Xəzərin vurğunu olan görkəmli alim

Hidrobioloq Əbdül Qasımov

Bu alimin adı Azərbaycanın elm tarixində Xəzər dənizinin və Qafqazın şirin su hövzələrində formalaşan faunanın növ tərkibini, biologiyasını, ekologiyasını, zoocoğrafi yayılmasını və Qafqazın şirin su heyvanlarının mənşəyini hərtərəfli tədqiq edən şəxs kimi qalmışdır. Görkəmli alimin fundamental tədqiqatları, əsasən, balıqçılıqda su hövzələrindən istifadə edilməsinə, suların və balıq ehtiyatının mühafizəsinə, göllərdə və su anbarlarında balıq ehtiyatının bərpasına, onun artırılmasına və səmərəli istifadəsinə yönəlmişdir.
Hidrobioloq – zooloq Əbdül Qasımov öz tədqiqatları ilə SSRI məkanında və digər ölkələrdə geniş tanınan alim olmuşdur. O, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor kimi bir çox uğurlara imza atmışdır. Alimin səmərəli həyatı bütünlükdə Zoologiya Institutu ilə bağlı olmuşdur. O, elm sahəsində addım-addım elmi işçi vəzifəsindən AMEA-nın müxbir üzvü və Zoologiya institutu Xəzər bioloji stansiyasının, indiki Su heyvanlarının biologiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmişdir. Tədqiqatçı alim 45 ilə yaxın Hidrobiologiya laboratoriyasına rəhbərlik etmişdir.
Əbdül Qasımov 1929-cu il martın 5-də Lənkəran rayonu Kənarmeşə kəndində anadan olmuşdur. O, 1946-cı ildə həmin rayonun Xolmili kənd orta məktəbini bitirmiş və 1946-1950-ci illərdə Azərbaycan Pedaqoji Institutunda təhsil almışdır.
O, öz diplom işini Azərbaycanın Lənkəran rayonu su hövzələrinin iynəcə sürfələrinin tədqiqinə həsr etmişdir. 1950-ci ildə Azərbaycan Pedaqoji Institutunu bitirən Ə.H.Qasımov həmin il Azərbaycan SSR EA Zoologiya Institutunda aspiranturaya daxil olur. Sonra Leninqrada (indiki Sankt-Peterburq), SSRI EA Zoologiya Institutuna göndərilir. Burada o, görkəmli Sovet hidrobioloqu, professor V.I.Jadinin rəhbərliyi altında Krasnodar vilayətində “Şəmayi – qarasol” balıqyetişdirmə təsərrüfatı göllərinin hidrobioloji rejiminin tədqiqinə başlayır. 1954-cü ilin oktyabr ayında Ə.H.Qasımov “Keçici balıqların ehtiyatının bərpası problemləri ilə əlaqədar ”Şəmayi – qarasol balıq yetişdirilən göllərin hidrobioloji rejiminin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.
Böyük elmi tədqiqatlar
Gənc tədqiqatçı Azərbaycan SSR EA Zoologiya Institutunun hidrobiologiya laboratoriyasında kiçik elmi işçi (1954) vəzifəsində ikən müstəqil elmi fəaliyyətə başlayır. O, Mingəçevir su anbarının dib orqanizmlərini öyrənməklə məşğul olur. Dəyərli elmi araşdırmaları ilə böyük nüfuz qazanan alim 1956-cı ildən institutda baş elmi işçi vəzifəsinə seçilir. Bu vaxtdan da o, Azərbaycanın yüksək dağlıq zonasındakı gölləri, Kür çayının aşağı axarını və bir sıra başqa su hövzələrinin faunalarını tədqiq etməyə başlayır.
AMEA Zoologiya Institutunun rəsmi saytında alimin elmi uğurları haqqında geniş məlumat verilir. 1959-cu ildən başlayaraq, Ə.H.Qasımov Xəzər dənizinin faunasını və onun bioloji məhsuldarlığını fasiləsiz öyrənməklə məşğul olur. Alimin apardığı tədqiqatların nəticələri “Xəzərin müasir biologiyası” (1983), “Xəzər dənizinin heyvanat aləmi” (1987) və “Xəzər dənizi” (1987) kimi monoqrafiyalarında öz əksini tapmışdır. Ə.H.Qasımov. eyni zamanda 60-cı illərdə Şimali Qafqazda SSRI EA Gölşünaslıq Institutunun əməkdaşları ilə birlikdə Kuma çayı hövzəsində yerləşən bir sıra su tutarlarını və həmçinin “Otkaznı” su anbarının hidrobioloji rejimini də öyrənmişdir. Bu tədqiqatların nəticələri də “Otkaznı su anbarı” (1973) və “Kuma çayı hövzəsinin kaskad süni gölləri” (1975) monoqrafiyalarında təqdim olunmuşdur.
Bundan başqa, Ə.H.Qasımov hələ keçən əsrin 60-cı illərində Mingəçevir və Varvara su anbarlarına mizid və yanüzən xərçənglərini köçürmüşdür. Hazırda həmin orqanizmlər su anbarlarında artıb çoxalaraq, vətəgə əhəmiyyətli balıqların qidasında mühüm rol oynayır.
Görkəmli hidrobioloq 1963-cü ildə M.V.Lomonosov adına MDU-nun elmi şurasında “Aşağı Kürün və Mingəçevir su anbarının hidrofaunası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu uğurlu işə görə 1969-cu ildə SSRI Ali Attestasiya Komissiyası ona professor elmi adını verir. XX əsrin 70-ci illərinə qədər apardığı tədqiqatların nəticələri “Aşağı Kürün və Mingəçevir su anbarının hidrofaunası” (1965) və “Qafqazın şirin su faunası” (1972) monoqrafiyalarının meydana çıxmasına səbəb olur. Bu dəyərli monoqrafiya indi də Qafqazın şirin su heyvanları aləminə həsr olunmuş yeganə elmi ədəbiyyat, balıqçılıq təsərrüfatı işçiləri üçün qiymətli vəsait və fauna tədqiqatçılarının stolüstü kitabı kimi istifadə edilir.
Ə.H.Qasımovun bir sıra elmi işləri xarici ölkələrin nüfuzlu nəşrlərində dərc olunmuşdur. O, SSRI məkanında Ümumittifaq hidrobioloqlar Cəmiyyətinin Rəyasət heyətinin üzvü, Azərbaycan hidrobioloqlar cəmiyyətinin sədri, “Insan və biosfer” proqramı üzrə Respublika komitəsi sədrinin müavini, Azərbaycan EA “Xəbərlər”, “Azərbaycan təbiəti” jurnallarının və ASE-nin redaksiya heyətinin üzvü idi. Alim Polşa, ABŞ, Yaponiya, Yunanıstan və başqa ölkələrdə keçirilən beynəlxalq konqreslərdə və digər elmi məclislərdə məruzələrlə çıxış etmişdir.
Dəyərli elmi əsərləri
Ə.H.Qasımov 1982-ci ildə elmi – tədqiqat “Elm” gəmisində Sakit və Hind okeanlarının, eləcə də Aralıq dənizinin heyvanlar aləminin öyrənilməsi üzrə təşkil etdiyi ekspedisiyaya rəhbərlik etmişdir. O, Xabarovskda inşa edilmiş “Elm” gəmisini Xəzər dənizinə gətirmişdir.
Məşhur hidrobioloqun Azərbaycan sularının xərçənglər və rotatorilər faunasına həsr olunmuş elmi fəaliyyətinin sonrakı onilliyi iki monoqrafiyada öz əksini tapmışdır – “Xərçəngkimilər” (1976) və “Rotatorilər” (1984). “Bu iki kitabda Azərbaycanın şirin sularında və Xəzərin Azərbaycan sahilləri sularında xərçəngkimilər və rotatorilərin növ tərkibi, morfologiyası, bioloji xüsusiyyətləri və yayılması hərtərəfli işıqlandırılır. 1982-ci ildə elmi tədqiqat ”Elm” gəmisi ilə təşkil etdiyi ekspedisiyada Ə.H.Qasımov, Sakit və Hind okeanlarının və eləcə də Aralıq dənizinin bioloji rejimini tədqiq edir. O, topladığı materiallar əsasında “Sakit və Hind okeanlarının həyatı” adlı kitabını yazır və 1987-ci ildə onu nəşr etdirir. 90-cı illərdə Ə.H.Qasımov Kür çayı üzərində tikilmiş yeni su anbarlarının və Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar olaraq onların bioloji rejimlərini tədqiq etməyə başlamışlar. Bu tədqiqat işlərində əsas məqsəd Azərbaycanın su tutarlarının və Xəzər dənizinin balıq ehtiyatının və balıqların qida mənbəyinin artırılması işlərində daha səmərəli metodların işlənib hazırlanmasına yönəldilmişdir” (“http://www.zoologiya.az/nstitut-haqqnda/alimler.html”).
Alim 1988-2005-ci illər üçün Azərbaycanın şirin su tutarlarında balıqçılıq təsərrüfatlarının inkişafı sxemini, o cümlədən 2005-ci ilə qədərki dövrdə süni göl – balıqçılıq təsərrüfatlarının Respublikada yerləşməsi və inkişafı xəritəsini tərtib etmişdir. Ə.H.Qasımov milli elmi kadrların hazırlanmasına da xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi və məsləhəti ilə hidrobiologiyanın müxtəlif sahələri üzrə 5 doktorluq və 22 namizədlik dissertasiyaları hazırlanmış və uğurla müdafiə olunmuşdur. Ə.H.Qasımov 362 elmi işin, 21-i monoqrafiyanın, 16 elmi – populyar kitabın müəllifidir. Alimin həmçinin “Xəzər gölünün ekologiyası” (1994), “Neft və Xəzər dənizinin bioloci ehtiyatları” (2001) və başqa kitabları da qiymətli elmi mənbədir. Görkəmli hidrobioloqun son əsəri 2004-cü ildə üç dildə – Azərbaycan, ingilis və Rus dillərində nəşr olunmuş “Xəzər dənizi planktonunun ekologiyası” kitabıdır.
Görkəmli tədqiqatçı alim Ə.H.Qasımov 2005-ci ilə vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir