ABŞ-ın nüfuzlu «Washington Post» qəzeti ölkədə baş verən son hadisələr, yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya, həmçinin Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən yazıb. Qəzet yazır ki, özünü inkişaf etmiş və Qərbə inteqrasiya edən ölkə kimi göstərən Azərbaycanda hakimiyyətə yaxın partiya 75 yaşlı yazıçının qulağının kəsilməsinə 12 700 dollar vəd edib. Yazıçı Əkrəm Əylislinin bədbəxliyi ondadır ki, onun rusiyada dərc olunan «Daş yuxular» romanı Azərbaycanda etiraza səbəb olub. Azərbaycan prezidenti İlham Əliyev artıq Əylislini «Xalq yazıçısı» adından və təqaüddən məhrum edib. Yazıçının oğlu vəzifəsindən azad edilib və parlament Əylislinin azərbaycanlı olduğunu araşdırmaq üçün DNT testinin keçirilməsini tələb edib. Son günlərdə ölkənin hər yerində onun kitabları yandırılıb. Bazar ertəsi isə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Turan agentliyinə müsahibəsində deyib ki, Əylisli azərbaycanlıları vəhşi kimi qələmə verdiyinə görə cəzalanmalıdır. Hacıyev deyib ki, onun qulağı kəsilməlidir. Bu qərarın icrası partiyanın gənc üzvlərinə həvalə edilib.
Beynəlxalq təşkilatlar, o cümlədən Human Rach Watch və Reportyorların Azadlığı Təşkilatı bu hədələri pisləyib.
«Mən inana bilmirəm ki, o adamdı». Bunu Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Hacıyev barədə deyib. Onun sözlərinə görə, hətta sovet vaxtları belə dəhşətli təbliğat olmayıb.
DİN-dən bildiriblər ki, qulaq kəsmək cinayətdir və bu çağırış araşdırılacaq.
Qəzetin yazdığına görə, Azərbaycan neft pulları hesabına xeyli silah və texnika alır. Rusiya, Fransa və ABŞ-ın müharibənin həlli istiqamətində vasitəçilik səyləri isə nəticə vermir.
Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Vayn Meri isə Dağlıq Qarabağın müharibə şəraitində olduğunu deyir.
Qəzet Tofiq Yaqublu və İlqar Məmmədovun həsbinə də toxunub. Bu iki şəxs ötən ay İsmayıllıda nazirlərdən birinin oğluna məxsus otelin yandırılması ilə başlayan ixtişaşlarda ittiham edilir. Onlara iki aylıq həbs cəzası verilib. Məhkəmədən sonra isə üç il müddətinə həbs edilə bilərlər. Bu həbslər Avropa İttifaqı, Amnesty International və Human Rights Watch tərəfindən tənqidə məruz qalıb. XİN isə bu tənqidləri əsassız hesab edib.
Birləşmiş Ştatlar Azərbaycanı qonşu İranla pis münasibətlərə görə dəstəkləsə də, ölkədə insan haqlarının pozulmasını tənqid edir və hökuməti qanunlara riayət etməyə çağırır.
Qəzetin yazdığına görə, İlqar Məmmədov həbsindən əvvəl dostlarına yazıb ki, o aksiyalar sakitləşəndən sonra nələrin baş verdiyini bilmək üçün İsmayıllıda olub. «İndi hakimiyyət kütləvi etirazların mənim tərəfimdən təşkil olunmasını göstərmək üçün bu faktdan istifadə edir» – deyə o yazırdı. O həmçinin qeyd edib ki, REAL təşkilatı onun prezidentliyə namizədliyini irəli sürəcək.
Əylisli isə «Azadlıq Radiosu»na müsahibəsində bildirib ki, «Daş yuxular» romanında azərbaycanlıların etdiklərini yazmaq yazıçı kimi onun borcu idi. Erməni yazıçıları da ermənilərin vəhşiliklərindən, xüsusilə 1992-ci ildə Xocalıda baş verənlərdən yazsın.
Əylisli həmçinin İlham və Heydər Əliyevləri də qəddarlıq və korrupsiyaya görə tənqid edib.
Nəşrin yazdığına görə, Əylislinin qulağına qarşı kampaniya ağır qalmaqala səbəb ola bilər.


