kockunler-yolu-bagladi

Köçkünlər Bakıda yolu bağladı (VİDEO)

kockunler-yolu-bagladi “Qaçqınkom” onların ev və pul istəyinə “yox” dedi

Fevralın 15-də bir qrup məcburi köçkün Tbilisi prospektində, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında aksiya keçirib, yolu bağlayıblar.
Polis aksiyaya müdaxilə edib,vətəndaşlarla polis arasında insident yaranıb. Etirazçılar öz hüquqlarından istifadə etdiklərini, problemlərini hökumətə çatdırmaq istədiklərini bildiriblər.
Onlardan bir qismi ötən il Dərnəgüldə yanmış yataqxanadan köçürüləndir. Onlar işıqlarının yanmamasından, rütubətli şəraitdən, məskunlaşdıqları zirzəminin yararsız olmasından şikayətlənirlər.
Digər qrup isə yeni metro stansiyanın tikilməsinə görə evləri sökülənlər olub. Onlar ev yox, pul istəyirlər. Çünki, dediklərinə görə, onlara verilən evlərin heç bir şəraiti yoxdur.

Bir qrup şikayətçi isə Bakıda yataqxanalarda məskunlaşan məcburi köçkünlərdir. Onlar nə vaxt yeni mənzillərə köçəcəklərini bilmək istəyirlər.
Ümumiyyətlə, şikayətçilər onları heç kimin dinləmədiyini, yalnız yolu bağladıqdan  sonra qəbul edildiklərini deyiblər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov isə bildirib ki, şikayətçiləri indiki məqamda evlə təmin edə bilməyəcəklər. İlk növbədə Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan sakinlər köçürüləcək. Metro tikintisinə görə sökülən evlərə gəlincə, Sənan Hüseynov o evlərin heç bir sənədi olmadığını, qeyri-qanuni tikili olduğunu deyib.

Yanmış yataqxanadan köçürülənlərlə bağlı isə Sənan Hüseynov  “Həmin adamlar zirzəmidə yaşamırlar, həmin köçkünlər birinci mərtəbədə yerləşdirilib. Sadəcə, daha yuxarı mərtəbədə ev istəyirlər” deyib.
Məsələ ilə bağlı Komitənin Aparat rəhbəri Telman Məmmədov “ans press”ə bildirib ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar. “Məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Qaçqınların problemləri dinlənilib”.

İlham Hüseyn