Cavid Qurbanov da istefaya göndərilə bilər

Ziya Məmmədov əlindəki materiallarla «Azəryolservis» şefini «vurmağa» çalışır

“Azəryolservis”in şefi, deputat Cavid Qurbanov da istefaya göndərilə bilər. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hazırda onun durumu olduqca pisdir. Çünki Cavid Qurbanovun “vurulmasın”da nəqliyyat naziri Ziya Məmmədov da maraqlıdır. Məlumat üçün deyək ki, “Azəryolservis” şefi son dövrlərə kimi nəqliyyat nazirinin sağ əli olub.
Lakin artıq onların münasibətlərinin gərginləşdiyi bildirilir. Bunun kökündə isə Cavid Qurbanovun özünü Ziya Məmmədovun tabeliyində olan digər şəxslərə nisbətən müstəqil aparması dayanır. Başqa bir səbəb isə “Azəryolservis” şefinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxınlaşmasıdır. Bu, Cavid Qurbanovun ən yaxın dostu, Dərnəgüldəki ən böyük asfalt azvodunun direktoru Xaqani Kazımov “fövqəlnazir”ə çox yaxın bir şəxslə quda olduqdan sonra baş verib. Elə bu səbəbdəndir ki, Ziya Məmmədov Xaqani Kazımovun oğlunun toyundan bir qədər sonra onun direktoru olduğu zavodu başqa əraziyə köçürməyə başlayıb. Nəqliyyat naziri bununla əslində kifayət bir qədər böyük bir ərazini Xaqani Kazımovun əlindən alır.
Məlumatda bildirilir ki, “Azəryolservis” şefinin narahatlığı aktivində xeyli “çp”lərin olmasından irəli gəlir.
Məsələ burasındadır ki, ən çox şikayətlər yollarla bağlıdır ki, bu sahə də Cavid Qurbanovun nəzarətindədir. Ölkədə 80 rayon olduğu halda onun tabeliyində 120-dən çox yol idarəsi fəaliyyət göstərir ki, onlar əslində sadəcə korrupsiya mənbəyidir. Bundan başqa Cavid Qurbanov özünə məxsus ağır texnikanı dövlətə icarəyə verməklə məşğuldur. “Azəryolservis” şefi bu işi əvvəl “Texnika A” şirkətilə görürdüsə, indi “Kəpəz” şirkətilə görür.
Cavid Qurbanovun Istanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardır.
Ən əsası isə Gürcüstanın baş naziri Bidzin Ivanaşvilinin Qars – Axalkələki – Tiflis – Bakı dəmiryolunun çəkilişilə bağlı narazılığıdır. Ivanaşvili dəmiryolunun inşasında şübhəli məqamların olduğunu demişdi. Hətta xüsusi olaraq bununla bağlı Bakıya səfər etmişdi. Bu layihənin icrası isə Cavid Qurbanova həvalə edilib. Məlumatda deyilir ki, Ziya Məmmədov da bu və digər faktlardan istifadə edərək Cavid Qurbanovu yola salmaq istəyir.

Namiq