçladı

Parlamentin dünənki iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fəzail Ağamalı Ilham Əliyevin icra strukturlarının rəhbərlərinə xəbərdarlığına toxunub. O, həmkarlarını ölkə başçısı ilə həmrəy olmağa çağırıb: “Yolunu azmış, harınlamış məmurlarla mübarizə məsələsində Milli Məclis də özünün prinsipial mövqeyini ortaya qoymalıdır. Mən ad çəkmək istəmirəm, adlar məlumdur. Prezident addımlar atmağa başlayıb. Biz həmişə prezidentlə bir yerdə olmuşuq, onun siyasətini dəstəkləmişik. Yolunu azmış, harınlamış məmurların idarəçilikdən uzaqlaşdırılmasında da prezidentlə birgə olmalıyıq”.
Deputat Iqbal Ağazadə isə Ismayılı hadisələrindən sonra REAL hərəkatının sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinin cəmiyyətdə bir sıra suallar yaratdığını söyləyib: “Hadisədən iki gün sonra birinin müxbir, digərinin aktiv şəxs kimi rayona getməsinə görə həbs olunması anlaşılmazdır. Məsuliyyəti hakimiyyətin üzərindən müxalifətin üzərinə atmağın nə yeri var? Prezidentin çıxışından sonra Ismayıllı hadisələrinə görə həbs olunanların hamısı azadlığa buraxılmalıdır”.
Deputat Fazil Mustafa Tofiq Yaqublunun qızından sonra özünün həbsinin düzgün olmadığını söyləyib. “Ancaq Ilqar Məmmədov məsələsi fərqlidir. Bu şəxs millət vəkillərini, Milli Məclisi təhqir edib. Heç olmasa millət vəkilləri onu müdafiə etməsin”, – deyə Fazil Mustafa bildirib.
Deputat Sabir Rüstəmxanlı  günahsız insanların həbsdə saxlanmasının düzgün olmadığını vurğulayıb: “Prezidentin çıxışının mahiyyətində də bu vardı. Biz dəfələrlə dövlət orqanlarına müraciət edirik, cavab vermirlər. Tofiq Yaqublu və qızı niyə həbsdə saxlanılmalıdır? Nə olub, ata-bala ölkəni dağıdırlar?!”
Deputat Zahid Oruc isə məmurları Roma papası XVI Benediktdən nümunə götürməyə çağırıb: “O, 86 yaşında üzünü Allaha tutaraq dedi ki, ola bilər dini ayinləri yerinə yetirəndə düzgün etməmişəm və buna görə bağışlanmağımı xahiş edirəm. Bəzi məmurlar isə elə bilirlər ki, onlar əvəzedilməzdir və ömür boyu o kresloda oturacaqlar. Onlar XVI Benediktdən nümunə götürməlidirlər.
Dövlətin imkansızlara yardım üçün təsis etdiyi ünvalı sosial yardımı öz şəxsi maraqları naminə istifadə edənlər özlərində cəsarət tapıb istefa verməlidirlər. Onsuz da onlar xalqın hədəfində olan adamlardır. Yetər ki, o adamlar istefa versin, dövlətin syiasəti davam etsin”.