Pis nağılın padşahı

Balıq başından iylənər, deyirlər. Bizə öyrədiblər ki, balıq alanda gərək birinci onun qəlsəməsinə, yəni qulağına baxasan. Balıq xarab olmasın deyə, birinci onun qulağını, yəni qəlsəməsini çıxarırlar. Nə isə sözüm onda deyil. Əsas olan balığın başdan iylənməsidi. Ancaq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyev ayrı cür düşünür. Yeri gəlmişkən, Azay bəy mənim çox əski dostlarımdandı. O vaxtlar biz ona sadəcə Azay deyirdik, ya da dostyana tövrlə… nə isə. 
Hə, dostum deyib ki: “(…) rəsmi qeydiyyatdan keçmiş bir partiyanın Əkrəm Əylislinin qulağının kəsilməsi ilə əlaqədar yumşaq desək, orta əsr təfəkkürünə uyğun bir qərar çıxarması və bunu edənə 10 min manat mükafat təsis etməsi Azərbaycanın sivil və hüquqi dövlət imicinə çox böyük bir zərbədir. (…) Ən təhlükəlisi isə odur ki, belə bir məsuliyyətsiz bəyanatdan bizi istəməyən hər hansı bir üçüncü qüvvə məharətlə istifadə edib bu qərarı icra edə və ölkəmizi arzuolunmaz duruma sala bilər”.
Əzizim, Azay! Yoxsa sən bu ölkədə yaşamırsan? Yosxa bilmirsən ki, o qulaqkəsən şəxs özbaşına deyil? Bilmirsən ki, hakimiyyətin o və onun kimi onlarla belə qulaqkəsəni var? Bax səni and verirəm ən müqəddəs bildiyin bir varlığa, bunun belə olduğunu bilmirsənmi? O şəxs tapşırıq almadıqca bir şey danışarmı? Danışmağa cürət edərmi? Onun hardan ilham aldığını kim bilmir ki? Yəni dövlətin sənin sağlam təfəkkürünə uyğun bir iradəsi olsaydı, o adam heç “mıkk” eləyə bilməzdi.
“Xalq yazıçısı” adı alındı deyirsən. Mən, ümumiyyətlə, anlamıram və əminəm ki, bu, sənə də çatmır, “xalq yazıçısı” adını dövlət necə verə bilər? Xalqın yazıçısı elə xalqın yazıçısıdı. Onu heç bir rəsmi fərmanla təsdiqləmək ya inkar etmək olmaz. Yəni nə dövlətin verdiyi adla xalq yazıçısı olursan, nə də o ad alınanda xalq yazıçılığından çıxırsan. Məgər yazıçılıq da vəzifədi ki, ona adamı qoyalar, ya çıxaralar? Təşkil olunmuş iki-üç iyrənc aksiyaya xalq demək olarmı? Hə, təqaüd başqa məsələ. Dövlətin puludu, istər verər, istər alar.
Dediyim bu ki, qınadığın o şəxsin hərəkətində yanlış aramağa dəyməz. O, ona deyiləni deyir. Məqsəd Əylislini çərlətməkdi. Şükür, Azərbaycan xeyli inkişaf edib, burda yazıçıların, şairlərin dərisini soymur, kitablarını ortaçağ üsulu ilə və dövlətin lap başından gələn xeyir-dua ilə yandırsalar da, özünü diri-diri tonqala atmırlar. Buna da şükür. Barı buna görə sizin hakimiyyətə təşəkkür düşür. Ancaq etiraf elə ki, canım-qardaşım, dediyin o ortaçağ təfəkkürünü rejim təkcə Əkrəm bəyə qarşı deyil, hakimiyyəti sərt tənqid edən yüzlərlə insana tətbiq edib. Və əlbəttə ki, söhbət intellektuallardan gedir.
Böyük rus yazıçısı Maksim Qorkinin “Müasir olmayan düşüncələr” məqaləsində deyilir:
“Hakimiyyət həmişə ağılsızdır, ancaq özünüqoruma instinkti ona diqtə edir və deyir ki, ən təhlükəli düşmən insan beynidir. Buna görə də hər cür mümkün vasitələrlə ölkənin intellektual inkişafını təhrif etməyə və çətinləşdirməyə çalışır”.
Deyirsən ki, Əylisli ölkə başçısının sərəncamı ilə ən nüfuzlu addan, “xalq yazıçısı” adından məhrum edilib. Milyonlarla Azərbaycan oxucusu üçün o adda bir yazıçı “mövcud” deyil, o artıq “öldü”. Belə çıxır, o, adı alınanda ölüb, öldürülüb. Indi hakimiyyətdən güc alan biri də onun qulağını kəsməsin neynəsin? Biri öldürür, biri də qulağını kəsir. Dövlət başçısı məsələyə münasibətini bu şəkildə bildirməsəydi, o şəxs kim idi ki, qulaq kəsə. Kəsən idi, əvvəldən deyəydi də.
Azaycan, ziyalıları bu cür öldürməklə, qulağını kəsməklə, çürütməklə hansı rejim başa çıxıb? Rejim cəhənnəm, cəmiyyətin nə günə düşdüyünü görmürsünzmü? Axı o şəxs sabah zaman dəyişəndə öz ağalarının da qulağını kəsə bilər. Heç olmasa o günü düşünün.