Zəfər Quliyev: «Kreml Bakıya göstərmək istəyir ki, Azərbaycanda sabitlik pozula bilər»
Rusiya xarici işlər nazirinin müavini, XIN-in MDB ölkələri ilə ikitərəfli münasibətlərini kurasiya edən Qriqori Karasin Rusiya mətbuatına müsahibəsində Orta Asiya və Cənubi Qafqaz liderlərinin “ərəb baharı”ndan nəticə çıxarmalı olduqlarını deyib. “Rossiyskaya qazeta”ya müsahibəsində diplomat xalq etirazları nəticəsində hakimiyyətlərin dəyişməsinin vacib məsələ olduğunu və bunun Rusiya ilə yanaşı onun qonşularını, o cümlədən Mərkəzi Asiya və Qafqaz ölkələrini narahat etdiyini bildirib. Hamının “ərəb baharı”ndan narahat olduğunu deyən Karasinin sözlərinə görə, heç də bütün siyasi liderlər öz ölkələrinin cəmiyyətlərinin dəyişdiyini başa düşə bilmir.
Mahiyyətcə digər avtoritar rejimlərdən fərqlənməyən Rusiya hakimiyyət təmsilçisinin xəbərdarlıq tipli açıqlaması əslində nəyə hesablanıb?
Rusiyanın Orta Asiya və Cənubi Qafqaz respublikalarından müsbət mənada fərqlənmədiyini deyən siyasi ekspert Zəfər Quliyev şimal qonşuuzun çəkisinin fərqli olduğunu qeyd edir. Rusiya fərqli olmasa da, güclüdür və təsir göstərə bilir. Moskva psixoloji cəhətdən SSRI dövründəki rolundan aralana bilmir və yenə də postsovet məkanında ağalıq etmək istəyir. Putinin yenidən prezidentliyə qayıtması ilə bu meyl, neoimperiya iddiaları bir qədər də güclənib. Rusiyanın zəif nöqtələrə vurduğunu deyən ekspertin sözlərinə görə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində bu zəif nöqtələr məhz ordakı sərt avtoritar rejimlər, cəmiyyətdəki güclü narazılıqlardır. Bu ölkələrin hər birində hansısa məqamda inqilabi proseslər başlaya bilər. Bu baxımdan Rusiyanın xəbərdarlığı eyni zamanda işarədir: “Rusiya işarə edir ki, həmin o inqilabi proseslərin reallaşmasında kömək edə bilərəm. Bu prosesi özüm yarada bilərəm. Bu əslində real hədədir ki, inqilabi proseslər yaransa, bu hakimiyyətlərin aqibəti çox təhlükəli olacaq. Ona görə də başqa ərəb ölkələri ilə müqayisə edir”.
Putinin hakimiyyətə qayıdışından sonra Azərbaycan-Rusiya münasibətlərində gərgin dövrün başladığını deyən ekspertin sözlərinə görə, Rusiya Azərbaycanın Qərbdən uzaqlaşmasını, Israil, Türkiyə, ABŞ, AB ilə əməkdaşlığı azaltmasını istəyir. Lakin Azərbaycanın buna getməsi çox təhlükəlidir. Kreml isə seçkilər dönəmdə rəsmi Bakıya göstərmək istəyir ki, Azərbaycanda sabitlik pozula bilər, həm də inqilabi proseslər başlıya bilər.
Ekspertin sözlərinə görə, buna o qədər də qeyri-ciddi yanaşmaq düzgün olmaz. Çünki sözlərin arxasında real güc, imkanlar dayanır: “Rəsmi Bakı bu cür açıqlamalara ciddi yanaşmalıdır. Ancaq o demək deyil ki, buna reaksiya olaraq mütləq Moskvanın qabağında diz çökmək lazımdır. Hakimiyyət üçün təhlükələri azaltmaq üçün ən yaxşı yol cəmiyyətlə təmas qurmaq, narazılıq enerjisini azaltmaqdır. Hakimiyyətlə millət, cəmiyyət arasında münaqişə olmasa, heç bir ölkə burda inqilabi şərait yarada bilməz. Təhlükəli proseslərdən qaçmağın yeganə yolu cəmiyyətlə dialoq yaratmaq, islahatlara başlamaqdır. Bu zaman nə Iran, nə Rusiya Azərbaycan daxilində riskli oyunlar aparmaq imkanlarına malik olmayacaq”.
Fizzə


