Gülər Əhmədovanın həbsilə bağlı ziddiyyətli məqamlar

guler ahmedova3Sevinc Babayevaya görə günah sabiq deputatın üzərinə qoyuldu; onun MTN-də saxlandığı deyilir; o isə…

Gündəmin əsas mövzularından biri heç şübhəsiz ki, sabiq deputat Gülər Əhmədovanın həbsidir. Dələduzluq və ağır cinayəti gizlətməkdə ittiham olunan sabiq deputatın vəkili Eldar Qədimi bildirib ki, fevralın 13-də Səbayel Rayon Məhkəməsi həbs-qətimkan tədbiri seçilməsi haqda qərarı çıxarandan sonra Gülər Əhmədova Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına aparılıb. “Modern.az”a dünən günorta saatlarında açıqlama verən vəkil onu da qeyd edib ki, özü məhkəmədən sonra müvəkkili ilə görüşməyib: “Gülər Əhmədova dünən gecə saatlarında həbs olunub, onunla hələlik görüşə bilməmişəm”.

Gülər Əhmədova MTN-ə aparılıb?

Lakin “avropa.info” Gülər Əhmədovanın Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılması haqda məlumat yayıb. Xəbərdə bildirilir ki, keçmiş deputat məhkəmədən birbaşa ora aparılıb. Dünən səhərdən etibarən isə müstəntiqlər orada ondan ifadə alıblar.

Keçmiş deputatın əmlakı

Sabiq deputatın barəsində həbs qərarı çıxarılmasından az sonra “AzNews.az” məlumat yaydı ki, iş üzrə istintaqı aparan Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın əmlakının müəyyənləşdirilməsi və nəzarətdə saxlanması, eləcə də mülklərdə müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb.
Qeyd edək ki, istintaq dövründə təqsirli bilinən şəxsin əmlakının satılması və ya kiməsə verilməsinin qarşısını almaq üçün onların üzərinə həbs qoyulur, bu əmlakın hansı yolla əldə edilməsi müəyyənləşdirilir. Amma həmin əmlakın müsadirə olunub-olunmaması haqda qərarı isə sonda məhkəmə verir. Məlumata görə, Gülər Əhmədovanın xeyli əmlakı var. Hətta keçmiş deputatın müsadirə edilmək üçün məhkəməyə təqdim olunacaq əmlakının siyahısı da yayılıb. Bunlar Bakının müxtəlif yerlərində, əsasən də mərkəz hissələrdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyektdir.
Lakin vəkil Eldar Qədimi “Turan”a açıqlamasında Gülər Əhmədovanın əmlakının müsadirə olunması haqda deyilənlərin doğru olmadığını vurğulayıb: “Gülər Əhmədovanın hələ məhkəməsi olmayıb ki, onun əmlakı da müsadirə olunsun”.
Vəkil onu da əlavə edib ki, Gülər Əhmədova məhkəmədə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü günahkar saymadığını bildirib: “Istintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq getdiyindən bir söz deyə bilmərik. Istintaq hərəkətləri tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər Əhmədovanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi düzgün deyil”.

Gülər Əhmədovanın həyat yoldaşını həbs etmək planı

Bu arada, Gülər Əhmədovanın özü ilə yanaşı, həyat yoldaşı Fikrət Əhmədovun da həbsinə hazırlıq getdiyi haqda məlumatr yayılıb. Məlumata görə, Fikrət Əhmədovu da həyat yoldaşı kimi CM-nin 307-ci (ağır cinayəti gizlətmək) maddəsilə ittiham eləmək planlaşdırılır. Söhbətin hansı ağır cinayətdən getdiyinə gəlincə, bu, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə mandat alverində vasitəçi olmuş, ötən ilin sonunda Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişmiş Sevinc Babayeva ilə bağlı məsələdir. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Sevinc Babayeva hələ 2007-ci ildə vətəndaş Namiq Əliyev və digərlərinə qarşı dələduzluq etdiyinə görə barəsində cinayət işi başlanıb. 2009-cu ildə isə Sevinc Babayevanın barəsində həbsli axtarış qərarı çıxarılıb. Lakin o, ötən il sentyabrın 25-də – Elşad Abdullayev məlum videonu yayandan bir neçə saat sonra Istanbula gedib, özü də Binə hava limanından. Baş Prokurorluğun məlumatında Sevinc Babayevanın Azərbaycanı Gülər Əhmədovanın köməyilə tərk etdiyi və Türkiyədə də ötən il dekabrın 26-da dünyasını dəyişənə qədər sabiq deputatın tanışı vasitəsilə yaşadığı qeyd olunub. Məlumata görə, sabiq deputatın həyat yoldaşını da Sevinc Babayevanın ölkədən çıxarılması və Türkiyədə yaşamasına yardımçı olmaqla ağır cinayəti gizlətməkdə ittiham etmək istəyirlər.
Yeri gəlmişkən, hələ bir müddət əvvəl mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da mətbuata açıqlamasında demişdi ki, anası Türkiyədə olduğu müddətdə Gülər Əhmədovanın həyat yoldaşı onun üçün Istanbula pul aparıb.
Beləliklə, aşkar görünür ki, prokurorluq, barəsində başqa bir cinayət işilə əlaqədar həbsli axtarış qərarı olan Sevinc Babayevanın ölkəni tərk edib məsuliyyətdən yayınmasına görə bütün günahı Gülər Əhmədovanın üzərinə qoyur. Bu məqamın özü xeyli suallar yaradır. Məsələ burasındadır ki, Sevinc Babayeva ölkəni tərk edənə qədər Bakıda Sabir adına böyük bir kitabxananın müdiri vəzifəsində çalışıb. Özü də sərbəst şəkildə işə gedib-gəlib. Ümumiyyətlə, Sevinc Babayevanın fəaliyyətində heç bir məhdudiyyət olmayıb. Belə olan halda, sual yaranır ki, ötən üç il ərzində hüquq-mühafizə orqanları niyə tədbir görməyiblər?
Digər tərəfdən, axtarışda olan şəxs hava limanından necə keçib? Əldə etdiyimiz məlumata görə, Sevinc Babayeva sonradan Türkiyədə Solmaz Məryəm adı ilə yaşasa da, Azərbaycanı öz adı və pasportu ilə tərk edib.
Söhbət Sevinc Babayeva ilə bağlı ağır cinayətin gizlədilməsindən gedirsə, deməli, bu işə görə məsuliyyətə cəlb olunanların sırasında ən azı səhlənkarlığa görə hüquq-mühafizə orqanlarının, Bakı hava limanının əməkdaşları da olmalıydı. Lakin Gülər Əhmədovadan savayı heç kim məsuliyyətə cəlb olunmayıb.
Keçmiş deputat oğlunun ad günü həbs olunub
Keçmiş deputat Gülər Əhmədovanın həbsi ilə bağlı daha bir detal üzə çıxıb. “Musavat.com”un yaydığı xəbərə görə, üç oğul anası olan Gülər xanım ən kiçik övladı – 9 yaşlı Tamerlanın ad günündə həbs olunub.
Gülər Əhmədovanın qardaşı, ANS-in “Günəbaxan” verilişinin aparıcısı Ilqar Mikayıloğlu “publika.az”a açıqlamasında sonuncu dəfə bacısı ilə həbsindən bir gün əvvəl danışıb, hal-əhval tutduğunu bildirib. Deyib ki, bacısı həbs olunan gün onunla görüşməyə imkan verilməyib.
Qeyd edək ki, Səbayel rayon məhkəməsində Gülər Əhmədovanın barəsində həbs qərarı çıxarılarkən Ilqar Mikayıloğlu da məhkəmənin binası qarşısında idi.

“Lotu Dadaş”ın vəkili də sabiq deputatın müdafiəsinə qoşulur

Gülər Əhmədova Moskvadan da özünə vəkil tutub. Bu barədə Moskvadakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, artıq Əhmədovanın yaxın qohumları Moskvada “Padva və partnyorları” vəkil kontorunda olublar. Rusiyanın ən qalmaqallı vəkillərindən olan Henrix Padvayla aparılan danışıqlardan sonra o, sabiq deputatla bağlı bütün materialları və videoları tələb edib. Vəkil bildirib ki, əvvəlcə kontorunun başqa bir əməkdaşı Yevgeniya Valyerevna
Yelkina-Bozkurtu Bakıya göndərəcək. Artıq xanım vəkil üçün Bakıdakı otellərdən birində yer də sifariş olunub.
Xanım vəkilin soyadındakı ikinci isim sizi təəccübləndirməsin. O, Türkiyə vətəndaşı ilə ailə qurub, həm Moskvada, həm də Türkiyədə çalışır.
Əslində, Padva bundan əvvəl də Azərbaycanla bağlı bir sıra qalmaqallı işlərə baş qoşub. Məsələn, bir qədər əvvəl onun kontorundan Moskvada həbs olunmuş azərbaycanlı “qanuni oğru” “Lotu Dadaş” üçün vəkil tutulub. Həmin vəkilin adı Vahiddir. Azərbaycanlı olsa da, yəhudi qarışığı var. O, neçə vaxtdır ki, Henrix Padvanın kontorunda çalışır. Padvanın kontorunda çalışan vəkillər isə Rusiyanın ən nüfuzlu müdafiəçilərindən sayılırlar. Heroinlə tutulan Dadaşın müdafiəsi üçün Moskvada kifayət qədər pul  toplayıb və müdafiənin uğuruna təminat alıblar.
Xatırladaq ki, Henrix Padva vaxtilə şəxsən özü Frenk Elkaponenin – Füzuli Məmmədovun vəkili olub.
Onu da əlavə edək ki, qanunvericiliyə görə, Azərbaycanda cinayət işləri üzrə istintaq və məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər vəkil kimi iştirak edə bilərlər. Bu isə deməyə əsas verir ki, əgər xəbər doğrudursa belə, Rusiyanın nüfuzlu vəkilləri yalnız kənardan müəyyən məsləhət və tədbirlərlə keçmiş deputatın müdafiəsində iştirak edə bilərlər.

İnformasiya şöbəsi