Rayon sakini özünü «fövqəlnazir»in maşını altına niyə atmaq istədi?
Əməkdaşımızın zəlzələ bölgəsində görüb qeydə aldıqları
Oktyabrda tikilən məktəbin tavanı uçub; qəzalı vəziyyətdə olan evlərin çoxu diqqətdən kənardadır; hökumət ayrı-seçkilik edir; diqqətsizlik bir qadını iflic edib
Yenə zəlzələdən əziyyət çəkən bölgəyə – Zaqatalaya səfər etdik. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təşkilatçılığıyla baş tutan bu səfərin əsas məqsədi təbii fəlakətdən sonra tikilən mənzillərlə bağlıdır. Çünki rəsmi məlumatlarda tez-tez vurğulanır ki, hökumət Zaqatala-Balakəndə 3 mindən çox ev tikib, problemlər həll olunub.
Bütün bu deyilənlərin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını yerindəcə öyrənmək üçün şimal-qərb bölgəsinə üz tutduq…
Hökumətin siyasi ayrı-seçkiliyi
Ötən ilin mayında və oktyabrında baş verən bir neçə zəlzələ yüzlərlə evə ziyan vurub. Əksər kəndlərdə evlər ya qəzalı vəziyyətə düşdü, ya da tamam uçdu. Vətəndaşlara çadırlar verildi, ilk təəssürat bu oldu ki, problemləri aradan qaldırmaqda maraqlıdırlar. Ancaq proseslərin sonrakı gedişi göstərdi ki, bu heç də belə deyil.
Üz tutduğumuz ilk məkan Faldarlı kəndi oldu. Bu kənddə, demək olar, tikilən bütün evlərin heç biri istifadə verilməyib. Baxmayaraq ki, hökumət nümayəndələri mənzilləri tam istifadəyə verirmiş kimi “yuxarı”lara göstərib.
Kəndin əhalisinin sayı 2200 nəfərdir. Burada 400-dən çox ev var. Zəlzələ buranın, demək olar, 90 faizinə zərər yetirib. Sakinlərin əksəriyyətinin mənzilinə sadəcə bir dəfə baxış keçirilib və bununla iş bitmiş sayılıb.
Kənd sakini Əli Rüstəmov deyir ki, onun evinə baxış üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyası cəmi bir dəfə gəlib. Evin bərpa-təmir olunması üçün rəy verib. Bundan sonra isə heç bir iş görülməyib. Nə ev təmir-bərpa olunub, nə də ikinci-üçüncü baxış.
Güloğlan Səfərovun ailəsi üçün iki mərtəbli ev tikilib. Mənzilin damı örtülsə də yaşayış üçün hələ yaramır. Səfərovlar ailəsi qışın sazağından özlərini qorumaq üçün yarıtəmirli evin bir otağını düzəldib orada yaşayırlar. Iki aydır ki, mənzilin təmiri üçün heç bir iş görülmür. Hökumət zəlzələ məsələsində də öz siyasi ayrı-seçkiliyini göstərir. Belə ki, sözügedən kənddə müəllim işləyən Müsavat partiyasının üzvü Novruz Hacızadə deyir ki, evinin təmirə ehtiyacı var: “Ötən ilin mayında baş verən zəlzələ evimdə çat əmələ gətirdi. Oktyabrdakı təbii fəlakət isə mənzilimi yaşayış üçün tamam yararsız hala saldı. Müsavatçı olduğuma görə mənə yardım eləmirlər. Komissiya əvvəlcə baxış keçirdi, bərpa-gücləndirmə olunmalıdır rəyini yazdı. Ancaq sonradan dedilər ki, sənə yardım olunmayacaq.
Oktyabrda tikilən məktəbin tavanı uçub
Faldarlıda olanda kənd məktəbinə də baş çəkdik. Məktəbin açılışında Kəmaləddin Heydərov iştirak edib. Ötən ilin oktyabrında lenti kəsilib və istifadəyə yararlı kimi qələmə alınıb. Ancaq indi məktəbdə dərs keçilmir. Səbəb isə istilik sisteminin olmamasıdır. Bundan başqa, idman zalının da tavanı çöküb. Deyirlər ki, idman zalında bir neçə dəfə şagirdlər voleybol oynayıb. Hər şey elə bundan sonra başlayıb. Belə ki, tavana vurulan materiallar uçub. Bundan başqa, pilləkənlərə vurulan plitələr də yerindən çıxır.
Məktəbin yaxınlığından isə tarixi bina olan məscidin köçürülməsi planlaşdırılır. Kənd sakinlərindən öyrəndik ki, bu barədə Mədəniyyət Nazirliyinin qərarı var. Hökumət təhsil ocağının yaxınlığında məscidin olmasından dərin narahatlıq keçirir. Buna görə də tarixi binanı sökmək qərarına gəliblər.
Zəlzələnin iflic etdiyi qadın
Faldarlıda zəlzələdən əziyyət çəkən sakinlərdən biri də Soltanovlar ailəsidir. Ailənin başçısı Bayraməli Soltanov deyir ki, qəzalı vəziyyətdə olan mənzillərinə komissiya bir dəfə baxış keçirib. “Bərpa-gücləndirmə” yazıb və çıxıb gedib: “Ilk zəlzələ mayda olub. Cəmi bir dəfə gəlib, evə heç baxış keçirmədilər. Həyətdən rəy yazdılar və getdilər. O vaxtdan bu yana gəlməyiblər”.
Bayraməlinin anası Sultan Soltanova indi iflic vəziyyətdədir. Yataqda gününü keçirən bu qadının belə bir xəstəliyə düçar olmasının səbəbi də hökumətin yartımaz siyasətidir. Belə ki, zəlzələdən sonra qəzalı evində yaşayan bilməyən bu ahıl yaşlı insan iki ay həyətdə yaşayıb. Komissiya bu ailəyə gecələmək üçün çadırı belə çox görüb. Nəticədə Sultan Soltanova iflic olub. Hökumətin bütün qayğılarından məhrum olan Soltanovlar ailəsi hazırda 6 nəfəlik üzvləriylə qəzalı mənzillərində yaşamağa məhkumdurlar.
“Komissiya gəlib dedi ki, biz xəstəni remont eləməyə gəlməmişik, evləri remont eləyirik. Remont deyirlər, ancaq heç nə etmirlər. Vəziyyətimiz çox pisdir”, – deyə Bayrəməli Soltanov bildirir.
Rəsmilərin təsdiq və təkzibi…
Faldarlıdan ayrılıb, Qanfax kəndinə üz tuturuq. Bu kəndin sakinləri deyir ki, hökumət əksər “bərpa-gücləndirmə” rəyi yazılan evlərin sahiblərinə 3-4 min manat arasında kompensasiya verib. Bu pulla isə onlar qəzalı vəziyyətdə olan evlərini təmir edə bilmirlər. Verilən pulun evin damını tikməyə yetdiyini deyən qandaxlılar hələ ki, heç bir iş görmədiklərini söyləyirlər.
Biz Qandaxda olan zaman icra başçısının müavini, nümayəndələri və FHN-nin yerli komissiyasının sədri Elmar Ramazanov kəndə təşrif buyurdular. Onlar nə məqsədlə bura gəldiyimizi biləndən sonra elə sakinlərin qarşısında hesabat verirmiş kimi çıxış etməyə başladılar.
Elmar Ramazanov Kəmaləddin Heydərovun bir neçə gün öncə bölgəyə gəldiyini xatırladaraq yerdə qalan işlərin görüləcəyinə söz verdi. O, hazırda rayonun daha böyük kəndlərində işlərin yekunlaşmasından sonra Faldarlı, Qandax kəndlərindəki problemli evlərə də baxış keçiriləcəyini bildirdi. Onun sözlərinə görə, qəzalı evlərdən hansının yenidən tikilməli olduğuna dair rəy verilsə, həmin evlər yenidən tikiləcək. Rəsmilər iki ay tikinti işlərinin dayanmasını təkzib, ancaq ləngimələr olduğunu da etiraf etdilər.
Kənd sakinləri isə rəsmi şəxslərə komissiyadan narazı olduqlarını söylədilər. Dedilər ki, komissiya həyətlərə girib evə baxış keçirmədən istədiyi qərarı yazıb gedir. “Onlara sözünüzü deyin”- FHN-nin nümayəndəsinin bu sözünə “Adicə salamımızı almırlar. Salam veririk, sağ ol belə demirlər. Daha onlara nə deyək. Nazirliyə müraciət edirik, cavab gəlir ki, eviniz qəzalı deyil. Bakıda oturanlar haradan bilir ki, ev qəzalıdı, yoxsa yox? Gərək mənzilə baxış keçirsinlər də” cavabını verdilər.
Rəsmilər problemlərin qısa zamanda həll olunacağını deyib, çıxıb getdilər.
Nazirin kortejinin qarşısında özünü öldürmək istədi
Zaqatalanın Mamrux, Çobankol, Danaçı, Aşağı və Yuxarı Tala, Qımır, Ələsgərli və başqa kəndlərində acınacaqlı vəziyyət hökm sürür.
Danaçı və Çobankol kəndlərində ona yaxın ev tikilib sakinlərə verilib. Xatırladaq ki, zəlzələdən 9 ay keçib. 9 aya 9 ev. Sakinlər bu göstəricinin biabırçılıq olduğunu deyir.
“Heç bir şikayətimizə baxılmır. Hara müraciət edilirsə, geri qaytarılır. Deyirlər ki, komisisya baxacaq. Ancaq komissiya heç bir iş görmür. Gəlib yalandan evə baxıb gedirlər. Özbaşınalıqdan kim nə istəyir edir”, – deyə sakinlər qeyd edirlər.
Zaqatalada olan zaman maraqlı bir məlumatla da tanış olduq. Sən demə, Kəmaləddin Heydərov rayonun kəndlərinə səfər edən zaman bir yaşlı qadın özünü nazirin kortejinin önünə atıb. Ədalətsiz bölgüdən əziyyət çəkən bu qadın nazirin adamlarından onun üstündən keməsini xahiş edib. Məlumatlara görə, qadını ayağa qaldıran nazirin yanındakı şəxslər probleminin tezliklə həll olunacağını vəd ediblər…
Kiçik sözardı…
Zaqataladan ayrılıb, Bakıya qayıdırıq. Sakinlər çox ümidsizdilər. Rəsmilərin onlara verdiyi vədlərə inanmırlar. Çünki 9 aydır bu vədlərlə günlərini puç ediblər. Problemlərinin yalnız paytaxtdan verilən qərarla həll olunacağına inanırlar. Elə bizdən də bunu xahiş etdilər – “Problemimizi Bakıdakı adamlara çatdırın”. Biz isə “yazacağıq” deyib sağollaşırıq…
Ramin DEKO
Bakı-Zaqatala-Bakı