BBC də Əkrəm Əylisli qalmaqalını araşdırıb

«Yanvarda ölkə boyu ciddi etiraz aksiyaları keçirildiyindən, hakimiyyət diqqəti yayındırmaq üçün bu mövzunu ortaya atdır»

Əkrəm Əylisli: «Ədəbiyyata bu cür yanaşma stalinizmlə feodalizmin sintezi olan bir yanaşmadı»

Qalmaqallı “Daş yuxular” əsərinə görə yazıçı Əkrəm Əylisliyə qarşı hücumlar artıq beynəlxalq müstəvidə də müzakirə mövzusudur. Xəbər verdiyimiz kimi, yazıçının ətrafında cərəyan edən hadisələrə ABŞ Dövlət Departamentindən tutmuş, Avropa Şurası, Avropa Birliyinə qədər ən müxtəlif qurumlar kəskin reaksiya verib. Dünyanın nüfuzlu media orqanları bu mövzuda məqalələr yayımlayıb. Ən əsası, bu gün dünya Əkrəm Əylislinin yazdığı əsərin məzmunundan daha çox, yazıçıya qarşı başlanmış hücum kampaniyasından danışır.
Türkiyə mediası da mövzunu diqqətdən kənarda qoymayıb. Məsələn, “Hürriyet” qəzeti Əkrəm Əylislidən bəhs edən məqaləni “Azərbaycanda yazıçının qulağını kəsməyə çağırdılar, Avropa Birliyi ona sahib çıxdı” başlığıyla təqdim edib. “Hürriyet”dəki məqalədə, eləcə də Türkiyə mediasında bu mövzuda digər yazılarda vurğulanır ki, Əkrəm Əylisli ətrafında baş verənlərin arxasında hakimiyyətin dayanır.
BBC-nin saytında yayımlanan “Azərbaycan yazıçısı yazdığı əsərə görə təqib olunur” başlıqlı məqalədə də müəllif belə nəticəyə gəlib ki, yanvar ayında ölkə boyu ciddi etiraz aksiyaları keçirildiyindən, hakimiyyət diqqəti yayındırmaq üçün mövzunu ortaya ataraq, kampaniya həyata keçirib. Bununla belə, müəllif onu da qeyd edir ki, Əkrəm Əylislinin qələmə aldığı mövzu azərbaycanlılar üçün ağrılı məsələdir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyona qədər insan ev-eşiyindən didərgin düşüb. Hər iki tərəfdən 30 mindən artıq insan həlak olub.

Əkrəm Əylisli səfirlərə nə deyib?

“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, Əkrəm Əylisli ona qarşı hücumlarla əlaqədar xarici ölkə səfirliklərinə müraciət edib. Dünən “bakuinfo.az” saytı yazıçının fevralın 13-dəÿBakıda otellərdən birində Polşa, Avstriya və Hollandiyanın səfirləri, həmçinin Almaniya səfirinin müavini, Avropa Ittifaqının Bakı ofisinin nümayəndəsi və bir sıra başqa Qərb ölkələrinin diplomatları ilə görüşdüya haqda məlumat yayıb.
Məlumata görə, görüşü Polşanın Azərbaycandakı səfiri Mixal Labenda təşkil edib. Görüşdə Ə.Əylisli Qərb diplomatlarına vəziyyətinin dözülməz olduğunu, ona qarşı basqıların günü-gündən şiddətləndiyini bildirib. Əylisli diplomatlara Qərb ölkələrinin və institutlarının dəstəyinə ehtiyacı olduğunu deyib.
Əkrəm Əylisli özü isə “Azadlıq”a açıqlamasında bu xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən çox yorulmuşam, bir müddət dincəlmək, özümə gəlmək istəyirəm. Ona görə də heç bir məlumat verməyəcəyəm”.
Yeri gəlmişkən, Əkrəm Əylisli “Azadlıq” radiosunun Özbəkistan xidmətinin “Yazıçı sözü və məsuliyyət” mövzusunda keçirdiyi dəyirmi masaya telefonla qatılıb. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin onun qulağını kəsənə 10 min manat mükafat vəd etməsinə toxunan yazıçı bildirib ki, sivil ölkələrdə hətta sıravi vətəndaşa münasibətdə belə bəyanat verən adamları hüquq-mühafizə orqanları həbs edir: “Özüm şəxsən bu adamı tanımasam da, Azərbaycan cəmiyyəti onu yaxşı tanıyır. Birinci dəfə deyil ki, o adam cəmiyyətdə kimisə hədəfə alır, belə bəyanatlarla çıxış edir. Hakimiyyət lap əvvəldən ona qarşı ölçü götürməli, onun belə çirkin, qansız və qanunsuz bəyanatlarına son qoymalı idi”.
Əkrəm Əylisli onu da əlavə edib ki, onun romanı Azərbaycan xalqına baş ucalığı gətirən əsərdir: “Amma bəzi siyasi dairələr bunu Azərbaycan xalqını alçaldan əsər kimi qələmə verirlər. Bu kitab ətrafında baş verənlər yəqin ki, indiyəcən dünyanın heç bir yerində baş verməyib. Gedirlər mənim kəndimdə adamları yığırlar, kitabımı yandırırlar. O adamları ki mənim bu əsərimdən heç xəbərləri yoxdur. Ədəbiyyata bu cür yanaşma stalinizmlə feodalizmin sintezi olan bir yanaşmadı”.

Aytən Məmmədova