Avropa Birliyi Azərbaycanda insan haqlarının durumu ilə bağlı narahatlıq ifadə edən bəyanat verib. Birlik Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun həbsi ilə bağlı Avropa Birliyinin rəsmiləri Ketrin Eştonun və Ştefan Fülenin bəyanatlarına qoşularaq narahatlığını bildirir.
Birlik həmçinin, həmin şəxsləri dərhal azadlığa buraxmağa çağırır, onlarla bağlı istintaqın ədalətli, şəffaf və tərəfsiz aparılmasına təminat istəyib.
AB Azərbaycan hakimiyyətini yanvarın 26-da Bakıda və bir qədər əvvəl İsmayıllıda keçirilən etiraz aksiyalarını dəqiq araşdırmağa da çağırıb.
Qurum Xaçmazda Seçki Monitorionqi və Demokratiyanın Tədrisi Mərkəzinin Avropa Birliyi tərəfindən maliyyələşən treninqində siyasi fəallar Cavid Nəbiyev və Günay İsmayılovanın həbsindən də narahat olduğunu bəyan edib.
AB eyni zamanda, yazıçı Əkrəm Əylisli və ailəsinə qarşı təhdidlərdən dərin narahatlıq keçirdiyini bildirib. Azərbaycan hakimiyyətindən ifadə azadlığı və digər təməl insan haqları prinsiplərini əsas tutaraq Əkrəm Əylislinin və ailəsinin təhlükəsizliyinin təmin edilməsini istəyib.
Bəyanatda deyilir ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycanın demokratiya, fundamental azadlıqlar və insan haqları sahəsindəki vəziyyəti, ədalətli məhkəmə sistemini təkmilləşdirmək imkanı var.
Avropa Birliyi İsmayıllı dustaqlarına azadlıq tələb etdi
•
•


