guler ahmedova

Gülər Əhmədova həbs edildi

guler ahmedovaKeçmiş deputatla bağlı “yuxarılar”ın qərarı niyə dəyişdi?

Dələduzluq ittihamına “ağır cinayəti gizlətmək” də əlavə olundu

Keçmiş deputat Gülər Əhmədova həbs olunub. Dünən axşam saatlarında Səbayel Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sabiq deputat məhkəmədən birbaşa Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına aparılıb.
Xəbəri Baş Prokurorluq da təsdiqləyib. Prokurorluğun yaydığı məlumatdan belə məlum olur ki, Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçdirmək üçün 1 milyon dollar pul almaqla yanaşı, həm də həmin işdə vasitəçi olmuş, sonradan Türkiyədə dünyasını dəyişən Sevinc Babayevanın ölkədən qaçmasına yardım etməkdə təqsirləndirilir. Prokurorluğun məlumatında bildirilir ki, Sevinc Babayeva Namiq Əliyev və digər şəxslərə qarşı dələduzluq etdiyinə görə 2009-cu ildə başlanmış başqa bir cinayət işi üzrə də axtarışda olub. Gülər Əhmədova da şəxsi münasibətlərinə görə onu ötən il sentyabrın 26-da Bakı aeroportundan Istanbula yola salıb. Onun xahişilə Türkiyədəki tanışı Selcuk Ağlayan Sevinc Babayevanı qarşılayıb və dekabrın 26-na qədər Istanbulda Məryəm Solmaz adı ilə yaşamasına yardım edib.

Gülər Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (əvvəlcədən vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə ittiham irəli sürülüb.
ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev mandat alverilə bağlı məlum videonu ötən il sentyabrın 25-də yaymışdı. Bundan sonra Bakı şəhər prokurorluğunda fakt üzrə cinayət işi başlandı. Ardınca da Gülər Əhmədova istintaqın gedişinə mane olmaq istəmədiyini əsas gətirərək, deputat mandatından imtina etdi. Bundan təxminən iki ay sonra isə Gülər Əhmədova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olundu və ona qarşı CM-nin 178.3.2-ci maddəsilə ittiham elan olundu. Lakin Gülər Əhmədova həbs olunmadı, istintaq müddətində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Gülər Əhmədovanın dünən qəfil həbsinin səbəbləri bağlı bir sıra versiyalar səslənir. “Avropa.info”nun yaydığı məlumata görə, “yuxarı” dairələrdən xanım Əhmədovaya susmaq və ümumiyyətlə, mətbuata danışmamaq tapşırığı verilibmiş. Lakin srağagün BakıÿMetropoliteninin rəisi Tağı Əhmədovun “Gülər Əhmədovanın nənəsi ermənidir”ÿittihamına elə ittihamla cavab verməsi sabiq deputatın barəsində belə bir qərar verilməsinə səbəb olub.

T.Əhmədovun “Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq” sözlərinə Gülər Əhmədova belə cavab vermişdi: “Yıxılana balta çalan çox olar. Tağı Əhmədovun məntiqilə yanaşsaq, onda Bakıda 20 yanvar qırğınlarını törətmiş ruslarla qohum olanların da uşaqlarına yüksək vəzifə vermək olmaz. Hər kəs dediyimdən nəticə çıxara bilər”.
Hakimiyyətdə ruslarla qohumluğu olan bir çox iri ranqlı məmurlar təmsil olunduğundan bu açıqlaması Gülər Əhmədovaya “baha başa gəlib”. “Yuxarı” dairələrdə sabiq deputatın bu açıqlaması “meydan oxumaq” kimi qiymətləndirilib.

Gülər Əhmədovanın həbsinin səbəblərilə bağlı digər bir versiya isə onun bütün məsuliyyəti təkbaşına üzərinə götürmək istəməməsidir. Bir müddət əvvəl “Azadlıq”da da məlumat vermişdik ki, Elşad Abdullayev məlum videonu yayandan sonra hakimiyyət problemi həll etmək üçün Sevinc Babayevanın həbsini qərarlaşdırıb. Başlanmış cinayət işinin istintaqı da əvvəlcə məhz bu istiqamətdə aparılıb. Gülər Əhmədovanın məsuliyyətdən kənarda saxlanılması isə sabiq deputatın bildiyi bir çox həqiqətləri danışa bilməsi narahatlığından irəli gəlib.

Yada salaq ki, sabiq deputata bəzi YAP-çılar tərəfindən hücumlar olanda o, belə bir açıqlama yaymışdı: “Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqir yağdıran insanlar çox peşman olacaqlar!”
Amma Türkiyədə Sevinc Babayevanın qəfil ölümü vəziyyəti dəyişib və qərara alınıb ki, bənzər plan Gülər Əhmədova ilə bağlı həyata keçirilsin. Yəni, bütün günahı Gülər Əhmədova öz üzərinə götürsün və iş keçmiş deputatdan “yuxarı” qalxmasın. Lakin Gülər xanım bununla razılaşmayıb. Belə olan halda, hüquq-mühafizə orqanlarına Gülər Əhmədovanın əleyhinə kompromatlar toplamaq tapşırığı verilib. Onun həyat yoldaşı və oğlunun adı keçən hansısa tikinti şirkəti və avtoqəza ilə bağlı materiallar toplanıb. Belə ehtimal etmək olar ki, Gülər Əhmədovanı bu yolla “susdurmaq” qərarına gəliblər.

Aytən Məmmədova