Region konfransının Xaçmaz nümunəsi

Seçki ilinin sürprizləri davam edir. Hələ ortada heç nə yoxdur. Seçki ehtiraslarının qızışmasına da hələ çox var. Ümumiyyətlə, Azərbaycanda son illər artıq bu ehtirasın da alovlanmasına imkan verilmir. Seçki kampaniyası müddətinin bir neçə il qabaq azaldılması da buna xidmət edirdi; prosesi tez-tələsik başa vurmaq. Onsuz da hər şey Prezident Administrasiyasında həll edilir. Əlavə xərcə, rayonlara düşməyə, seçici yanına gedib vaxt itirməyə nə ehtiyac. Avtobusa, yaxud metroya 20 qəpik verib “Baksovet”də düşüb Ağ binaya üz tutmaq məsələnin ən asan yoludur. Bir diplomat, bir otvyorka… bu qədər bəsit. 
Indi nə baş verir? Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Xaçmazda təlim keçirmək istəyib. Təşkilatın adından da görünür ki, missiya əhalini maarifləndirmək, seçkiylə bağlı bilik və bacarıqları artırmaqdır. Xoş məramdır. Ölkə rəhbərliyi də daim inkişafdan, xüsusilə regionların inkişafından danışır. Elə SMDT-nin Xaçmazdakı təlimindən bir gün qabaq dövlət başçısı Ilham Əliyev “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının 4-cü ilinin yekunları ilə bağlı keçirdiyi konfransda proqramın “uğurlu” icrası ilə yanaşı, yerlərdə məmur özbaşınalıqlarından danışmışdı, onlara barmaq silkələmişdi…
Xaçmazdakı özbaşınalıq bu konfransın səhəri günü baş verdi. Bu, həmin barmaq siləkələnməsinin sadəcə görüntü olduğunun, həm də yenə bu lənətə gəlmiş seçkiyə hesablandığının əlamətiydi. Seçkiyə qədər belə çıxışlar artacaq, kimlərsə (məhz kimlərsə, çünki dövlət başçısı ad çəkmədi, ya çəkmək istəmədi, ya bundan çəkindi, hər halda bu məsələ qaranlıq qaldı – R.H.) tənqid ediləcək, lap sərt qınaq obyekti olacaq. Ancaq tamaşaçı, oxucu bunu bilməyəcək, bunu həmin şəxs, Allahı və bir də “hər şeydən xəbərdar olan” dövlət başçısı biləcək. Xalqı tapmaca tapmağa zorlamaq köhnə adətdir…
Xaçmaz polisi iki təlimçini (biri xanım) qısa zamanda, operativ şəkildə “zərərsizləşdirdiyinə” görə yəqin mükafat alacaq. Bir gün qabaq keçirilən konfransda özbaşınalıqlarla bağlı səslənənlərə operativ reaksiya verdiyinə, həm də başqalarına nümunə olacaq davranışına görə…
Büdcədən ayrılan pul mandat almağa yetəcəkmi?
Azərbaycanda son illər keçirilən prezident və parlament seçkisi qanunsuzluqlarla yadda qalıb. Beynəlxalq təşkilatlar da bu seçkilərin standartlara cavab vermədiyini deyib. Demək nə lazım, hər şey gözümüzün qarşısında baş verməyibmi? Yeri gəlmişkən, SMDT də seçki müşahidəçiliyində təcrübəli qurumdur və bu təşkilatın hesabatlarına baxmaq da gerçək durumu görmək üçün yetərlidir. Üstəlik, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda mühacir həyatı yaşayan Elşad Abdullayevin mandat bazarlığını əks etdirən videoları əlimizin altındadır. Bu videolar sonuncu parlament seçkisinin açıq bazar şəraitində keçdiyinin, mandatların seçki yoluyla deyil, pulla (milyonlara) alındığının göstəricisidir. Maraqlıdır ki, bu videolar partiyaların büdcədən maliyyələşməsinin qarşısını ala bilmədi. Bu yaxınlarda qərar verildi və parlamentdə təmsilçiləri olan partiyalara dövlətdən pul ayrıldı. YAP hamıdan artıq pay aldı. Guya sayları çoxdur. Həmin çox saya mandat alverçisi, YAP üzvü Gülər Əhmədova da daxildir.
Iki deputat – Fazil Mustafa və Iqbal Ağazadə ayrılan puldan narazılıq edib. Məndə narazıyam. Ayrılan pul heç bir mandatın dəyərini ödəmir…
…Görünür, SMDT-nin seminarının qadağan olunmasının bir səbəbi də hakimiyyətin humanizmindən irəli gəlir; seçki nəticələri kabinetdə həll olunursa, vətən oğul və qızlarının belə tədbirlərə cəlb edilməsinə nə ehtiyac. Daha “faydalı” işlər görmək olar. Həm də təmtəraqsız, dövlət başçısı sadə olduğundan təmtərağı xoşlamır. Nəzərə almalıyıq…
gozetci.az