Bu hakimiyyət rüşvətlə 40 ildi “savaşır”

YAPmeylli tanışlardan birinin ölkədə başlayan antikorrupsiya nəğməsinə züy tutmaqdan ovurdları keyimişdi. Nə qədər başa salmağa çalışırdım ki, vallah, şoudu, rüşvət bu hakimiyyətin mahiyyətidi, Rəsul Quliyevin sözü olmasın, balıq susuz yaşaya bilmədiyi kimi, bunlar da rüşvətsiz nəfəs ala bilmirlər, inanmırdı. Məni “hər zada bir mız qoymaqda” günahlandırırdı.
Dünən mıs-mırığının yerlə süründüyünü gördüm. MIS-dən gəlirmiş, “2 saylı” arayışı vermək üçün yüz manat rüşvət istəyiblərmiş.

Adamın partlamağı gəlirdi:

– Yox ey, bunlar düzələn deyil. Rüşvət söhbəti qızışmamışdan əvvəl 20 manat verirdik “forma 2″yə. Indi qaldırıblar 100 manata. Deyirəm, ay qardaş, o boyda prezident rüşvətə qarşı hücuma başlayıb, sən niyə 5 dəfə qaldırmısan bu haqqı? Heç olmasa, əvvəlki məzənnəylə al da! Kimə deyirsən?!
Doğrusu, şiddətlənən, coşan, daşan antikorrupsiya mübarizəsinin bir şou olduğunu yəqin etsəm də, bu kampaniyanın rüşvəti bir neçə dəfə artıracağını düşünməmişdim.

Tarix təkrar olunarmış. 70-ci illərdə də SSRI-də ilk dəfə olaraq Azərbaycanda rüşvət faktı etiraf olunmuşdu, yüzlərlə xırda məmur bu “etirafın” güdazına getmişdi. Türmələrdə “sovet dövlətinin mənfur düşməni” olan “burjua təfəkkürlü” rüşvətxor məmurcuqlardan tərpənmək olmurdu.
Nəticə nooldu? 60-cı illərə nisbətən rüşvət qat-qat artdı, daha da inkişaf elədi, hər sahəni basdı.
Mahiyyətcə eyni proses gedir, çünki həmin komanda, həmin partokratlardır: bir tərəfdə “rüşvət almayın” deyirlər, beş-üç kimsəsizi cəzalandırırlar, türməyə göndərirlər, o biri tərəfdə “haqq” “sürətli inkişaf yoluna” qədəm qoyur.

Dürlü-dürlü bəyanatlarla korrupsiyaya lənət oxuyanlar bir futbol stadionunun tikintisinə “bircə” milyard manat vəsait ayırırsa; dünən təhvil verilən və hələ bir qaşıq suyunu görmədiyimiz “Oğuz-Qəbələ-Bakı” kəmərinin “bərpa” işlərinə 30 milyon “xərclənirsə”, hansı antikorrupsiyadan söhbət gedir?
Rüşvət necə ləğv oluna bilər ki, bu rejim birbaşa rüşvətxorluğun, korrupsiyanın üzərində qurulub. Bu, adi, adidən adi bir məntiqdir. 70-ci illərdə başlayan rüşvət qadağasının da əks-effekt verməyinin səbəbi quruluşun özündə idi: sistemi dəyişmədən, ciddi islahatlar aparmadan rüşvətə qarşı mübarizə olmur! Olsa-olsa, şou olur, gözdən pərdə asmaq olur, camaatın başını piyləmək olur!

Cəmi 5-cə il öncə “nazirliklərdə şəffaflığın təmini” məqsədilə də addımlar atıldı: baş akademik Ramiz Mehdiyev ictimaiyyətin önünə çıxıb mətbuat konfransı keçirdi, suallara cavab verdi, açıqlamalar yapdı. Iş o yerə çatdı ki, Mehdiyevdən ilham alan nazirlər, hətta (!!!) Kəmaləddin Heydərov da jurnalistləri başına cəm elədi.
Ancaq qısa müddətdən sonra “hərəyə bir konfrans keçirək” kampaniyası çərçivəsində başlayan “şəffaflıq” brifinqləri göyə çəkildi, oliqarxlar şəffaflaşıb görünməz oldular. Çünki kampaniya bitmişdi, beynəlxalq təşkilatların hesabatlarına daxil edilmişdi, əhaliyə daha 5 il dözmək üçün ümid verilmişdi.
Indi vəziyyət dəyişib, Nazim Hikmət demiş, kasıblar ümidlərini çörək əvəzi yeyib qurtarıblar. Ümidsiz əhalinin nəyə qadir olduğunu Misir və Tunis təcrübəsində müşahidə edən hakimiyyət yeni dalğa başlayıb: kasıblara acından ölməmək üçün yeni ümid vermək, özləri isə Dünya Bankının ayırdığı 1 milyardı mənimsəmək istəyirlər.

Sizcə, Dünya Bankının korrupsiyaya qarşı mübarizə üçün ayırdığı bir milyardı bu hakimiyyət nə müddətə xırıd edə bilər?
Yardım edim: 1 stadiona 1 milyard manat xərcləyənlər üçün 1 milyard dollar böyük məbləğ deyil.
Bax, o sürədən sonra şou bitəcək. Amma heç nə əvvəlki vəziyyətə qayıtmayacaq. Çünki bu hakimiyyət sübut edib ki, bir dəfə qalxan qiymət bir daha enmir!